Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi

 

 

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir.

Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Parisdə yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan və çalışan həmvətənlərimiz iştirak etmişlər.

Mərasimi giriş özü ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov açmışdır. Səfir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və şərəfli dövlətçilik fəaliyyətinin həlledici məqamları haqqında geniş məlumat verərək demişdir: “XX əsrin ortalarından etibarən mühüm dövlət vəzifələri tutan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqının və ölkəsinin yüksəlişi yolunda yorulmadan çalışmağı başlıca həyat amalına çevirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan sözün əsl mənasında dirçəliş və çiçəklənmə dövrünü yaşamış, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda çox böyük uğurlara nail olmuşdur. O, azərbaycançılıq ideologiyasının təməlini qoymuş və bu da öz növbəsində milli dövlətçiliyimizin inkişafına əvəzsiz töhfələr vermişdir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və dərin düşünülmüş iqtisadi tərəqqi xətti nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda lider ölkəyə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuza sahib olmuşdur. Ulu öndər Heydər Əliyev bütün ömrü boyu Azərbaycana sədaqətlə xidmət etmiş, öz fəaliyyətində həmişə xalqına arxalanmışdır. Buna görə də xalqımız ümummilli lider və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur”.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov böyük azərbaycanlı Heydər Əliyevin millət və dövlət qarşısındakı misilsiz xidmətlərinin fəlsəfəsini müəyyənləşdirən başlıca məqamlara diqqət yönəldərək demişdir: “Bu gün bizi bu mərasimə toplayan böyük şəxsiyyətin işığıdır. Böyük əməlləri, adı, imzası tarixdə qalan qüdrətli şəxsiyyətin işığı. Belə işığa tək-tək insanların da, bütöv millətlərin də daim ehtiyacı vardır. Xatirəsini andığımız görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən qüdrətli şəxsiyyətlərindən biridir. O, varlığı millətinin varlığına qovuşmuş nadir liderlərdəndir. Hər bir millət, hər bir dövlət üçün onun müstəqilliyi ən böyük sərvətdir. Bu, amerikalı üçün də belədir, ingilis üçün də, fransız üçün də, alman üçün də və əlbəttə, azərbaycanlı üçün də. Lakin biz -  azərbaycanlılar dövlət müstəqilliyinin qiymətini də, qədrini də bəlkə də amerikalıdan da, fransızdan da, ingilisdən də, almandan da artıq hiss edirik. Bu təsadüfi deyildir. 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurdu. Lakin təəssüflər olsun ki, düz iki il sonra kommunistlər bu müstəqilliyi devirdilər. Müstəqilliyini itirən Azərbaycan sonra 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Məhz bu səbəbə görə biz indi dövlət müstəqilliyimizi  başqalarından qat-qat artıq dəyərləndiririk.

Ulu öndər Heydər Əliyevə Azərbaycan xalqı ən əvvəl ona görə borcludur ki, o, müasir Azərbaycan dövlətinin qurucusudur. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin tarixin dəhşətli hökmü ilə biz yenə iki il sonra həmin müstəqilliyi itirə bilərdik. Çünki bir sıra xarici qüvvələr Azərbaycana qarşı çox təhlükəli planlar qurmuşdular. O zaman Heydər Əliyevin 70 yaşı vardı və o artıq siyasətdən, dövlət işindən getmişdi. Lakin xalqının çətin günündə bu böyük vətənpərvər biganə qala bilmədi. Xalq onu bir xilaskar kimi dəvət etdi və Heydər Əliyev millətinin istəyi ilə yenidən siyasət meydanında göründü. Zəngin təcrübəsi, qətiyyəti, güclü iradəsi, dərin və çoxcəhətli bilikləri ilə o, xalqını, gənc Azərbaycan dövlətinin müstəqilliyini qoruya bildi. Bu müstəqilliyi möhkəmləndirərək, qüvvətləndirərək XX əsrdən XXI əsrə, ikinci minillikdən üçüncü minilliyə çatdırdı. İndi Azərbaycanın müstəqilliyinin 23 yaşı vardır. Buna görə Azərbaycan xalqının minnətdar, borclu olduğu insanlar sırasında Heydər Əliyevin adı birincidir. Nə qədər ki, Azərbaycan xalqının müstəqil dövləti olacaq, Heydər Əliyevin adı məhəbbətlə anılacaqdır. Çünki Heydər Əliyev bu müstəqilliyin memarıdır. Heydər Əliyevin adı və şəxsiyyəti Azərbaycan müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin ən parlaq rəmzlərindəndir. Bugünkü mərasimdə böyük azərbaycanlı Heydər Əliyevin xatirəsini anırıq. Amma bu həm də xalqımız, dövlətimiz, müstəqilliyimiz, bayrağımız, indimiz və gələcəyimiz haqqında düşünmək üçün daha bir imkandır. Heydər Əliyev ömrünün sonlarında son dərəcə uzaqgörənliklə müdrik bir fikir söyləmişdi. Demişdi ki, mən həmişə Azərbaycanda olacağam. Tarix həmin sözlərin doğruluğunu sübut etmişdir. Heydər Əliyev 10 ildir ki, həyatda yoxdur. Lakin bu illərin hamısında o, hər an Azərbaycanla, azərbaycanlılarla birgə olub. İndi, bu dəqiqələrdə də buradadır, bizimlədir. Bir insan hər an məhəbbətlə, sayğı ilə anılırsa, əlbəttə ki, o canlıdır".

Daha sonra mərasim iştirakçıları ümummilli lider haqqında müxtəlif xatirələrini və düşüncələrini bölüşmüşlər.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında