“ Biz bu gün çoxsaylı milli mətbuat vasitələrimizin sırasına yenicə qoşulan “Mərhəmət çırağı” adlı beynəlxalq ictimai-siyasi, analitik jurnalın birinci nömrəsinin təqdimatına toplaşmışıq.
Jurnalın ilk sayının ön səhifələrində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yazılmış “Heydər Əliyev və 91-lər”, Azərbaycanı dünyanın aparıcı ölkələrindən birinə çevirmiş dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərkib hissələrindən biri haqqında qələmə alınmış “Əfv fəlsəfəsi”, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bəşəri dəyərlərə xidmət edən humanist layihələri əsasında hazırlanmış dəyərli sətirlərin verilməsi təsadüfi deyil. Çünki bu üç insanın hər birinin ictimai-siyasi fəaliyyətinin istənilən səhifəsində xalqımızın milli-mənəvi dəyərləri sırasında özünə mühüm yer tutmuş mərhəmət anlayışının bütün çalarlarını görürük. Əminik ki, yeni nəşr olan bu jurnal həqiqi bir çıraq kimi bundan sonra da ölkəmizdə həyata keçirilən bütün humanitar layihələrin üzərinə öz işığını salacaq, milli-mənəvi dəyərlər xəzinəmizə verilən istənilən töhfənin təbliğatçısına çevriləcəkdir".
Bu fikirlər Bakıdakı Atatürk Mərkəzində təşkil olunmuş təqdimat mərasimində səsləndirildi. Jurnalın baş redaktoru, Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov qeyd etdi ki, yeni mətbu nəşrin redaksiya heyətində ölkəmizin ən nüfuzlu ziyalılarından olan akademik Arif Paşayev (sədr), Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, akademiklər Akif Əlizadə, Vasim Məmmədəliyev, Arif Mehdiyev, Teymur Bünyadov, Abel Məhərrəmov, fəxri fəlsəfə doktoru, professor Hacı Fərhad Mirzə, professor Nadir Məmmədli, əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov və Olimpiya çempionu Nazim Hüseynov kimi tanınmış şəxslərin olması yaradıcı heyətimizin məsuliyyətini qat-qat artırır. Biz ilk nömrəmizdə verilmiş “İnsanlığın və ziyalılığın ən uca zirvələrinin fatehi” (akademik Əhməd Mahmudov haqqında), “Müdrik kəlamları ilə bəşərə mərhəmət çırağı tutan insan” (dörd beynəlxalq akademiyanın akademiki, yazıçı -filosof Hacı Fərhad Mirzə haqqında), “Qərbdə islam... (fəlsəfi araşdırma), “Parlaq zəka sahibi - böyük vətəndaş” (Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında), şair Sabir Azərinin 75 illik yubileyi münasibətiylə qələmə alınmış “İnsan-ziyalı-vətəndaş-yazıçı” və digər yazıları hazırlayarkən bir məramı əsas götürmüşdük: ən ali insani dəyər olan mərhəmət hissini yaşadan hər kəsin əməllərini qiymətləndirmək və təbliğ etmək.
Tədbirdə qeyd edildi ki, bu gün Azərbaycan elmini, fəlsəfəsini, ictimai-siyasi fikrini, mədəniyyətini beynəlxalq aləmdə məhz xalqımızın adına layiq şəkildə təbliğ edən tarixi şəxsiyyətlərimiz, çoxsaylı yaradıcı ziyalılarımız vardır ki, onların fəaliyyəti xaricdəki müxtəlif elm mərkəzləri və beynəlxalq təşkilatlar tərəfindən dövri olaraq yüksək qiymətləndirilir, ali mükafatlarta layiq görülür. Akademik Arif Paşayevin, mərhum akademik Budaq Budaqovun, postsovet məkanının ən görkəmli neftçi alimlərindən olan Xoşbəxt Yusifzadənin , müasir kəlam məktəbinin ən görkəmli simalarından olan, dörd beynəlxalq akademiyanın akademiki Hacı Fərhad Mirzənin və digər ziyalılarımızın yaradıcılığı beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin səsləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir və biz dövri olaraq öz jurnalımızda həmin şəxslərin nailiyyətləri barədə əhatəli şəkildə söz açacaq, onların yaradıcılığının qiymətləndirilməsinə çalışacağıq.
Baş redaktor qeyd etdi ki, bu gün adı çəkilən istiqamətdə - yəni jurnalın uğurlu yaradıcılığa görə təsis etdiyi mükafatın təqdim olunması yolunda ilk addım atılır. Jurnalıın ilk fəxri diplomu həmin yaradıcı şəxslərdən biri, nəşrimizin redaksiya heyətinin üzvü, Azərbaycan, türk, rus, ingilis və alman dillərində dünyanın bütün qütblərini dolaşmaqda olan “Kəlamlar” kitabının müəllifi Hacı Fərhad Mirzəyə təqdim olunur. Bu yaradıcı insan “Mərhəmət çırağı”nın ərsəyə gəlməsində xüsusi xidmət göstərənlərdən biri olmaqla yanaşı, həm də beynəlxalq aləmdə Azərbaycan sözünün daha hörmətlə və tez-tez səsləndirilməsinə şərait yaradan bir ziyalıdır. O, BMT yanında ictimai təltiflər şurasının Puşkin adına Qızıl medalı başda olmaqla 50-dən artıq xarici mükafata layiq görülmüşdür ki, onların hər biri haqqında qərar elan ediləndə Azərbaycanın adı çəkilib.
Sonra professor Ənvər Xudiyev, “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qaraəhmədov, Rusiyadakı Avrasiya İnstitutu Ekspertlər Şurasının üzvü , layihə rəhbəri Adıgözəl Məmmədov, “Respublika” qəzetinin əməkdaşı Tahir Məmmədov, “General Əli bəy”adı ilə tanınan Qarabağ müharibəsi veteranı Əlövsət Qasımov, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü Nicat Əsgərov, jurnalist Aybəniz Çələbi və digər natiqlər çıxış edərək “Mərhəmət çırağı”nın yaradıcılarına uğurlar arzuladılar və jurnalın ilk diplomuna layiq görülən Hacı Fərhad Mirzəni təbrik etdilər.
Natəvan İSMAYILLI
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.