Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 70-ci sessiyası keçirilmişdir

 

İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 70-ci sessiyası keçirilmişdir.  İclasda  ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

Sessiya Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədri, İrlandiya Gömrük Xidmətinin rəhbəri xanım Josephine Feehilynin açılış nitqi ilə öz işinə başlamışdır. Sessiyada gündəlik qəbul edildikdən sonra, reqlamentə uyğun olaraq Ümumdünya Gömrük Təşkilatının Baş katibi cənab Kunio Mikuriya ÜGT-nin strateji planı ilə bağlı əldə olunan nəticələr və perspektiv işlər barədə ətraflı şəkildə iclas iştirakçılarına məlumat vermişdir. K. Mikuriya öz hesabatında gömrük sahəsində təlim və seminarların əhəmiyyətindən danışarkən, ÜGT-nin Avropa regionu üzrə sədr müavini olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və ÜGT-nin potensialın gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin birgə təşkil edəcəyi, 22-24 yanvar 2014-cü il tarixdə Bakıda keçiriləcək Regional Tədris Mərkəzləri Rəhbərlərinin birinci konfransının potensialın gücləndirilməsi istiqamətində qarşıya qoyulan hədəflər və atılacaq addımlar baxımından olduqca əhəmiyyətli olacağını qeyd etmişdir. 

Sessiyada xarici ticarətdə vergidən yayınma məsələləri və gömrük-özəl sektor əməkdaşlığı daha geniş şəkildə müzakirə edilən iki əsas mövzu olmuşdur. Belə ki, hər iki mövzu ilə əlaqədar olaraq plenar sessiyada aparılan müzakirələrə əlavə olaraq, təklif və tövsiyələrin daha geniş şəkildə müzakirə edilməsi və bu məsələlərlə bağlı daha konkret nəticələrin əldə olunması üçün sessiyanın birinci və ikinci günü ardıcıl olaraq xarici ticarətdə vergidən yayınma və gömrük-özəl sektor əməkdaşlığı məsələləri ayrı-ayrı qruplar şəklində müzakirə edilmişdir. Bu iclaslara ÜGT-nin regionlar üzrə sədr müavinləri moderatorluq etmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin Avropa regionu üzrə sədr müavini olaraq xarici ticarətdə vergidən yayınma halları ilə bağlı mövzuda həyata keçirilən iclaslardan birinə moderatorluq etmişdir.

Ayrı-ayrı qruplar şəklində aparılan iclaslardan biri də özəl sektor və gömrük əməkdaşlığı ilə bağlı olmuşdur. Qeyd edək ki, sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev respublikamızda gömrük-özəl sektor əməkdaşlığı və ümumiyyətlə xarici iqtisadi fəaliyyət iştirakçılarının işini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə həyata keçirilən tədbirlərlə bağlı iclas iştirakçılarına ətraflı məlumat vermiş, eyni zamanda iclasda gömrük-biznes əməkdaşlığı ilə bağlı Azərbaycan tərəfinin təcrübəsinə dair fikir mübadiləsi aparılmışdır.

İclasın gündəliyində Harmonik Sistem və Malların Kodlaşdırılması, ÜGT-nin Strateji Planı və 2014-2015-ci illər üçün maliyyə məsələləri və büdcənin formalaşdırılması, ÜGT direktorlarının seçilməsi ilə əlaqədar mövcud prosedurlar və digər aidiyyəti məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılmış və müzakirə olunaraq qəbul edilmişdir. 

Sessiyasının sonuncu günü İrlandiyanın maliyyə naziri iclasda iştirak edərək iqtisadi böhranla bağlı son üç il ərzində İrlandiyanın Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə həyata keçirilmiş maliyyə siyasəti və buna müvafiq olaraq əldə olunan müsbət iqtisadi nəticələr barədə təqdimatla çıxış etmişdir. Daha sonra Balidə keçirilən yüksək səviyyəli konfransda ticarətin asanlaşdırılması ilə bağlı qəbul edilmiş sazişin ÜGT üzvləri tərəfindən dəstəklənməsi və qeyd olunan məsələlərin daha geniş şəkildə tətbiq edilməsini təmin etmək məqsədilə hazırlanmış “Ümumdünya Ticarət Təşkilatı tərəfindən ticarətin asanlaşdırılması üzrə sazişin qəbul edilməsi ilə bağlı Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının Qətnamə layihəsi müzakirə olunaraq qəbul edilmişdir. Tədbirdə Mərakeş Krallığının gömrük xidmətinin baş direktorunun təklifi ilə Fələstin Dövlətinin ÜGT-yə üzvlüyü məsələsinə baxılmış və ÜGT-nin Baş katibi Kunio Mikuriya Fələstin dövlətinin potensialın gücləndirilməsi ilə bağlı proqramlardan faydalana biləcəyini və üzvlük məsələsinə isə digər beynəlxalq təşkilatlarla paralel olaraq baxılmasının daha uyğun olduğunu qeyd etmişdir. Sonda Siyasi Komissiyanın növbəti sessiyanın 21 iyun 2014-cü il tarixdə Brüssel şəhərində keçirilməsi qərara alınmışdır.

Xatırladaq ki, səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin bir sıra ölkələrin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşü keçirilmişdir.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında