Zəmanəmizin dahisi, gələcəyimizin yolgöstərəni

 

 

 

 

 

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bugünki, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası mühüm yer tutur. Taleyüklü hadisələrlə yadda qalan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan bu epoxa ulu öndərimiz, dünya şöhrətli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr Azərbaycanın müasir tarixinin bütöv bir salnaməsini təşkil edir. Bu şanlı salnamənin hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb.

Heydər Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq nüfuzlu siyasətçilər, görkəmli ictimai-siyasi xadimləri ulu öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın rəhbəri deyil, dünya miqyaslı lider, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsi adlandırmışlar. Ümummilli lider Heydər Əliyev zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Dünyada cərəyan edən proseslərə təsiri baxımından daim seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyət nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutub.

Tanınmış rus jurnalisti Oleq Sıqanov Heydər Əliyev fenomeninə çox yüksək qiymət verərək yazır: “Heydər Əliyev lazımi vaxtda Azərbaycan üçün elə bir nadir, zəruri bənd, ziyalılar sinfinin hakimiyyət zirvəsinə çatmış elə bir nümayəndəsi olmuşdur ki, o, özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli ideyanı – müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etməyə, həm də millətin ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini – gözəl idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan cəsarətli novatorları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə yönəltməyə nail olmuş nümayəndəsi olmuşdur. Heydər Əliyev hətta çoxlarının bu uğura inanmadığı, tarixin üfüqləri, tarixi perspektiv siyasi qeyri-sabitlik xaosunun təsiri ilə aradan qalxdığı vaxtlarda da bunu edə bilmişdir”.

Həqiqətən də, ulu öndər Heydər Əliyev çoxlarının, bəzən isə hətta heç kəsin edə bilmədiyi işləri öz dərin biliyi və bacarığı, polad iradəsi sayəsində həyata keçirməyə müvəffəq olmuşdur. Onda peşəkar siyasətçiyə və dövlət başçısına xas olan bütün nadir keyfiyyətlərlə yanaşı, fitri qabiliyyət vardı. Qarşıya qoyduğu məqsədə doğru nə qədər maneələr törədilsə də, qətiyyətlə irəliləyirdi. Hesablamalarında yanılmır, atdığı hər hansı addımın nəticəsini qabaqcadan görə bilir, auditoriyanı ələ almağı və müsahibini inandırmağı bacarırdı. İncə diplomatik manevrlər, gözlənilməz gedişlər, siyasətdə ardıcıllıq ona daim uğur gətirib. Prezidentin uğuru isə bilavasitə dövlətin uğuru deməkdir.

 Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Dövlət quruculuğunda onun ən yaxm silahdaşı məhz Azərbaycan xalqı idi. Hakimiyyətə qayıdışının ilk günündən Heydər Əliyev milli birlik və vətəndaş həmrəyliyinə nail olmağa var qüvvəsi ilə çalışır və xalqı məhz buna çağırırdı: “İndi Azərbaycan üçün bir amal var, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü təmin etmək. Kimin əlindən nə gəlirsə bu amal, bu məqsəd naminə etməlidir. Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı birləşməlidir”.

Öz liderinə, dahi siyasi xadimə məhəbbət bəsləyən xalq bu müraciətlərə biganə qalmadı və sonrakı proseslər də göstərdi ki, xalqın iradəsi qarşısında hər hansı bir silahlı qruplaşma, siyasi qüvvə acizdir. Özünün azərbaycanlı olmağı ilə daim qürur duyan ulu öndər: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”, – deyərək, bunu milli məfkurəyə çevirdi və təkcə respublikanı yox, bütün dünya azərbaycanlılarını bu məfkurə ətrafında birləşdirdi.

Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur.  Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkənin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi. Böyük İpək Yolunun bərpası və onun mərkəzi kimi Azərbaycanın seçilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşmağa başlaması ölkənin mövqeyini gündən-günə möhkəmləndirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bilavasitə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünü ulu öndər ləğv etdi.

Ulu öndərin 90 illik yubileyi ilində Azərbaycan xalqının, sözün həqiqi mənasında, hədsiz qürur hissi keçirməyə haqqı var. Çünki Azərbaycanın dövlət müstəqilliyinin  möhkəm bünövrə üzərində qurulduğu, əbədi prosesə çevrildiyi artıq bütün dünyaya bəllidir. Bu möhkəm  bünövrə, müstəqil Azərbaycan dövlətinin sarsılmaz sütunları  məhz  Heydər Əliyevin polad iradəsi ilə ərsəyə gəlib və ucaldılıb.

Ulu öndərimzin başladığı işlər onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir.

Ötən 10 il ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin simasında  Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan  qüdrətli  liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Məktəbimizin kollektivi cənab İlham Əliyevin növbəti seçkilərdə də xalqımızın etimadını qazanmasını hədsiz sevinc və  qürur hissi ilə qarşıladı. Çünki dünya şöhrətli liderimiz, dövlətimizin başçısı İlham Əliyev məhz bu məktəbdə təhsil alıb, özünün dəfələrlə bildirdiyi kimi, 6 saylı məktəb onun üçün doğma və əzizdir. Bu gün Azərbaycanın dünya birliyinin ən önəmli üzvlərindən birinə çevrilməsində cənab Prezidentin  misilsiz xidmətləri var. Dünya əhəmiyyətli qlobal layihələr məhz Azərbaycanın təşəbbüsü, razılığı və iştirakı ilə həyata keçirilir. Bütün bunlar təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasi kursa və bu kursun hazırda regionumuzun yeni parlaq lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun  olaraq yeni keyfiyyət və məzmunda uğurla davam etdirilməsi sayəsində qazanılıb.

Ulu öndər xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə, təhsilinə və mədəniyyətinə həmişə böyük qayğı ilə yanaşıb. Bu gün cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin qorunması, inkişafı və dünyada təbliği istiqamətində olduqca böyük işlər görür. Milli təhsilimizin tərəqqisinə böyük önəm verir. Azərbaycanın inkişaf meyarları  bütün istiqamətlər üzrə Avropa dövlətlərinin standartlarına yüksəlir.

Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti hazırda nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyadakı proseslərə təsir etmək qüdrətinə malikdir. Ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2015-ci ildə Azərbaycanın ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi də dünyadakı nüfuzumuzun əyani təsdiqidir. Təsadüfi deyil ki, bir çox göstəricilərə görə Azərbaycan nəinki MDB məkanını, eləcə də Şərqi Avropa ölkələrini arxada qoyub.

    Son 10 ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Bu gün ulu öndərimiz Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ideyaları yaşayır və bu siyasi kursa Azərbaycanda alternativ yoxdur.

Gülşən ORUCOVA, Bakının Səbail rayonundakı 6 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında