Babək rayonunun Çeşməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir
Dinamik və mütərəqqi dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bugünkü inkişafı Heydər
Əliyev siyasi xəttinin təntənəsidir. “Doğma canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, - deyən ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da inkişafın əsas hərəkətverici qüvvəsidir. Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, abadlaşan şəhər və kəndlər məhz ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Babək rayonu da ümummilli liderin ideyalarının işığında sürətlə inkişaf edir, rayon mərkəzi və kəndlər müasir görkəm alır.
Bu günlərdə Babək rayonunun Çeşməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Çeşməbasar kənd mərkəzinin açılışında inzibati ərazi dairəsi üzrə nümayəndə Rüstəm Əliyev göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun davam etdirilməsi, qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası bütün sahələrin inkişafına səbəb olmuş, şəhər, qəsəbə və kəndlərimiz abad yaşayış məntəqələrinə çevrilmişdir.
Çeşməbasar kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi bir kəndin timsalında Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının, eləcə də ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin nəticəsidir. Eyni zamanda, həyata keçirilən bu tədbirlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsi və bu yola sədaqətin nümunəsidir.
Ali Məclisin sədri kənddə aparılan kompleks quruculuq işlərinə görə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Həmin gün Çeşməbasar kəndində yeni həkim ambulatoriyası da istifadəyə verilmişdir.
Tibb bacısı Günay Əliyeva demişdir ki, Çeşməbasar kəndində istifadəyə verilən həkim ambulatoriyası insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ambulatoriyanın istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edərək kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi bu il Çeşməbasar kənd tam orta məktəbində yenidənqurma işləri aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Çeşməbasar kənd tam orta məktəbinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyası, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Məktəb kitabxanasının fondunda 2859 ədəd kitab vardır. Təhsil ocağına müasir kompyuter dəstləri verilmiş, elektron lövhəli siniflər yaradılmış, kimya, biologiya və fizika laboratoriyaları əyani vasitələrlə təmin edilmişdir. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi biliklərin dərindən öyrənilməsinə də diqqət yetirilmiş, hərbi kabinə yaradılmışdır. İdman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.
Müəllimlərlə görüşən Ali Məclisin sədri kollektivə işlərində uğurlar arzulamışdır.
Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıq edən məktəbin müəllimləri gənc nəslin təlim-tərbiyəsində öz səylərini əsirgəməyəcəklərinə söz vermişlər.
Sakinlər kənddə yaradılan müasir infrastrukturu, istifadəyə verilən yeni binaları, həyata keçirilən abadlıq işlərini ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrələri kimi dəyərləndirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
“Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.