Ümummilli lider Heydər Əliyevin anım günü xarici ölkələrdə də geniş qeyd olunmuşdur

 

 

 

 

İstanbul

Türkiyənin İstanbul şəhərindəki Sarıyer rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə bağlı mərasim keçirilmişdir.

Mərasim iştirakçıları Heydər Əliyevin möhtəşəm abidəsinin önünə əklillər qoymuş, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənmişdir.

Mərasimi açan Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs etmişdir. O demişdir ki, Heydər Əliyevin siyasi irsi təkcə Azərbaycana deyil, bütün türk dünyasına məxsus bir sərvətdir. Təsadüfi deyildir ki, bu dahi siyasətçinin əziz xatirəsi Türkiyədə və bütün dünyada ehtiramla anılır. 

Azərbaycan Milli Məclisinin deputatı Eldar İbrahimov Heydər Əliyevin müxtəlif dövrlərdəki fəaliyyəti, Naxçıvan Ali Məclisinin sədri olduğu və Azərbaycana ikinci dəfə başçılıq etdiyi dönəmdəki xilaskarlıq missiyası haqqında ətraflı məlumat vermişdir. Natiq vurğulamışdır ki, ulu öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə Araz çayı üzərindən “Ümid” körpüsünü salmaqla iki qardaş ölkə arasında daha sıx əlaqələrin əsasını qoymuşdur. Daha sonra xalqın təkidli tələbi ilə yenidən Azərbaycana hakimiyyətə qayıdan Heydər Əliyevin səyləri ilə nəhəng enerji və kommunikasiya layihələri həyata keçirilmişdir.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında demişdir ki, Bosfor boğazının sahilindəki ən gözəl məkanda türk dünyasının böyük oğlu Heydər Əliyevin abidəsinin ucaldılması rəmzi məna daşıyır. Məhz bu dahi siyasətçinin təşəbbüsü və gərgin səyləri ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan boru kəməri İstanbulu ekoloji fəlakətdən qurtarmış, tankerlərlə xam neft daşınmasını azaltmışdır. Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində indi Azərbaycan bütün türk dünyasının ən böyük təmsilçisi olmuşdur.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar çıxışında Heydər Əliyevin tapşırıq və tövsiyəsi ilə iki qardaş ölkənin diaspor təşkilatlarının erməni lobbisinə qarşı birgə mübarizə aparmasından bəhs etmişdir. O vurğulamışdır ki, Ulu Öndərin göstərişləri təkcə Azərbaycanın deyil, türk diasporunun da təşkilatlanmasını canlandırmışdır. Bütün bunların nəticəsidir ki, indi dünyada mütəşəkkil, erməni lobbisinə layiqli cavab verə bilən Türkiyə-Azərbaycan diasporu vardır.

* * *

 Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərindəki qədim Darüziafə qəsrində ulu öndəri Heydər Əliyevin  vəfatının onuncu ildönümü ilə əlaqədar ehsan vermişdir.

Salona toplaşmış Bursa Uludağ Universitetinin müəllim və tələbələri, şəhər bələdiyyəsi və ictimaiyyətin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Din xadimi Heydər Əliyevin ruhuna müqəddəs Qurandan Yasin surəsi oxumuşdur.

Uludağ Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Tayyar Arı ulu öndər Heydər Əliyevin Azərbaycan, Türkiyə və bütün türk dünyası qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişdir.  

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin əməkdaşı Ramil Ağayev təmsilçiliyin Türkiyədə həyata keçirdiyi layihələr, gördüyü işlərdən bəhs etmişdir.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Təbriz

Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu  ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Əvvəlcə ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.

İranın Şərqi Azərbaycan valiliyi aparatının rəhbərinin, vilayətin digər rəsmilərinin, Türkiyə Respublikasının Təbrizdəki baş konsulunun və konsulluğun əməkdaşlarının, Təbrizdə yaşayan Azərbaycan vətəndaşlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə respublikamızın Təbrizdəki baş konsulu Əli Əlizadə aşmışdır. O, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına müfəssəl məlumat vermiş, xalqımızın xilaskar oğlunun  ölkəmiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında rolundan bəhs edən baş konsul bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, bir sıra beynəlxalq və regional iqtisadi layihələrin gerçəkləşməsi və digər bu kimi nailiyyətlər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkədə ictimai-siyasi sabitlik əzmlə qorunur, xalqının güzəranı günbəgün yaxşılaşır. Odur ki, qədirbilən Azərbaycan xalqı öz müdrik oğlunun adını həmişə uca tutur, əziz xatirəsini ehtiramla yad edir. Heydər Əliyevin işıqlı xatirəsi təkcə Azərbaycanda deyil,  bir çox xarici ölkələrdə, həmçinin dost və qonşu İran İslam Respublikasında, eləcə də Təbriz şəhərində daim ehtiramla, böyük  rəğbətlə anılır.

Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və fotosərgi nümayiş olunmuş, həmçinin ulu öndərin xidmətlərini və Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən kitablar, jurnallar və digər əyani vəsaitlər sərgilənmiş və iştirakçılara paylanmış, ehsan süfrəsi açılmışdır.

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

İslamabad

Azərbaycanın Pakistandakı səfirliyi ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar geniş mərasim keçirmişdir.

Tədbirdə hökumət strukturlarının nümayəndələri, səfirliyin əməkdaşları, jurnalistlər iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Səfir ulu öndərin müstəqil Azərbaycan dövlətinin yaradılması, inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışmış, onu dövlətimizin və dövlətçiliyimizin memarı adlandırmışdır. D.Şikarov demişdir ki, məhz dahi rəhbərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasət xətti müəyyənləşdirilmiş, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələr qurulmuş, iqtisadiyyatımız dirçəlmiş, ölkəmiz demokratik inkişaf yolu tutmuşdur.

Səfir bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursu, dövlətçilik ənənələri və ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirir. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətə çevrilmişdir və iqtisadiyyatımız durmadan inkişaf edir.

D.Şikarov Heydər Əliyev Fondunun uğurlarından danışmışdır. Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində humanitar layihələr həyata keçirir. Diplomat qeyd etmişdir ki, ümummilli liderin adının əbədiləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.

Sonra Bari İmam ziyarətgahında ulu öndərin ruhuna dualar oxunmuş, 300-dən çox imkansız adama ehsan verilmişdir.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

Riqa

Dekabrın 12-də Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının  10-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın  banisi, ulu öndər Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov bildirmişdir ki, Heydər Əliyevin bütün fəaliyyəti doğma Azərbaycana həsr olunmuşdur. O, böyük azərbaycanlı idi və azərbaycanlı olması ilə fəxr edirdi. O, böyük şəxsiyyət idi. Ölkə ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqiyə onun sayəsində nail olmuşdur.

“Azəri” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin başçısı Ulduzxan Əhmədov bildirmişdir ki Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olmuşdur.

“Azəri” cəmiyyətinin 25 il əvvəl Latviyada yaradılmasını diqqətə çatdıran U.Əhmədov müasir Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin rolunu vurğulamışdır.

Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq  vurğulamışdır ki, Azərbaycan xalqı ölkənin inkişafına, sabitliyə və asayişə görə ümummilli liderə borcludur. Milyonlarla insan üçün ümid işığına çevrilib onların qəlbində əbədi yer tutmaq heç də bütün rəhbərlərə və liderlərə qismət olmur. Hələ həyatda ikən əfsanəyə çevrilən Heydər Əliyev insanların qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

Həştərxan

Rusiya Federasiyasının Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə ümummilli liderin xatirəsini anım mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş və ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər Heydər Əliyevin fəaliyyəti, ulu öndərin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tarixində əvəzsiz rolu haqqında danışmışlar.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüşdür. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev nəinki Azərbaycan xalqının parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.

Çıxış edənlər, həmçinin Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərindən bəhs etmiş, onun ölkələrimiz arasında əlaqələrdə əsl dönüş yaratdığını vurğulamışlar.  Azərbaycan ilə Həştərxan vilayəti arasında ikitərəfli əməkdaşlıq, o cümlədən həyata keçirilən genişmiqyaslı layihələr haqqında da məlumat verilmişdir.

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz ulu öndərin adını daşımasından fəxr etdiklərini bildirmişlər.

* * *

Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsi önündə keçirilmiş anım mərasimində şəhərin rəhbərliyi, iş adamları, diaspor üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz iştirak etmişlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoyulmuşdur.

Anım mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulamış, onun əsasını qoyduğu siyasətin və həyata keçirdiyi uğurlu islahatların əhəmiyyətindən danışmışlar. Çıxışlarda Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən, Azərbaycanın bu günü və gələcəyi üçün onun müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən bəhs edilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev sözün əsl mənasında əvəzsiz lider və bənzərsiz dövlət xadimi idi. Müasir müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev xalqın qəlbində ümummilli liderlik zirvəsinə yüksəlmişdir.

Çıxışlarda, həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.

Kişineu

2013-cü il dekabrın 11-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil etmişdir. Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən məlumat verilmişdir.

Mərasimdə Moldova Respublikasının rəsmi şəxsləri, Moldova Respublikasının sabiq Baş nazirləri Vasileu Tarlev və Dmitriu Braqiş, Polşa, Macarıstan, İtaliya, Türkiyə, Bolqarıstan, Çin, Ukrayna, Belarus və Gürcüstanın Moldovadakı səfirləri, Kişineuda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Moldovanın ombudsmanı Aureliya Qriqoriu, Moldova Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov, Moldova ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Səfirliyin binasının foyesində ulu öndərin büstü önünə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi adından tər-çiçəklər qoyulmuşdur.

Səfir Namiq Əliyev öz çıxışında Heydər Əliyevin şanlı həyat yolu, müstəqil Azərbaycanın təşəkkül və firavanlıq mərhələləri barədə söhbət açmışdır.

Tədbirin bütün iştirakçılarına Moldovada çıxan “Ekspert Novostey” qəzetinin bu il 6 dekabr tarixli nömrəsinin nüsxələri paylanmışdır. Qəzetin həmin nömrəsində Azərbaycanın dahi oğlunun xatirəsinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” sərlövhəli böyük məqalə dərc edilmişdir.

Sonra klassik musiqidən ibarət kiçik konsert olmuşdur. Tədbir iştirakçıları qarşısında çıxış edən Moldovanın “Ambassado” simli kvarteti Puççini, Vivaldi, Şubert, Qara Qarayev, Yevgeni Doqa və digər məşhur bəstəkarların əsərlərindən parçalar ifa etmişdir.

 

Konsertdən sonra qonaqlar çay süfrəsinə dəvət edilmişlər. Süfrədə Azərbaycan milli şirniyyatları: paxlava, şəkərbura, qoğal və s. düzülmüşdür.

Küveyt

Dekabrın 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən səfir Tural Rzayev müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin öz həyatının ölkəmizin çiçəklənməsi və inkişafına həsr etdiyini, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulamışdır.

Səfir qeyd etmişdir ki, Heydər Əliyev 1993-cü ildə xalqın xahişi ilə yenidən hakimiyyətə gələrək Azərbaycanı parçalanmaqdan, vətəndaşlıq müharibəsindən qurtarmışdır. Belə bir mürəkkəb və gərgin zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və zəngin dövlətçilik təcrübəsi sayəsində mövcud ciddi problemlər qısa müddət ərzində aradan qaldırılmış, ölkəmiz davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin qayıdışı və yürütdüyü uğurlu siyasət nəticəsində müstəqilliyimiz möhkəmləndirilmiş və uğurlu neft strategiyası həyata keçirilmişdir. Bütün bunların nəticəsində dövlətimizin hərtərəfli inkişafının təməli qoyulmuş və beynəlxalq aləmdə nüfuzu artmışdır.

Tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında sənədli filmə baxmış, ümummilli liderə həsr olunmuş foto sərgi ilə tanış olmuşlar.

Ulu öndər Heydər Əliyevin anma günü ilə əlaqədar Küveytin nüfuzlu “Əl-Rai” qəzetində görkəmli siyasi xadimin dövlət idarəçiliyindən bəhs edən məqalə də çap olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında