Ancaq bu ayrılıq nisgil, həsrət yox, sakitlik və rahatlığa hesablanıb
2010-cu ilin birinci yarısının yekunlarına dövlət başçısı İlham Əliyev səviyyəsində qiymət verildi. Keçən müddət ərzində əldə edilmiş nəticələri təhlil edən ölkə rəhbəri, xüsusilə dünyanı bürümüş maliyyə böhranı fonunda ümumilikdə birinci yarımilliyin nəticələrini uğurlu saydı və ölkə iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyini vurğuladı. May ayından başlayaraq güclü leysan yağışların yağması, anormal keçən isti hava dağlarda qarın sürətlə əriməsinə səbəb oldu və bununla da Kür və Araz çaylarında daşqınların yaranması nəticəsində bir çox rayonların ərazisini sel suları basdı. Mütəxəssislərin haqlı olaraq son yüz ilin ən böyük təbii fəlakəti adlandırdıqları məlum hadisələr iqtisadiyyatımıza, istər-istəməz müəyyən təsirini göstərdi. Doğrudur, təbii fəlakətin vurduğu zərər nə qədər güclü olsa da, Azərbaycan Respublikası heç bir başqa dövlətin və təşkilatın yardımı olmadan bu ağır sınaqdan təkbaşına çıxmaq iqtidarında olduğunu sübuta yetirdi.
Məlum təbii fəlakətlə üzləşən rayonlardan biri də İmişli oldu. Yazda başlayan leysan yağışlar, bunun ardınca isə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması bütövlükdə aran bölgəsini, o cümlədən İmişli rayonunu və imişliləri ciddi sınaqlar qarşısında qoydu. Aramsız leysan yağışlarının yağması Araz çayında suyun səviyyəsinin artmasına səbəb oldu ki, nəticədə də rayon mərkəzinin bir sıra yaşayış sahələrində qrunt suları qalxdı, bir çox yaşayış evlərinə, xüsusilə çiy kərpicdən tikilmiş evlərə ciddi ziyan dəydi.
Yeri gəlmişkən, məlumat üçün qeyd edim ki, Kür çayının 66 kilometrlik hissəsi, Araz çayının isə hər iki sahili daxil olmaqla 104 kilometrlik hissəsi rayonun ərazisindən keçir. Eyni zamanda, Sarısu gölünün bir hissəsi də İmişli ərazisinə düşür. Bu qədər geniş ərazidə daşqınların qarşısının alınması, sözün əsl mənasında fədakarlıq tələb edir. Bu gün inamla demək olar ki, həm rayon əhalisinin, həm də əlaqədar təşkilatların əlbir səyi nəticəsində daha böyük fəlakətlərin qarşısı alındı.
Təbii fəlakətin qarşısının alınması üçün görülmüş işlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Kür çayı və Sarısu gölü ətrafında bəndvurma və sahilbərkitmə işlərində Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların və Müdafiə Nazirliyinin 500-dən çox şəxsi heyəti çalışırdı. Bundan başqa, idarə və təşkilatların, rayon əhalisinin 1000-dən yuxarı könüllüsü bəndvurma işlərində iştirak edirdi.
Kür - Araz çaylarında mühafizə bəndlərini möhkəmdəndirmək məqsədilə 324 kilometr həcmində betonla, 905 kubmetr həcmində faşınla sahilbərkitmə, 17,9 kilometr uzunluğunda 454,7 min kubmetr həcmində torpaqtökmə işləri görülmüş, daşqın və sel sularından müdafiə məqsədilə 112810 ədəd torpaqla doldurulmuş kisələrdə bəndlər möhkəmləndirilərək hündürləşdirilmişdir.
Nəticədə ehtimal olunan daha böyük daşqınların qarşısı alınmış, bununla belə Kür çayında və Sarısu gölündə suyun artması nəticəsində rayonun Allahmədətli, Telişli və Hacımustafalı kəndləri su altında qalmışdır.
Bu kəndlərdən köçürülmüş əhalinin müvəqqəti yerləşdirilməsi təmin edilmişdir. Qısa müddət ərzində həm Fövqəladə Hallar Nazirliyinin, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə köçürülmüş əhaliyə humanitar yardımlar edilmişdir.
Hazırda üç kəndin köçürülmüş əhalisi üçün onların əvvəlki yaşayış yerlərinə yaxın, lakin daha təhlükəsiz bir yerdə 104 evlik yeni qəsəbənin salınmasına başlanılmışdır. Yeni qəsəbədə hər cür təminatı olan yaşayış evləri, məktəb, xəstəxana, uşaq bağçası və digər zəruri sosial obyektlərin tikilməsi nəzərdə tutulmuşdur.
Məlum olduğu kimi, "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 may 2010-cu il tarixli sərəncam imzalamışdır.
Yaradılmış hökumət komissiyasının qəbul etdiyi ən mühüm qərarlardan biri, heç şübhəsiz ki, Araz çayının yeni qolunun açılması ilə bağlı oldu. Bu, gələcəkdə baş verə biləcək daha güclü daşqınların qarşısının alınması istiqamətində tarixi bir addım idi. Təxminən 10 gün müddətində aparılmış güclü hazırlıq işlərindən sonra, nəhayət ki, may ayının 31-də Bəhrəmtəpə hidroqovşağının yaxınlığında Araz çayının tarixi qolu açıldı. Qısa müddət ərzində bütövlükdə 132 kilometr olacaq yeni qolun başlanğıcında uzunluğu 5 kilometrə, eni 200 metrə çatan məsafədə güclü dərinləşdirmə və bərkidilmə işləri həyata keçirildi. Bu məqsədlə müvafiq qurumların yüzlərlə ağır texnikası, yük avtomobili və xeyli sayda canlı qüvvəsi gecə-gündüz iş apardı. Cəmi bir neçə gün ərzində İmişli - Biləsuvar avtomobil yolunun üzərindən dəmir konstruksiyalı körpü tikildi.
Hazırda xüsusi yaradılmış dövlət komissiyası tərəfindən daxil olmuş müraciətlərə uyğun olaraq ziyan dəymiş evlərə baxış keçirilməsinə başlanılmışdır.
Bəs bu işləri İmişli sakinləri necə qiymətləndirirlər?
Rayon Ağsaqqallar Şurasının sədri Mirələkbər Həsənov deyir ki, görünür, insan oğlunun bəla qarşısında mətanətlə dayanmağı, tab gətirməyi Allah-təalanın da xoşuna gəlir və bunu mütləq qiymətləndirir. Əgər belə olmasaydı, bu təbii fəlakətin qarşısını nə cür almaq olardı ki? Dövlət başçımız İlham Əliyev bir neçə gün ərzində iki müşavirə keçirdi, zərər çəkmiş əhali üçün hər cür şəraitin yaradıldığını, onların mal-mülklərinin mühafizə ediləcəyini və nəhayət, müasir üslubda yeni evlərin tikiləcəyini bəyan etdi və artıq hamımız görürük ki, bu işlərə başlanılmışdır. Tam səmimi deyirəm: bu hadisələrlə üzləşmiş insanları ümidsizlik girdabına düşməyə qoymayan da elə möhtərəm Prezidentimizin qətiyyəti, özünə inamı və xalqın ona inanması oldu. Həm də nazirliklərin, digər qurumların, xüsusilə də rayon icra hakimiyyətinin başçısının işə vicdanla yanaşmalarını, gecə-gündüz əhali ilə birlikdə olmalarını, deyərdim ki, onların problemləri, çətinlikləri ilə yaşamalarını qeyd etməmək insafsızlıq olardı. Zənnimcə, rəhbərliklə xalq arasında körpülər təmənnasız qurulanda, ünsiyyət, istək saf olanda hər bir çətinliyin öhdəsindən, - bu daşqınların qarşısının alınmasında olduğu kimi - gəlmək mümkündür.
Rayon ziyalılarının hörmətli nümayəndələrindən sayılan Səxavət Tağıyev də hər çətinliyin aradan qaldırılımasının inamdan, səbrdən keçdiyinə inananlardandır. O deyir ki, İmişlidə müəyyən vaxtlarda qrunt sularının artması, çaylarda müxtəlif daşqın halları olsa da vəziyyət heç vaxt indiki kimi qorxulu və dəhşətli dərəcədə olmamışdı. Təbiət insan iradəsini, necə deyərlər, ürəyi istədiyi kimi sınağa çəkdi. Ancaq insan öz inamı ilə bu sınaqdan vüqarla, qalib çıxmağı bacardı.
Qarabağ müharibəsi veteranı Ələddin Qardaşov deyir ki, veteranların xoşlamadıqları və bacarmadıqları şey kimisə, nəyisə yalandan tərifləməkdir. Bu təbii fəlakətin qarşısının alınmasında payı olan, əməyi keçən hamının zəhməti, gördüyü iş əsl qəhrəmanlıqdır və alqışa layiqdir. Dövlət başçısının göstərdiyi həssaslığı isə sözlə ifadə etmək çox çətindir.
Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev o gərgin günləri xatırlayaraq söhbət əsnasında dedi ki, doğrudan da, ağır anlar insanları birləşdirir, onlar arasında vəhdət yaradır. Əgər bu vəhdət, dövlətimizin, möhtərəm dövlət başçımız İlham Əliyevin xüsusi diqqət və qayğısı olmasaydı, necə deyərlər, sel gücünün qabağında duruş gətirmək heç cür mümkün olmazdı. Məhz bu birlik və vəhdət sayəsində daşqınların qarşısı alındı və on minlərlə insan köçürülmək kimi labüd təhlükədən xilas oldu, bir sözlə, İmişlinin sağlam əsaslar üzərində qurulmuş abadlıq və quruculuğuna o qədər də təsir göstərə bilmədi.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.