Şriftin ölçüsü:
07.08.2010 06:25 | Oxunma sayı: 443
Azərbaycan Müstəqil Dövlətlər Birliyində mətbuat üzərində senzuranı ləğv etmiş ilk dövlətdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə Azərbaycan mətbuatı üzərindəki senzura həmişəlik ləğv edilmişdir.
Həmin fərmandan sonra Azərbaycan mətbuatı mühüm inkişaf mərhələsinə qədəm qoymuş, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindən biri kimi inkişaf etmişdir.
Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsipinin müdafiəsində mətbuatın xüsusi rolu vardır. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı xüsusilə qiymətlidir. Həmin fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli ortaya qoyuldu. Ümummilli lider ölkəyə rəhbərliyi dövründə nəinki senzuranı ləğv etmişdir, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan vermişdir. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələrinin üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu azaldılmışdır.
1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırmışdır. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında verilən fərman və sərəncamlar mətbuata göstərilən qayğının miqyasını daha da artırmışdır. Bunun nəticəsi olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev jurnalistlərin dostu elan edilmişdir.
Ulu öndərin mətbuata qayğısı istiqamətində həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqləmişdir. Həmin il qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları silinmişdir. 30-a yaxın KİV-ə maddi yardım edilmiş, 140-dək jurnalistə təqaüdlər, fəxri adlar, orden və medallar verilmişdir.
2008-ci ildə isə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrılmışdır.
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. 36 gündəlik, 100-ə yaxın həftəlik və 80-dən artıq aylıq qəzet nəşr olunur.
Dövlətimizin başçısı İlham Əliyevin mətbuatın 135 illik yubileyinin keçirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında imzaladığı sərəncamlar bir daha göstərmişdir ki, dövlət milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədi ilə dövlətimizin başçısının ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu sahədə ardıcıl tədbirlərin davamı olmuşdur.
Milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində Prezidentin sərəncamına əsasən müasir tələblər səviyyəsində inşa edilən Mətbuat Şurasının yeni inzibati binasının açılışı jurnalistlərə daha bir hədiyyə olmuşdur. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin milli mətbuatın durumu və inkişaf perspektivləri, qarşıda duran vəzifələrə dair geniş və dolğun nitqində jurnalistika tədrisinin səviyyəsinin yüksəldilməsi, bu sahədə peşəkarlığın artırılması, KİV-lərin reklam bazarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı addımlar atılacağı bildirilmişdir.
Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur.
Bütün bunlar Azərbaycan hökumətinin bundan sonra da demokratiyanın inkişafı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmində olduğunu təsdiq edir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.