Doğma torpaqlarından məcburi köçkünə çevrilmiş soydaşlarımız arasında ən çox məhrumiyyətə düçar olmuş, əziyyət çəkmiş insanların laçınlılar olduğunu söyləsək, yanılmarıq. 1992-ci ilin güclü yaz yağışları dövründə isti ocaqlarından qəfil perik salınmış, çöllərə səpələnmiş on minlərlə Laçın sakininin problemləri yalnız 1 il sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi geniş və ardıcıl tədbirlər nəticəsində aradan qaldırılmağa başladı. Laçınlılar ulu öndərin bu atalıq qayğısını həmişə dərin minnətdarlıqla yad edirlər. Bu xüsusi qayğını son 10 ildə Prezident İlham Əliyev də yüksək səviyyədə davam etdirir.
Rayonun rəhbər qurumlarının yerləşdiyi Taxtakörpü qəsəbəsinə budəfəki səfərimdə əsas mövzu qış mövsümü ilə bağlı bu il həyata keçirilmiş tədbirlər olsa da, son 10 ildə həyata keçirilmiş işlər barədə məlumat diqqətimi daha çox cəlb etdi. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu müddətdə əvvəlki illərdəkindən 15-20 dəfə çox iş görüldüyünün ciddi marağıma səbəb olduğunu bilib bu barədə ətraflı söz açdı:
– Ümummilli lider Heydər Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Doğma torpaqlarından qovulmuş insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. Laçın rayonunun ərazisinin işğal altında olmasına baxmayaraq, bütün regionlarda olduğu kimi, rayon sakinlərinin sıx məskunlaşdıqları Taxtakörpü ərazisində də geniş abadlıq, quruculuq işləri həyata keçirilir. Xüsusilə, 2003-2013-cü illərdə rayonun məcburi köçkünlərinin yaşayış şəraitinin və məşğulluğunun artırılması istiqamətində ciddi tədbirlər görülmüşdür. Bu gün bu tədbirlər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə davam etdirilir. Öz 50 illik yubileyini laçınlılarla birgə qeyd edən cənab İlham Əliyevin 2011-ci il 24 dekabr tarixdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışında iştirakı və rayon sakinləri ilə tarixi görüşü hər bir laçınlının yaddaşında silinməz iz buraxmışdır.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramında və ona edilmiş əlavələrdə rayon üzrə 44 tədbir nəzərdə tutulmuşdur ki, bunun 17-si tamamilə icra olunmuş, digər tədbirlərin icrası isə hazırda davam etməkdədir. Dövlət Proqramına uyğun olaraq 2006-2007-ci illərdə Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonları ərazisində çadır düşərgələrində və vaqonlarda məskunlaşmış laçınlı ailələr üçün Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 37 və 21 evdən ibarət iki qəsəbə tikilmişdir. Ağcabədi rayonu ərazisindəki istismar müddəti başa çatmış “Taxtakörpü”, “Alman” və “Yastıyol” fin tipli qəsəbələrində məskunlaşmış 552 ailə üçün 2011-ci ildə Taxtakörpü ərazisində yeni qəsəbə salınmışdır.
Çadır düşərgələrində 42 ailə, yük vaqonlarında 16 ailə, məktəb binalarında 87 ailə, uşaq bağçalarında 21 ailə, fin tipli evlərdə 880 ailə, yataqxana, sanatoriya və digər ictimai binalarda məskunlaşmış 264 ailə, cəmi 1310 ailə mənzillə təmin edilmişdir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda laçınlı məcburi köçkünlərin məskunlaşdığı 60 yataqxana və digər ictimai binalar əsaslı və cari təmir edilmişdir.
“Kapital bank” ASC-nin rayon filialının fəaliyyəti bərpa edilmiş, Elektrik Şəbəkəsi Müəssisəsi yaradılmışdır. 134 nəfər rayon sakini kompyuter, tikiş və digər ixtisaslar üzrə peşə kurslarına cəlb edilmiş, 877 nəfərə qədər laçınlı xəstənin respublikanın ixtisaslı xəstəxanalarında pulsuz müalicəsi təşkil olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Taxtakörpü ərazisindəki 56 sahibkar və fermerə 462 min manat məbləğində güzəştli kredit verilmiş, beynəlxalq humanitar təşkilatlar tərəfindən 250-dək mikrolayihə həyata keçirilmişdir.
Başçı son 10 ildə dövlətin dəstəyi ilə həyata keçirilən tədbirlər barədə məlumatı davam etdirərək bildirdi ki, 2003-cü ildən ötən dövr ərzində Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Əhalinin Sosial Müdafəsi və Məşğulluq mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Suvarma Sistemləri İdarəsi, Təhsil Şöbəsi, Rabitə Qovşağı, 55 saylı Yol İstismarı MMC üçün yeni inzibati binalar, 250 yerlik rayon mədəniyyət evi, 25 çarpayılıq xəstəxana, 2 uşaq bağçası və 9 ümumtəhsil məktəbi üçün bina inşa olunmuşdur. 256 nömrə tutumlu ATS quraşdırılmış, Ağcabədi şəhərindən sürətli internet xətti, 22 kilometr uzunluğunda qaz xətti çəkilmişdir. Taxtakörpü qəsəbəsində və ərazidəki Kamallı, Cağazur obalarında artezian quyuları qazılmış, Qarakeçdi və Alxaslı obalarında modul tiplu sutəmizləyici qurğu quraşdırılmışdır.
Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan park salınmış, 13 min ədəd ağac və gül kolları əkilmiş, şəhidlərin xatirəsinə abidə inşa edilmişdir. Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə 91,3 kilometr uzunluğunda yeni içməli su xətti, 111 kilometr uzunluğunda çınqıl örtüklü yol çəkilmişdir. 48 ədəd yeni transformator qoyulmuş, 75 kilometr uzunluğunda naqil yenisi ilə əvəz edilmişdir.
Başçı daha sonra dedi:
– Ölkə Prezidentinin 2005-ci ildə Prezident Sarayında keçirdiyi müşavirədə verdiyi tapşırığa müvafiq olaraq, Qarqar çayından Taxtakörpü ərazisindəki 30-dək obanı əhatə edən 8,1 kilometr uzunluğunda beton üzlüklü kanal çəkilmişdir. Taxtakörpü ərazisindəki torpaq sahələrinin meilorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 4 min hektar sahədə meliorasiya işləri aparılır. Kənd təsərrüfatına dövlət qayğısnın nəticəsidir ki, rayon ərazisində və fermer təsərrüfatlarında iri heyvanların sayı 34810 başa, xırda malın sayı 199700 başa, arı ailələrinin sayı isə 5395-ə çatmışdır ki, bu da 2003-cü illə müqayisədə 14329 baş çox iri, 41238 baş artıq xırda mal deməkdir. Məcburi köçkünlərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2003-2013-cü illərdə 1344-ü daimi olmaqla 3108 yeni iş yeri açılmış, 18 kəndli fermer təsərrüfatı yaradılmışdır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də bir çox tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayonun bu gün 65 min nəfər məcburi köçkün sakininə yemək xərci müavinəti ödənilir. 2003-2013-cü illərdə rayonun 914 nəfər dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün sakini təhsil haqqı ödəməkdən azad olunmuşdur.
2003-2013-cü illərdə rayonun imtiyazlı sakinlərinə diqqət daha da artırılmış, bu dövr ərzində 10 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 19 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə, 21 şəhid ailəsi isə mənzillə təmin edilmişdir.
Rayonda olarkən əhalinin qış qayğıları, bu yöndə görülmüş hazırlıq işləri ilə də tanış olduq. Öyrəndik ki, məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə, idarə, müəssisə, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə rayon icra hakimiyyətinin ciddi nəzarəti və bilavasitə köməyilə 2013-2014-cü ilin payız-qış mövsümü ilə bağlı hazırlıq işləri aparılmışdır. Verilmiş tapşırıqlara əsasən, Taxtakörpü ərazisində olan 84 obada, 2 qəsəbədə və digər bölgələrdə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin sosial- iqtisadi problemlərinin həlli istiqamətində məqsədəyönlü tədbirlər həyata keçirilmişdir.
Ərazidə məskunlaşmış məcburi köçkünlərin fasiləsiz və normal elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdılması üçün 10 və 04 kilovoltluq elektrik verlişi xətlərində 8000 metr uzunluğunda yararsız naqil yenisi ilə əvəz edilmişdir. Mişni obasında 160 və Vağazin (Malyatağı) obasında 100 kilovoltluq yeni transformator quraşdırılmışdır. Müxtəlif gücə malik 5 transformator əsaslı, 26-sı isə cari təmir edilmişdir.
Taxtakörpü ərazisində məskunlaşmış 2719 məcburi köçkün ailəsi müəyyən edilmiş normalara uyğun kommunal xidmətlərdən pulsuz istifadə edir. Onlardan 610 ailə təbii qaz istifadəçisidir. 2109 ailəyə payız-qış mövsümü ilə əlaqədar duru yanacaq verilir.
Taxtakörpü qəsəbəsində 512 nömrəlik yeni EATS quraşdırılmış və daxili xətt təsərrüfatının tikintisi aparılır. Sadınlar, Alxaslı, Hacılar, Ağbulaq, Mişni, Qarıqışlaq, Nurəddin, Fingə obalarında və Taxtakörpü qəsəbəsində içməli su şəbəkələrində yararsız vəziyyətə düşmüş 2780 metr uzunluğunda müxtəlif diametrli plastik boru yenisi ilə əvəz edilmiş və elektrik nasosu əsaslı təmir olunmuşdur.
Taxtakörpü-Alxaslı, Mais-Hacılar, Taxta körpü-Mişni, Arduşlu və Qarakeçdi-Mirik çınqıl örtüklü avtomobil yollarının 49 kilometr hissəsində cari təmir işləri aparılmışdır. Mərkəzi Rayon Xəstəxanasına gedən avtomobil yoluna, YAP-ın inzibati binasının ətrafına asfalt beton, Taxtakörpü qəsəbəsinin giriş yoluna və Qayğı qəsəbəsində daxili avtomobil yollarına çınqıl verilmişdir. Rayonun daxili imkanları hesabına Qarıqışlaq kənd tam orta məktəbinə çınqıl yol çəkilmişdir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə Vağazin obasında 5 kilometr uzunluğunda obadaxili, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qəbələ rayonunun Kürd kəndi və Şəki rayonu Cumakənd ərazisində çınqıl yol istifadəyə verilmişdir. İmişli rayonunun Şirinqum ərazisində Malıbəy obasına 10 kilometr uzunluğunda avtomobil yolu çəkilir.
Cari ildə Rayon Təhsil Şöbəsinin yeni inzibati binasının tikintisi başa çatmışdır. İcra hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, 121 saylı Dairə Seçki Komissiyasının, Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binalarında təmir işləri aparılmışdır. Alxaslı, Qarıqışlaq, Ərdəşəvi, Ağbulaq, Şeylanlı 1 saylı, Vağazin 1 saylı, 23 saylı, Nağdalı kənd və Taxtakörpü qəsəbə tam orta, Ərikli ümumorta məktəbləri dövlət büdcəsi, 50 təhsil müəssisəsi daxili imkanlar hesabına cari, Mişni və 37 saylı tam orta məktəblərin binası isə əsaslı təmir edilmişdir.
37 saylı və Abşeron rayonunun Sulutəpə qəsəbəsində Qozlu kənd tam orta məktəblərində müasir tipli isitmə sistemi quraşdırılmışdır. Vağazin kənd 2 nömrəli tam orta məktəbində 2 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Çıraqlı kənd tam orta, Əfətli və Badamdar orta məktəblərində təmir işləri davam edir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Sumqayıt şəhərində 5 nömrəli məktəb təmir edilmiş və avadanlıqla təchiz olmuşdur.
Respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 128 ümumtəhsil müəssisəsi üçün cari ildə beş adda 870 ədəd inventar alınmışdır. Büdcə vəsaiti hesabına imkansız ailələrdən olan məktəblilərə geyim alınıb paylanılmışdır. Payız-qış mövsümündə məktəblərə 300 ədəd soba alınmışdır.
Mərkəzi Rayon Xəstəxanasının binasında da nəzərdə tutulmuş cari təmir işləri başa çatmışdır. Təcili yardım üçün üç otaqdan ibarət bina tikilmişdir. Malıbəy obasında Qartal Tikinti Firmasının maliyə dəstəyi ilə tibb məntəqəsinin tikintisinə başlanmışdır.
Mədəniyyət və Turizm Şöbəsinin müəssisələrində əsaslı və cari təmir işlərinə başlanılmışdır. Müxtəlif adda 131 ədəd inventar kitabxana, kulub və mədəniyyət evlərinə paylamışdır. Şöbənin 201 müəssisəsində payız-qış mövsümü ilə bağlı tədbirlər görülmüşdür. “Qayğı” qəsəbəsində 4 saylı körpələr evi-uşaq baxçası əsaslı təmir edilmiş, istilik sistemi yenidən qurulmuşdur.
Taxtakörpü ərazisində qış otlaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1000 metr qapalı dren və “Qayğı” kanalı üzərində bir piyada körpüsü tikilmişdir. Kanalın yan tərəflərinin qaldırılması üçün 14 min kubmetr torpaq tökülüb sıxlaşdırılmışdır. Bu mövsümdə 12600 hektar kənd təsərrüfatı bitkiləri Kür çayından mexaniki üsulla və “Qayğı” kanalından öz axarı ilə suvarılmış, 46,7 kilometr kanalları lildən təmizlənmişdir. Qış yataqlarında 1787 hektardan 5309 ton taxıl, 1575 hektardan 9250 ton qaba yem yığılmışdır. Ötən illə müqayisədə 94 ton çox taxıl və 120 ton artıq qaba yem istehsal edilmişdir.
Rayonun Baytarlıq İdarəsinin ərazidə fəaliyyət göstərən 10 sahə baytar məntəqəsinin işçiləri tərəfindən Taxtakörpü ərazisindəki obalarda məcburi köçkünlərin və fermerlərin şəxsi təsərrüfatlarında olan 12100 baş iri və 70700 baş xırda heyvanlara epzodik plan əsasında zoobaytar xidməti göstərilir.
2013-2014-cü ilin payız-qış mövsümünün mütəşəkkil keçməsi – əhaliyə göstərilən tibb xidmətinin yaxşılaşdırılması, Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılması, yararsız hala düşmüş içməli su çənlərinin dəyişdirilməsi, içməli su şəbəkələrində, elektrik verilişi xətlərində, qəsəbələrdə küçələrin işıqlandırılmasında, nasos stansiyalarında tələb olunan təmir işlərinin aparılması, suvarma kanallarının lildən təmizlənməsi üçün tədbirlər davam etdirilir. Nəzərdə tutulmuş obalarda daxili imkanlar hesabına çınqıl örtüklü avtomobil yolları çəkilir, köçkünlərin şəxsi təsərrüfatında olan tövlələrdə dezinfeksiya tədbirlərinin həyata keçirilir. Rayon İcra Hakimiyyəti müvafiq idarə və müəssisə rəhbərlərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin diqqətini, səylərini qış aylarında ortaya çıxan məsələlərin operativ həllinə yönəltmişdir.
Ümumiyyətlə, il boyu rayon əhalisinin problemlərinin həlli, ehtiyaclarının aradan qaldırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilmişdir. Sakinlərinin daha sıx məskunlaşdıqları ərazilərdə 5720 nəfər sakinin iştirakı ilə 53 səyyar qəbul-görüşlər keçirmiş, Rayon İcra Hakimiyyətində isə 1665 nəfər vətəndaş qəbul edilmişdir. Qəbullarda bir sıra məsələlər yerlərdə yoluna qoyulmuş, bəzi problemlərin həlli isə nəzarətə götürülmüşdür.
Rayon rəhbərliyi hökumət qurumları qarşısında Taxtakörpü ərazisində və laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı digər ərazilərdə elektrik enerjisi, yol, içməli su təchizatının yaxşılaşdırılması, kiçik idman kompleksinin inşası, muzey binası tikintisi və digər işlərlə bağlı məsələ qaldırmışdır. Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə il boyu tikinti-abadlıq işləri davam etdirilmişdir. Taxtakörpü qəsəbəsinin girişində geniş abadlıq işləri həyata keçirilmiş, üzərində “Laçın obaları” sözü yazılmış iki yaşıl yamac inşa olunmuş, burada gecə işıqlandırılması qurulmuşdur.
2013-cü il üçün müəyyən edilmiş abadlıq işlərini sona çatdırmaq üçün bu günlər bütün qüvvələr səfərbər edilmişdir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.