Balakən
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ölkənin hər yerində olduğu kimi Balakəndə də hörmətlə yad edildi. Ulu öndərə ümumxalq sevgisi o qədər güclü idi ki, hətta Balakəndə bu il ilk dəfə yağan güclü qar, soyuq hava da sakinlərə rayon Mədəniyyət və İstirahət Parkının ən uca zirvəsində ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoymağa, ona sonsuz məhəbbətlərini bildirməyə mane ola bilmədi.
İcra hakimiyyətinin başçısı İslam Rzayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, eləcə də dahi şəxsiyyətə sonsuz rəğbəti olan yüzlərlə sakin onun vəfatının 10-cu ilini beləcə qeyd etdilər.
Sonra anım tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirildi. İslam Rzayev tədbiri açıq elan etdikdən sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Natiq ulu öndərin titanik fəaliyyəti, müstəqil Azərbaycanın indi də dünyanın aparıcı dövlətləri sırasında önəmli yer tutması, Qafqazda ən qüdrətli bir dövlətə çevrilməsi barədə ətraflı məruzə etdi. Qeyd etdi ki, Azərbaycanın hazırkı inkişafı məhz ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məruzə ətrafinda rayon Ağsaqqallar Şurası sədrinin müavini Fuad Səlimov, Nizami adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Elza Nastakalova çıxış etdilər.
Çıxışında əmək fəaliyyətinin 30 ilindən çoxunu ulu öndərin hakimiyyətdə olduğu dövrə təsadüf etdiyini bildirən veteran F. Səlimov gənclərə tövsiyyə etdi ki, Heydər Əliyev irsini dərindən öyrənməklə onun “Şah əsəri” sayılan Azərbaycanı göz bəbəyi kimi qorusunlar.
Sonra Heydər Əliyevin çoxillik rəhbərlik fəaliyyətinin önəmli məqamlarını əks etdirən filmə baxış keçirildi.
Sonda rayonun ən gözəl və yaraşıqlı şadlıq sarayı — “Möhtəşəm saray”da anım günü münasibətilə ehsan verildi.
Ağsu
Ağsu rayon rəhbərliyi, idarə və təşkilat, təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin və KİV nümayəndələrinin iştirakı ilə ulu öndər Heyər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirimişdir.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri “Heydər Parkı”nda ümummilli liderimizin abidəsini ziyarət etmişlər. Abidənin önünə əklil qoyulmuş və tər çiçəklər düzməklə ulu öndərə hörmət və ehtiram bildirmişlər.
Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində başlanılmış, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimini giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın milli iftixarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış etmişdir.
Natiq qeyd etmişdir ki, vətənimiz üçün kifayət qədər mürəkkəb və kəşməkəşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.
Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Din xadimləri ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan “Qurani Kərim”dən ayələr və yasin surəsini oxumuşlar.
Sonra şəhərin mərkəzində 600 nəfərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ehsan mərasimi keçirilmişdir.
Zaqatala
Ulu öndərimiz Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı keçirilən anım tədbirləri respublikamızın hər yerində olduğu kimi Zaqatalada da ümumrayon miqyaslı mərasimlərlə yadda qaldı. Təşkil olunan ən böyük tədbir isə rayon ictimaiyyətinin nümayəndələrinin, idarə-müəssisə rəhbərlərinin, bölgə möminlərinin və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilən konfrans idi.
Tədbir iştirakçıları öncə ulu öndərin rayon mərkəzindəki abidə kompleksini ziyarət etdilər və abidə önünə əklillər, tər gül dəstələri düzdülər. Sonra Zaqatalanın ən müasir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzində ümumrayon anım konfransı öz işinə başladı.
Konfransda “Liderlik zirvəsi” adlı geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qeyd etdi ki, əsrlərdən bəri Azərbaycan xalqının ürəyində yaşayan müstəqil dövlət qurmaq və inkişaf etdirmək arzusu bu gün ən yüksək səviyyədə günün reallığına çevrilmişdir. Bu reallığı milli tariximizdə Heydər Əliyev dühası əbədiləşdirmişdir. Bütün dünyanın qəbul etdiyi danılmaz həqiqətdir ki, əgər 1993-cü ilin yayında ulu öndərimiz xalqın israrlı tələbləri ilə ölkə rəhbərliyinə qayıtmasaydı, bugünkü qüdrətli Azərbaycan dövlətindən söhbət belə gedə bilməzdi. Heydər Əliyev müdrikliyi Azərbaycan xalqına bu möhtəşəm hədiyyəni bəxş etmişdir.
Natiq qeyd etdi ki, ulu öndər gənc müstəqil dövlətimizə əbədilik qazandırdısa, onun siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyev də bu dövlətə dünya miqyaslı nüfuz qazandırdı. Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatın toplantılarına sədrlik etməsi Prezident İlham Əliyevin ölkəmizdə apardığı islahatların nəticəsidir.
Məruzə ətrafında çıxış edən YAP rayon təşkilatının sədri Habil Qurbanov, rayon poçtamtının rəisi Namiqə Süleymanova və digər natiqlər müasir tariximizin son 40 ilindəki uğurlarımıəzın təməl daşı olan Heydər Əliyev siyasi kursunun ölkəmizdə hələ yüz illər boyu davam edəcəyini söyləmişlər.
Tədbirin sonunda ulu öndərin həyatını və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən film nümayiş olunmuşdur. Həmin gün Zaqatalanın müxtəlif ünvanlarında ulu öndərin adına ehsan süfrələri açılmış, xatirəsinə dualar oxunmuşdur.
Lənkəran
Azərbaycan xalqının dahi oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin vəfatından ötən 10 il unudulmaz şəxsiyyəti zaman etibarı ilə bizdən uzaqlaşdırsa da, o, ürəklərimizdə yaşamaqdadır. Həmin ideyalar daim yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Təsadüfi deyil ki, dekabrın 12-də respublikanın hər yerində olduğu kimi, cənub bölgəsində də ümummilli liderin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında ulu öndərin əzəmətli heykəlini ziyarət etdi, önünə təzə-tər qərənfillər qoydu.
Sonra icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, hərbi hissələrin şəxsi heyəti abidənin önünə gül dəstələri düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərin ömür yolunu əks etdirən ekspozisiyaya baxış keçirildi. Həmin gün “Şah” sarayında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan verildi.
* * *
Dekabrın 12-də Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirin iştirakçıları dahi rəhbərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etmişlər. Rayon təhsil müəssisələrinin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri tədbiri anım mərasimini giriş sözü ilə açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov bildirmişdir ki, bütün ömrünü xalqına həsr etmiş ulu öndər dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkəmizin hərtərəfli inkişafı və onun iqtisadi cəhətdən güclü, beynəlxalq sahədə nüfuzlu dövlətə çevrilməsi istiqamətində çox mühüm işlər həyata keçirmişdir.
Sonra universitetin dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Yədulla Ağazadə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyət tarixinin dahi şəxsiyyətidir” mövzusunda məruzə edərək ümummilli liderimizin müstəqil dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri arasında tanınmasında göstərdiyi tarixi xidmətlərindən danışmışdır.
Universitetin tarix və fəlsəfə kafedrasının müdiri Rakif İbadov, YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının sədri, iqtisadi təhlil və idarəetmə kafedrasının müdiri, iqtisad elmlər namizədi Tofiq Paşayev respublikamızın iqtisadi, sosial və mədəni sahələrində qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişlər.
Tədbirdə çıxış edən tələbələr ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin bütün gənclərə örnək olduğunu bildirmiş, ulu öndəri ideyalarına həmişə sadiq qalacaqlarına, mükəmməl təhsil alıb Vətənimizin layiqli vətəndaşları kimi yetişəcəklərinə və universitetin ictimai həyatında bundan sonra da fəal iştirak edəcəklərinə söz vermişlər.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmiş, universitetin kollektivi Lənkərandakı Heydər Əliyev xatirə parkında dahi rəhbərin abidəsi önünə gül dəstələri düzmüşlər.
Astara
Astara rayonunun bütün ümumtəhsil məktəblərində və pedaqoji kollecdə ilk dərs saatları ulu öndərin əziz xatirəsinə həsr olunmuşdu.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri əvvəlcə ümummilli liderin icra aparatının foyesindəki büstünün önünə gül dəstələri qoydular. Sonra ürəklərində dahi rəhbərin ölməz xatirəsinə tükənməz ehtiram bəsləyən bütün astaralılar onun adını daşıyan meydandakı möhtəşəm abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular. Ulu öndərin ruhuna dualar oxundu.
Həmin gün Astaradakı Heydər Əliyev Mərkəzində anım tədbirləri davam etdirildi, “Qismət” sarayında ehsan süfrələri açıldı.
Lerik
Dağlar diyarı Lerik rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi yaddaqalan olmuşdur.
Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər ulu öndərin Lerik şəhərinin mərkəzindəki abidəsini ziyarət etdilər, abidə önündə gül-çiçək dəstələri qoyaraq ulu öndərə öz ehtiramlarını bildirdilər.
Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanışlıqdan sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən Lerik şəhərində ehsan süfrələri təşkil olunmuşdur.
Masallı
Masallı rayonunun ictimaiyyəti də ulu öndərin vəfatının 10 illiyi münasibətilə təşkil olunan anım tədbirlərində elliklə iştirak etdi. Sübh tezdən rayon rəhbərliyinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri, müharibə və əmək veteranları, məktəblilər mərkəzi meydana gələrək dahi şəxsiyyətin xatirəsinə tükənməz hörmət və ehtiramlarını bildirdilər.
On minlərlə Masallı sakininin iştirak etdiyi anım tədbirləri bütün gün ərzində davam etdirildi. Ümummilli liderin ruhuna ehsan süfrələri açıldı.
Salyan
Dekabrın 12-də Salyan şəhərində təbiətin şıltaqlığına baxmayaraq səhər saat 9 radələrindən başlayaraq Heydər Əliyev parkı izdihamlı idi. Salyan Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və nümayəndələri ulu öndərin abidəsini ziyarət etdilər. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri və tədbirin digər iştirakçıları ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər, parlaq xatirəsinə ehtiramlarını bildirdilər.
Sonra anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin həyat və ictimai fəaliyyətinə, habelə Salyan rayonuna tarixi səfərlərinə dair stendlərə, materiallara, fotoşəkillərə tamaşa etdilər.
Ulu öndərin anım günü münasibətilə rayonun mədəniyyət və təhsil ocaqlarında, müxtəlif təşkilatlarda ədəbi-bədii tədbirlər, kompozisiyalar keçirildi, ehsanlar verildi, ruhuna dualar oxundu.
Abşeron
Xalqımız artıq onuncu ildir ki, əbədiyyətə qovuşmuş ulu öndər Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla anır. “Hər bir insan mili mənsubiyyəti ilə qürur duymalıdır. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyərək öz ömrünü doğma xalqının səadəti və firavanlığı yolunda şam kimi əridən dahi şəxsiyyətin xatirəsi abşeronluların da yaddaşına əbədi həkk olunub. Dekabrın 12-si ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da əvəzsiz insanın xatirəsi anıldı. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri ulu öndərin adını daşıyan istirahət parkına gələrək abidəsi önünə gül-çiçək dəstələri qoydular, xatirəsini bir daha ehtiramla yad etdilər. Daha sonra təşkil olunmuş ehsan süfrəsində əbədiyaşar liderin ruhuna dualar oxundu.
Şirvan şəhəri
Ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü-xatirə günü respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də geniş qeyd olundu. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Xatirə günü yekun tədbiri olaraq şəhər icra hakimiyyəti başçısının şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi qurumların nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan əmək kollektivləri səhər tezdən ulu öndərin şəhərin mərkəzində yerləşən abidə kompleksinin önünə toplaşdı. Tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub əziz xatirəsinə dərin ehtiram ifadə etməklə başladı. Sonra şəhər ictimaiyyətinin nümayəndələri gün ərzində ulu öndərin əziz xatirəsini yad edərək abidəsi önünə gül dəstələri və tər qərənfillər qoydular. Şəhər İcra Hakimiyyətinin Başçısı, Şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimai-siyasi qurumların nümayəndələri Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda elmi-nəzəri konfransda iştirak etdilər. Sonda konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.
Günün sonunda ulu öndər Heydər Əliyevin xatirə günü ilə əlaqədar aztəminatlı güzəşt hüquqlu insanlar, ziyalılar və ictimaiyyət nümayəndələri üçün ehsan süfrəsi təşkil olundu. Tədbirdə Quran oxunduqdan sonra şəhər icra hakimiyyətinin başçısı M.Camalov çıxış edərək bildirdi ki, respublikanın hər yerində olduğu ki, Şirvan şəhərində də ulu öndərin xatirə günü ilə əlaqədar ehsan süfrələri təşkil edilmişdir. Başçı çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin ayrı-ayrı məqamlarını vurğuladı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu qeyd etdi. Ulu öndərin müstəqil dövlətçilik siyasətinin, milli maraqlarımıza xidmət edən siyasi kursunun bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, ölkədə mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmləndiriməsinin vacibliyini vurğuladı. Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxundu.
İmişli
Məlumdur ki, İmişlinin bir rayon kimi inkişafı, qazandığı uğurların və nailiyyətlərin böyük əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman keçsə də, qədirbilən imişlilər bütün bunları heç vaxt unutmurlar. Buna görə də onlar dahi şəxsiyyətə hörmət və ehtiramlarını bir daha ifadə etmək üçün bir yerə cəm olmuşdular.
Tədbir ulu öndər Heydər Əliyevin adını daşıyan parkdan başlandı. Mərasimdə rayon icra hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları və on minlərlə rayon sakini iştirak edirdi. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüldü – xatirəsi dərin ehtiramla yad edildi. Axın-axın insan Heydər Əliyev parkına gələrək onun yaradıcı dühasına dərin məhəbbətlərini ifadə etdilər. Tədbir Heydər Əliyev Mərkəzində yığıncaqla davam etdirildi. Rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.
Qazax
Qazaxda ümummilli liderimiz Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Rayon sakinləri şəhərdəki Heydər Əliyev parkına gələrək burada ulu öndərin abidəsi önünə əklil qoyaraq əzız xatirəsini böyük ehtiramla yad etmişlər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra mərasim iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etmişlər.
İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək vurğulamışdır ki, ümummilli liderimizin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda aydın görünür ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın nəhəng siyasətçilərindən biri olmuşdur. Dahi öndərin xalqımız üçün ən böyük xidmətlərindən biri onun hələ sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından ibarətdir. Heydər Əliyev, eyni zamanda, müstəqil Azərbaycanın təməlini qoymuş, ölkəmizi təhlükələrdən xilas etmişdir. Ona görə də fəxrlə deyə bilərik ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Sonra rayondakı Cümə məscidində Heydər Əliyevin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Mirbağır YAQUBZADƏ,
Səməd HÜSEYNOĞLU,
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.