Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

Son illər günbəgün müasirləşən, gözəlləşən Bakımızın yaraşıqlı guşələrindən birinə çevrilmiş Nizami rayonu ölkəmizin sosial-iqisadi inkişafına mühüm töhfələr verir. Rayonun sosial-iqtisadi  mənzərəsi günbəgün yaxşılaşır, abadlıq-quruculuq işləri getdikcə vüsət alır. Məhz bunun nəticəsidir ki, böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyan bu rayonun siması günbəgün gözəlləşir, park və xiyabanlar, küçə və meydanlar zövq oxşayır.

Qısa arayış:  Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır. Paytaxtın iri sənaye mərkəzlərindən olan Nizami rayonunun ərazisi 19,6 kvadratkilometr, əhalisi isə 191 min 830 nəfər təşkil edir. Rayonda 12 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 22 səhiyyə obyekti, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası,  1 uşaq evi və 2 internat məktəbi, 22  orta məktəb, 3 lisey, 2 musiqi məktəbi,  mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai-iaşə müəssisəsi, 8 kompleks idman qurğusi və 6 stadion yerləşir. Burada, həmçinin 2 bələdiyyə, 3 seçki dairəsi, çoxsaylı siyasi partiyaların mərkəzi qərargahları,  ictimai təşkilat, birlik və dini icmalar  fəaliyyət göstərir.

Nizami rayonunun inkişaf salnaməsinin mühüm bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 70-80-ci illərində rayon ərazisində  yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev  1993-cü ilin yayında xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra da  Nizami rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi həyatında mühüm yer tutan “Qida və Yağ Sənayesi” Açıq Səhmdar Cəmiyyətinin, iri sənaye obyektlərindən sayılan “Peyk” zavodunun və “Evropean Tobacco-Baku” ASC-nin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edən ulu öndər müxtəlif vaxtlarda sakinlərlə çoxsaylı görüşlər keçirmiş, rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələrini vermişdir.  Bütövlükdə isə Nizami rayonunun inkişafına xüsusi diqqət və qayğı göstərmiş Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə 27 dəfə bu rayona səfər etmişdir.

Ulu öndərimizin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, Nizami rayonunda da yüksək tərəqqiyə səbəb olmuşdur. Son illər rayonun elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər, dinamik inkişaf baş verməsin. Elə 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafını xarakterizə edən əsas makroiqtisadi göstəricilər də rayonun ümumi tərəqqisi barədə aydın təsəvvür yaradır. Belə ki, yanvar-sentyabr aylarında rayon üzrə 308,2 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çoxdur. Sənaye məhsullarının və bu sahədə göstərilən xidmətlərin 35,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Cari ilin doqquz ayında əsas tikinti məhsullarından sayılan  beton, gips və sement istehsalının iki dəfə artması rayonun iqtisadi həyatı üçün mühüm  hadisədir. Bundan əlavə, ilin ötən dövründə rayonda zeytun və kakao yağlarının istehsalı müvafiq olaraq 44,9 və 46,2 faiz, duz istehsalı 26,7 faiz, sərinləşdirici içki istehsalı 7,7 faiz, süd məhsullarının istehsalı isə 2,7 faiz artmışdır. Heç şübhəsiz, bütün bu göstəricilər  rayon iqtisadiyyatının dinamik inkişafını təsdiq edən amillərdəndir.

2013-cü ilin doqquz ayında Nizami  rayonunda daxili imkanlar hesabına 389,4 milyon manatlıq podrat işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 51,1 faiz çoxdur.  Hesabat dövründə rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 141,9 milyon manatlıq investisiya qoyulmuşdur. Ümumi investisiyaların 134,8 milyon manatı dövlət, 7,1 milyon manatı isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Həmin vəsait hesabına rayonda  91,5 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Yeri gəlmişkən, əsas kapitala yönəldilmiş investisiyaların həcminin əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 57,2 faiz üstələməsi rayonun  sürətli sosial-iqtisadi inkişafının daha bir bariz nümunəsidir.  Cari ilin doqquz ayında rayon üzrə  pərakəndə ticarət dövriyyəsinin həcmi 13 faiz artaraq 1 milyard 154,9 milyon manata çatmış, əhaliyə 174,9 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. Bununla yanaşı, əhaliyə 51,7 milyon manatlıq nəqliyyat və 79,2 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Son illər Azərbaycanda bazar iqtisadi münasibətlərinin tam bərqərar olması şəraitində müasir texnologiyalara əsaslanan çoxsaylı yeni istehsal sahələri yaradılır. Bu baxımdan paytaxtın Nizami rayonunda da məqsədyönlü işlər həyata keçirilir, ötən illər ərzində obyektiv səbəblər üzündən fəaliyyətini dayandırmış müəssisələri müasir dövrün, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni istehsal və xidmət sahələri əvəz edir. Ölkəmizdə sahibkarlığa göstərilən dövlət qayğısının ilbəil artması, təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, 2003-2013-cü illər ərzində Nizami rayonunda 500-dən artıq  yeni istehsal və xidmət sahəsi yaradılmışdır. İlin əvvəlindən fəaliyyət dairəsini xeyli genişləndirən özəl müəssisələr rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində müstəsna rol oynamışlar. Belə ki, cari ilin doqquz ayında rayon üzrə pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100 faizi, pullu xidmətlərin isə 81,6 faizi məhz həmin müəssisələr hesabına əldə edilmişdir. Ölkəmizin ən iri sənaye müəssisələrindən sayılan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalı olan müxtəlif neft məhsullarına, “NJT-2000” firmasının istehsal etdiyi plastik məmulatlara, “Kaspi Yıldız” MMC-nin buraxdığı yanğınsöndürmə avadanlığına  istər daxili, istərsə də xarici bazarda tələbat getdikcə artır. Bundan əlavə,  “Bakı Yağ Qida Sənaye”, “Zəhmət Ruzi”,  “Bakı-Şərab 1”, “Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri, “Ulduz” fabriki və “Veysəloğlu Yaylıcı  Qardaşlar” MMC ölkəmizdə ərzaq bolluğunun təminatında yaxından iştirak etməklə yanaşı,  xarici bazara da məhsul göndərirlər.

Rayon ərazisində yaradılan  istehsal və xidmət sahələri həm də çoxsaylı iş yerləri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Nizami rayonunda uğurlu məşğulluq strategiyası  həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin doqquz ayında  rayonda 1450 daimi iş yeri açılmışdır. Bütövlükdə isə ötən on il ərzində rayonda 22914 iş yeri yaradılmışdır ki, bunun da 22817-si daimidir.

Nizami rayonunda infrastruktur layihələrinin icrası  da getdikcə sürətlənir.  Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son  illər müxtəlif dövlət proqramlarında  nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması  rayonun simasına əlavə yaraşıq gətirmişdir.  Belə ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani  küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş 

“Koroğlu” stansiyasının  yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoymuş ölkə Prezidenti İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə etmişdir. Məhz bunun nəticəsidir ki, rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetirir. Dövlət baçşısı  bütün ölkə kimi, paytaxtın Nizami rayonunun da sosial-iqtisadi inkişafına daim qayğı və diqqətlə yanaşır, buarada həyata keçirilən abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin  yüksək səviyyədə reallaşdırılmasını xüsusi nəzarətdə saxlayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2004-cü ildən indiyədək Nizami rayonunda 30-a yaxın açılış və təməlqoyma mərasimində iştirak etmişdir.

Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Təkcə onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonda  valideyn himayəsindən məhrum olmuş qızlar üçün nəzərdə tutulmuş 50 mənzilli yaşayış binası, “Daun” və “Qayğı”  reabilitasiya mərkəzləri, eləcə də 172 və 190 saylı körpələr evi-uşaq bağçaları yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Bütün bunlarla yanaşı, rayon sakinlərinin sosial-məişət qayğıları, əhalinin üzləşdiyi problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət başçısının vətəndaşların üzləşdikləri sosial-məişət problemlərinin dərhal aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar Nizami rayonunda da uğurla icra olunur. Son zamanlar rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlər də ardıcıl şəkildə yerinə yetirilir. Təkcə onu demək kifayətdir ki, hazırda rayon üzrə 4044 ailə ünvanlı sosial yardım, 4634 nəfər sosial müavinət, 23354 nəfər isə əmək pensiyası alır.

 Ölkəmizin davamlı inkişafı ilə əlaqədar olaraq  bir çox sahələrdə köklü dəyişikliklər baş verir, insanların tələbatı getdikcə artır. Qarşıya çıxan həlli vacib məsələlər isə dövlətimizin perspektiv inkişaf proqramlarında öz əksini tapır. Yeri gəlmişkən, gələn il Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair növbəti, üçüncü Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulur. Artıq Nizami Rayon İcra Hakimiyyəti tərəfindən rayonda həlli vacib məsələlərə dair  təkliflər işlənib hökumətə təqdim olunmuşdur. Ekologiya və təbii sərvətlərdən istifadə, sakinlərin elektrik enerjisi, qaz, istilik və içməli su təchizatının daha da yaxşılşadırılması, yol təsərrüfatı və rabitə xidmətləri, eləcə də təhsil, səhiyyə və idman obyektlərinin inşası və yenidən qurulması ilə bağlı həmin tədbirlərin reallaşdırılması isə öz növbəsində Nizami rayonunun sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirəcək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında