Xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi ümummilli lider Heydər Əliyevin yaratdığı sabitliklə bilavasitə bağlıdır

 

 

 

Dekabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir. 

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir  R.Usubov tədbiri açaraq bu günlər respublikamızın hər yerində, eləcə də onun hüdudlarından kənarda xalqımızın taleyində misilsiz rolu olan Azərbaycanın müstəqilliyinin memarı, dövlətin qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anma tədbirlərinin keçirildiyini qeyd etmiş, bütün bunların ulu öndərin şəxsiyyətinə və möhtəşəm fəaliyyətinə böyük  hörmət və ehtiramın əyani göstəricisi olduğunu vurğulamışdır. 

Tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Daha sonra nazir ümummilli liderin hər bir azərbaycanlıya örnək olan mənalı ömür yoluna, zəngin dövlətçilik fəaliyyətinə dair geniş məruzə ilə çıxış etmişdir. R.Usubov qeyd etmişdir ki, fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha malik olan bu əvəzsiz dahi şəxsiyyət yalnız dahilərə xas olan nadir keyfiyyətləri sayəsində Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, daha sonra keçmiş sovet dönəmində müttəfiq respublikanın rəhbərindən müstəqil Azərbaycan dövlətinin qurucusu və Prezidenti vəzifəsinədək yüksəlmişdir. 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və məharətinin etirafı idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması üçün çox mühüm işlər görmüşdür.

 

1969-1982-ci illərdə respublikamızda müasir infrastruktur yaradılmış, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınmış, xeyli sayda fabrik və zavodlar tikilmişdi. Mədəniyyət tariximizdə iz qoyan onlarla görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş və başqa sənət xadimləri yetişirdi. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika Konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı intensiv surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı.

Bu dahi şəxsiyyətin daha bir uzaqgörən siyasəti Dağlıq Qarabağda Azərbaycan üsul-idarəsinin möhkəmləndirilməsi oldu. Yalnız ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi və ardıcıl siyasəti sayəsində vilayətdə əl-qol açmış erməni millətçiliyinə sipər çəkildi. Moskvadakı ali hakimiyyət dairələrinin təzyiqlərinə baxmayaraq Dağlıq Qarabağ şovinist ünsürlərdən təmizləndi. Görülmüş tədbirlər nəticəsində bölgənin dövlət qurumlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Erməni və Azərbaycan xalqları arasında düşmənçilik toxumu səpənlər geri çəkildilər. Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarət idi ki, bu müddətdə erməni separatçıları bir dəfə də olsun torpaq iddiasını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və vilayət üzrə ictimai-siyasi həyatın bütün sahələrində uğurlar, xoş əhval-ruhiyyə artdı.

Nazir R.Usubov ulu öndərin respublikamıza birinci rəhbərliyi müddətində hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də böyük bir fəaliyyət ortaya qoyduğunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, həmin illərdə Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verildi. Bütövlükdə, Azərbaycana ilk rəhbərliyi dövründə dahi rəhbər Heydər Əliyev, Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdı.

Daha sonra nazir müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz Heydər Əliyevin  ali hakimiyyətə qayıdışında gördüyünü, ulu öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildiyi günün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldığını, bununla da ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrünün başlandığını xatırlatmışdır.

O demişdir ki, ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, kriminogen durum tam nəzarətə götürüldü, ölkəmizdə sabitlik bərpa olundu. Vətəndaşlarımızın təhlükəsiz şəkildə yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq mühafizə orqanlarına inamı daha da artdı. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə yol açdı. Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ulu öndər 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam imzaladı.

Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərindəndir. Bu gün Azərbaycan, həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizə sahəsində əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

Nazir, general-polkovnik R.Usubov xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsinin məhz ümummilli liderin yaratdığı, nəsillərə əmanət etdiyi, milli sərvətimiz olan sabitliklə bilavasitə bağlılığını bir daha xatırlatmış, onu qorumağın, möhkəmlətməyin, dönməzliyini təmin etməyin isə hər birimizin müqəddəs vəzifə və vətəndaşlıq borcu olduğunu vurğulamışdır.

Daxili işlər naziri ümummilli lider Heydər Əliyev siyasi kursunun və onun müəllifi olduğu milli inkişaf strategiyasının ulu öndərin varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin üzərlərinə düşən məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında