Bu olduqca zəngin tarixdir. Bununla bağlı keçirilən anım mərasimləri, konfranslar, ictimai-siyasi tədbirlər, ideoloji məzmunlu diskusiyalar imkan verir ki, Heydər Əliyev şəxsiyyəti, fəaliyyəti və qəhrəmanlığı daha dərindən dərk olunsun. Buna Azərbaycan gəncliyinin ehtiyacı var. Məhz onlar bilməlidirlər ki, müasir dövlətimiz hansı mübarizələrdən keçərək yaranıb.
Güman edirəm ki, dahi şəxsiyyətin yubileyi ölkə ictimaiyyəti tərəfindən olduqca geniş və yüksək səviyyədə keçirildi. Builki anım mərasimi isə yubiley tədbirlərinin mənalı sonluğu kimi səslənir. Heydər Əliyevin şəxsiyyəti o qədər nəhəngdir ki, o bir, iki, üç və daha çox aylarda keçirilən tədbirlərlə bitmir. Əslində, bu tədbirlər böyük kontekst, fon yaradır ki, biz bu böyük şəxsiyyətin fəaliyyətini, mübarizəsini hər gün öyrənək. Yəni o nə qədər Azərbaycan ictimai fikrinin önündə olacaqsa və nə qədər bizim təfəkkürümüzdə, beynimizdə, hisslərimizdə yer alacaqsa, o qədər də Azərbaycan möhkəm, qüdrətli olacaq və irəli gedəcək. Bundan sonra da müxtəlif formalar tapmaq lazımdır ki, bu böyük tarixi şəxsiyyəti yalnız Azərbaycanda deyil, bütövlükdə türk dünyasında, bütün dünyada qədərincə tanıdaq. Bu gün bütün dünya üçün Heydər Əliyevin şəxsiyyəti çox maraqlıdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi- ideoloji irsi Azərbaycan təfəkkür- düşüncə mədəniyyətinin zəngin xəzinəsi, gənc azərbaycanlı siyasətçilərin ən müxtəlif məsələlərlə bağlı vaxtaşırı müraciət etməli olduqları böyük bir siyasət akademiyasıdır. Sovet sosialist rejiminin nisbətən liberallaşdığı, Azərbaycanda milli dəyərlərə qayıdış hərəkatının başlandığı 60- cı illərdə dövlət təhlükəsizlik orqanında yüksək vəzifə daşıyan, sovet sosialist ideologiyasının “mətbəx”inə dərindən bələd olan Heydər Əliyev həmin komitənin rəhbəri təyin edildikdən sonra on illər boyu Azərbaycan ziyalılarının qənimi olan bu idarəni ziyalılığın, yeni mütərəqqi (və milli) düşüncənin müdafiəçisinə çevirdi.
Millətçi mövqeyi ilə tanınan xalq şairi Bəxtiyar Vahabzadə xatırlayırdı ki, 60- cı illərdə hansısa gözəgörünməz güclü bir əl onu həbs olunmaqdan, təqiblərdən müdafiə edirdi. Eyni fikrə Anarın, Xəlil Rza Ulutürkün, Nəriman Həsənzadənin xatirələrində də rast gəlmək mümkündür. Xalqın mənən, ruhən yüksəlişi üçün onun milli mədəniyyətini, mənəvi dəyərlərini yaradan şəxsiyyətləri qorumağın gərəkliyini yaxşı bilən Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk illərdən Azərbaycanda yaradıcı ziyalıların - alimlərin, yazıçıların, incəsənət xadimlərinin, müəllimlərin nüfuzunu o zamana qədər görünməmiş bir miqyasda artırdı.
Azərbaycanın ədəbiyyat filosofu Yaşar Qarayev müasir Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyevin rolunu belə qiymətləndirirdi: “Onun ifasında və icrasında siyasət də sənət, siyasətçi də sənətkar səviyyəsinə qalxa bilir. Daha doğrusu, siyasətçi də sənətkara çevrilir, filosof təcəssümü, mütəfəkkir obrazı alim statusu ala bilər. Bütün bunlar Heydər Əliyevin fəaliyyətindən həm də bir sənət və sənətkarlıq hadisəsi kimi danışmağa imkan verir".
Ziyalılıq Heydər Əliyevin yürütdüyü idarəçilik siyasətinin mahiyyətində idi – 70- ci, 80- ci illərdə Azərbaycan yazıçılarının, bəstəkarlarının, rəssamlarının və s. elə bir qurultayı olmamışdı ki, respublika əhəmiyyətli elə bir məsələ yox idi ki, respublika rəhbəri mütəxəssislərlə məsləhətləşməsin. Təsərrüfat işlərindən başlamış ən mürəkkəb ideoloji problemlərin həllinə qədər Heydər Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də bir intellekt əsəri, gələcəyə hesablanmış təcrübə mənbəyi idi. Azərbaycanlı gənclərin SSRİ- nin mötəbər ali məktəblərində təhsil almasını təmin edəndə də, milli təhsilin keyfiyyətini yüksəltmək, miqyasını genişləndirmək, Elmlər Akademiyasının fəaliyyətini canlandırmağa çalışanda da, görkəmli fikir adamlarını respublikanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də ulu öndər Azərbaycan ziyalılığının potensialını hərəkətə gətirir, yeni tipli ziyalı zümrəsinin formalaşmasının əsasını qoyurdu. Heydər Əliyev elə lik illərdən Moskvanın təyin etdiyi yüksək çinli məmur- icraçı imicini sındırdı. O, dövlət idarəedicisindən çox, millət qurucusu kimi fəaliyyət göstərməyə başladı ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə etmək olardı.
Heydər Əliyevin 70- ci, 80- ci illərdə həyata keçirdiyi siyasətin ziyalılıq səviyyəsi özünü aşağıdakı əlamətlərdə göstərirdi: elmilik, intellektuallıq, erudisiya; yüksək mədəniyyət, zövq, sözün geniş mənasında sənətkarlıq; millilik; novatorluq; varislik, ardıcıllıq; kollegiallıq və s.
Heydər Əliyev respublikanın inkişafı üçün bu və ya digər işi görməyə başlayanda mövcud təcrübələri öyrənir, məsələnin mahiyyətinə (elminə!) nüfuz edir, ən xırda detalları da nəzərdən kənarda qoymurdu. Özünəməxsus intellektuallığı, erudisiyası ilə atılacaq hər addımı ölçüb- biçir, profesionalların məsləhətlərini diqqətlə dinləyirdi. Hətta yaxşı bildiyi məsələləri də dönə-dönə müzakirə etməkdən usanmırdı. Və hər iş yüksək mədəniyyətlə, zövqlə, peşəkarlıqla görülürdü. O, kimin harada cəmiyyət üçün daha faydalı olacağını, nəyi necə etdikdə effekt verəcəyini istedadla müəyyən edirdi.
Mənsub olduğu millətin mentalitetinin, mənəvi- mədəni dəyərlərinin bilavasitə daşıyıcısı olduğundan ümummilli lider olaraq o, hər işdə milli atribusiyanı qoruyurdu. Ulu öndər bilirdi ki, xalqın ruhunun qəbul edə bilməyəcəyi hər hansı addım, ilk baxışdan nə qədər zəruri görünsə belə, təqdir oluna, ümummilli dəyərə çevrilə bilməz. Odur ki, bugün böyük şəxsiyyətin 70- ci, 80- ci illərdə həyata keçirdiyi elə bir tədbiri, hadisəni təsəvvür etmək mümkün deyil ki, xalqın yaddaşında qalmasın, onun tarixinə düşməsin. Hara baxsan, onun əsərlərini görərsən.
Azərbaycanın dövlət başçısı öz siyasi- ideoloji fəaliyyətində milli olduğu qədər də novator idi. Moskvanın verdiyi imkanlar daxilində (bəzən qoyulmuş məhdudiyyəti belə aşaraq) yenilikçi düşüncəni nəinki müdafiə edən, eyni zamanda onun respublikaya axınının təşəbbüskarı olan Heydər Əliyev elə bir ictimai- siyasi, mənəvi şərait yaratmışdı ki, Azərbaycanda dissident, yaxud “sandıq ədəbiyyatı” problemi olmamışdı. Alimlərin, yazıçıların, incəsənət xadimlərinin “anti- sovet” və ya “millətçi” əsərləri nəinki təqib, hətta çox hallarda təqdir edilir, gənc nəslin eksperimentlərinə qayğı ilə yanaşılırdı. “Qobustan”, “Ulduz”, “Azərbaycan” jurnalları, bir sıra elmi toplular, Azərbaycan xalqının etnogenezisinin müzakirə olunduğu konfranslar, cəmiyyətə açıq elmi- ideoloji lektoriyalar və s. yeni fikri yayır, yeni nəsil yetişdirirdi. Moskvanın respublikadakı xəfiyyələri, peşəkar danosçuları nə qədər canfəşanlıq etsələr də, respublika rəhbəri bütün təzyiqləri öz üzərinə götürərək, yaratdığı ictimai ovqatı—azadlıq əhvali- ruhiyyəsini təkidlə qoruyur, inkişaf etdirirdi. Heydər Əliyev özündən əvvəlki birinci katiblərdən fərqli olaraq, idarəçilik, geniş mənada quruculuq fəaliyyətində təsadüflərin diqtəsi ilə deyil, gələcəyə hesablanmış strateji ardıcıllıqla hərəkət edir, gördüyü böyük işin varisliyinə çalışırdı. O bilirdi ki, gördüyü işlər “Azərbaycanda əbədidir”. Və bu əbədilik missiyası ona imkan verirdi (hətta təkid edirdi!) ki,Sovetlər Birliyinin hələ kifayət qədər güclü olduğu bir dövrdə belə xalqının mənafeyi üçün işləməkdən yorulmasın, elə bir milli mənəvi mühit yaratsın ki, millət özünün kimliyini dərk etsin.
Azərbaycanın lideri həyata keçirdiyi bütün tədbirlərdə cəmiyyətin, xüsusilə ziyalıların bilavasitə iştirakını təmin etməklə böyük mənada kollegiallıq göstərir, xalqı fəaliyyətə ruhlandırır, “fəal həyat tərzi”ni təbliğ edirdi. Azərbaycanlıları sosial- siyasi proseslərdən təcrid etmək, milləti passivləşdirmək “təcrübə”sini öz güclü iradəsi ilə məhz Heydər Əliyev aradan qaldırdı.
Bütün bunlar Heydər Əliyev siyasətinin ziyalılıq səviyyəsinin göstəricisi, mənsub olduğu xalqa böyük ziyalı xidməti idi. Milləti maarifləndirmək, mütəşəkkil etmək, dünyaya çıxarmaq, onu övlad məhəbbəti lə sevmək, gələcəyə gedən yolunu işıqlandırmaq və nəticə etibarilə, onun ziyalı liderinə çevrilmək məhz Heydər Əliyevə qismət oldu. Elə ona görə də Azərbaycan xalqı milli azadlıq, dövlət müstəqilliyi əldə etdiyi ilk günlərdən, bütün təxribatlara baxmayaraq, öz liderini axtardı, tapdı və məhz onun rəhbərliyi ilə dünya birliyinin layiqli üzvü oldu.
Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki ziyalılığın birbaşa davamı idi. Azərbaycan xalqının ümummilli lideri birinci dəfə respublika rəhbərliyinə gəldikdən sonra hər şeydən əvvəl xalqın nüfuzlu ziyalılarını öz ətrafına topladı, onların intellektindən xalqın, respublikanın mənafeyi naminə istifadə etdi ikincisi, ziyalıların ictimai mövqeyini yüksəltdi, onlara dövlət qayğısı göstərdi; üçüncüsü, Azərbaycanın elm, mədəniyyət xadimlərini ittifaq miqyasında tanıtdı; dördüncüsü, ziyalılığın yeni nəslinin milli (müasir!) dəyərlər əsasında formalaşmasını təmin etdi; nəhayət, ictimai həyatın hər bir sahəsində ziyalılığı əsas göstərici səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin ən qaranlıq dövrlərindən milli ziyalı potensialını üzə çıxaran, millətin yaddaşını bərpa edən, Nizaminin, Əcəminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun, H.Zərdabinin C.Məmmədquluzadənin, N.Nərimanovun, H.Cavidin, Ü.Hacıbəyovun, C.Cabbarlının, S.Vurğunun şəxsində Azərbaycan ziyalılığına xüsusi status verən Heydər Əliyev hələ müstəqillik dövrünə qədər Azərbaycanın ən böyük ziyalısı, idyea- fikir cəngavəri, gələcəkdə müstəqil Azərbaycanın dövlətini yaradacaq azərbaycançılıq ideologiyasının banisi idi.
Hələ sovetlər birliyi dövründə, olduqca mürəkkəb tarixi şəraitdə ulu öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə bağlı tarixi əhəmiyyətli xidmətlər göstərmişdir. 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Prezident Fərmanından sonra ana dilimizin tətbiqi işi daha mükəmməl səviyyədə həyata keçirildi və respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi - Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər səslənəndə ulu öndərin məramı ilə çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin sərəncamlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının hazırlanması və çap olunması cənab Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğısını bir daha təsdiqlədi.
Ümummilli lider Heydər Əliyevin nizam verdiyi ziyalılığın dövlətçiliyə yönəlik çağdaş durumu Azərbaycanın suverenliyinin dönməzliyində mühüm amildir. Millət atası milli ziyalı zəkasına, yurd sevgisinə və dəyanətinə arxalanaraq təkrar-təkrar deyirdi: “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir.”
Nizami CƏFƏROV,
Milli Məclisin komitə sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri,
AMEA-nın müxbir üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.