Artıq on ildir ki, Fəxri Xiyaban Azərbaycan xalqı üçün əsl ziyarətgaha çevrilib. Hər bir azərbaycanlı, həmçinin ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları ulu öndərin məzarını ziyarət edir, tər gül - çiçək dəstələri düzürlər. Hər birimizə çox yaxşı məlumdur ki, xalqımızın bugünkü firavan həyatı, müstəqilliyimizin əbədiyyətə çevrilməsi və ölkəmizin dünya birliyinin layiqli üzvləri sırasına qoşulması böyük tarixi şəxsiyyət Heydər Əliyevin gərgin siyasi fəaliyyətinin, öz xalqına, Vətəninə, millətinə olan sonsuz sevgisinin bəhrəsidir.
Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. Eyni zamanda həmin illər bütövlükdə ölkəmizdə ən yüksək inkişaf mərhələsi hesab olunur. Müstəqil ölkəmizin bugünkü iqtisadi, siyasi və mədəni uğurları Heydər Əliyevin işləyib hazırladığı strategiyanın təntənəsidir. Azərbaycanın bu gün dinamik inkişaf yolunda olması artıq beynəlxalq aləmdə də öz təsdiqinin tapıb. İqtisadi artım tempinə görə respublikamız son illər dünyada lider mövqeyə yüksəlib.
1990-cı ilə qədərki və ondan sanrakı illərdə Azərbaycanda iqtisadi, siyasi durum çox ağır vəziyyətdə idi. Həmin illərdə hakimiyyətdə olan qrupların səriştəsizliyi özünü açıq-aşkar büruzə verirdi, ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu gün həmin şəxslərin özləri də etiraf edirlər ki, hakimiyyəti saxlaya bilmirdilər. O zaman xalqımız ulu öndər Heydər Əliyevdən xahiş edərək yenidən hakimiyyətə gəlməsini istədi. Həmin dövrdə təkcə xalqımız yox, eyni zamanda AXC - Müsavat hakimiyyətinin təmsilçiləri də məhz ümummilli liderimiz Heydər Əliyevi Azərbaycanı bəlalardan, xaosdan qurtara biləcək yeganə lider kimi qəbul edirdilər. Yalnız onun xalqımızı bu vəziyyətdən çıxara biləcəyinə əmin idilər. Ziyalılar, tanınmış ictimai - siyasi xadimlər ulu öndərimizə müraciət edir, müstəqilliyini yenicə qazanmış Azərbaycanı düçar olduğu ağır bəlalardan qurtarmaq üçün təkidlə xahiş edirdilər. Müasir Azərbaycanın memarı və xilaskarı Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Yeni Azərbaycan Partiyasının yaradıcısı və sədri, ümummilli liderimiz bütün çətinlikləri öz üzərinə götürdü, apardığı məqsədyönlü siyasəti ilə xalqımızı, dövlətimizi çətin vəziyyətdən çıxartdı. O, ölkədə xaosu aradan qaldırdı, Azərbaycanın parçalanmasının qarşısını aldı. Bununla da Azərbaycanın yeni inkişaf erası başlandı. Ölkəmiz həm iqtisadi, həm də digər sahələrdə sürətlə inkişaf mərhələsinə qədəm qoydu.
1993 -cü ilin kəşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdan qüdrətli şəxsiyyət Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi xalqımızı bütün bəlalardan qorudu, vətəndaş qarşıdurmasının qarşısı alındı. Bununla da milli qurtuluş təmin olundu. Məhz bundan sonra müstəqil Azərbaycan demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi və tədricən xalq birliyi yarandı.
Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan ötən əsrin sonlarında nəhayət, nail olduğu müstəqilliyi və dövlətçiliyi məhz Heydər Əliyev mətanətinin, iradəsinin sayəsində tarix səhnəsində duruş gətirə bilmişdir. Ümummilli lider ömrünün bütün qalan hissəsini dövlət müstəqilliyinin möhkəmlənməsinə sərf etmiş, müstəqilliyimizi əbədi və dönməz prosesə çevirmişdir. Həmin illər milli ordu quruculuğu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, ilk milli Konstitusiyamız qəbul edilmiş, əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verilmişdir. Ölkəmizdə ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmiş, özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti təmin edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ - mərhələ reallaşdırdığı “Əsrin müqaviləsi” milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına böyük imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələri özünü açıq şəkildə göstərir. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi- Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizin həyatında baş vermiş mühüm siyasi hadisələri xatırladıqda məlum olar ki, 1993-cü il - erməni hücumlarının qarşısı alınır. 1994-cü il - atəşkəsə nail olunur. 1993-95-ci illərdə neft müqavilələri reallaşdırılır. 1995-ci il - ictimai-siyasi sabitlik bərpa olunur və əvfetmə institutunun əsası qoyulur. 1996-cı ildən ölkədə iqtisadi-sosial inkişaf mərhələləri başlanır, inflyasiyanın qarşısı alınır.
2001-ci ildən ölkəmiz Avropa Şurasında fəaliyyətə başlayır.
Bütün bunları sadalamaqla qurtaran deyil.
Azərbaycan Respublikasının öz tarixi dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etməsinə baxmayaraq, hələ bir neçə il də müstəqil dövlətimizin Konstitusiyasını qəbul etmək mümkün olmamışdır. Bu dövrdə Konstitusiya layihəsini hazırlayan bir neçə komissiya yaradılsa da, həmin komissiyalar tərəfindən heç bir Konstitusiya layihəsi hazırlanıb təsdiq edilməsi üçün təqdim edilməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra – 2 may 1995-ci ildə onun sədrliyi ilə Konstitusiya layihəsi hazırlayan komissiya yaradılmış, bu komissiya çox səmərəli işləmiş və komissiyanın 9 iclası keçirilmişdir. Artıq 15 oktyabr 1995-ci ildə komissiyanın qərarı ilə həmin Konstitusiya layihəsi mətbuatda dərc edilərək, ümumxalq müzakirəsinə verilmişdir.
Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995- ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış Azərbaycanın ilk milli Konstitusiyasının 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Ona görə də ümummilli lider Heydər Əliyevi müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradıcısı hesab etməyə mənəvi haqqımız vardır.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş və bu sahədə qətiyyətli addımlar atılmışdır. Heydər Əliyevin hələ 1993- cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur.Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.
Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan böyük şəxsiyyət Heydər Əliyev zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş, sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Hazırda müstəqil Azərbaycan ulu öndərin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulur. Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz ana dili məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan ulu öndərin “Millətin milliliyini saxlayan onun dilidir” müdrik kəlamı onun millətinə necə böyük məhəbbətlə bağlı olmasından xəbər verir.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla adlandırmaq lazım gəlir. Məhz ulu öndərin tövsiyəsi ilə Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ildə ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman isə xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, tamamilə bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.
30 sentyabr 2002-ci ildə isə Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə məxsusdur. Vaxtilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün imkanlar yaratmış ümummilli lider yaxşı bilirdi ki, onlar yaxın gələcəkdə Azərbaycanın ayrı-ayrı sahələrinin inkişafı üçün kadr potensialıdırlar. Ona görə də istehsalat, xidmət və iqtisadiyyat sahəsində, dövlət idarəçiliyində, həmçinin siyasət aləmi üçün də Azərbaycana yeni nəslin nümayəndələri lazım idi. Həm də müstəqil düşünməyi və mübarizə aparmağı bacaran, özünü gələcəyə hazırlamağı qarşısına məqsəd qoyan gənclərə daha böyük üstünlük verilirdi.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun ulu öndərimiz kimi, yetişdirdiyi tarixi şəxsiyyəti olmuşdur. Məhz Heydər Əliyev siyasətinin bəhrəsidir ki, ölkəmiz ildən-ilə qüdrətlənir, iqtisadi, mədəni həyatında görünməmiş dərəcədə inkişaf nəzərə çarpır. Bütün bunlar isə təbii ki, xalqımızın gələcəkdə daha firavan yaşamasına real zəmin deməkdir.
Min illərlə tarixi olan bir xalqın dünya xəritəsindən silinmək təhlükəsi yarananda, vətənimiz parçalananda Allah o böyük insanı yetirdi. Xalqımız öz xilas yolunu onda tapdı. Qardaş qırğınına son qoyuldu. Bir-birinin ardınca mənfur düşmənlərimiz tərəfindən rayonlarımızın işğalının qarşısı alındı. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Öz həyatını təhlükəyə atan milli liderimiz xalqımızı, vətənimizi böyük təhlükələrdən xilas etdi. Üçrəngli bayrağımızı yüksəklərə ucaltdı. Azərbaycan adlı məmləkəti yenidən qurdu, yaratdı. Özündən sonra gələn nəsillər üçün böyük və əvəzsiz bir miras qoydu. Öz adını Azərbaycanın və dünyanın tarixinə qızıl həriflərlə əbədi olaraq həkk etdi. Hər bir azərbaycanlının ürəyində özünə əbədi yer tapdı.
Xalqımızın tarixini, mədəniyyətini dərindən öyrənərək onu öz çıxışları ilə hər bir azərbaycanlıya anlatdı. Xalqı öz adı, mədəniyyəti, tarixi, ədəbiyyatı ilə qürur duymağa səslədi. Öz qətiyyəti, iradəsi və zəkası ilə buna tez bir zamanda nail olaraq Xalqın qəhrəman oğluna, öndərinə çevrildi. Ulu öndərimiz hər sahədə olduğu kimi, uşaqların, gənclərin qayğısına qalmağı da unutmadı.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Ulu öndərimiz cənab İlham Əliyevə tam şəkildə inandığını xalqa müraciətində bir daha qeyd etmişdi. 2003-cü ildə ulu öndərimiz xalqımıza müraciət edərək bildirdi ki, o, İlham Əliyevə tam şəkildə inanır. Ümummilli liderimiz qeyd etmişdir ki, onun başa çatdıra bilmədiyi işləri siyasi varisi İlham Əliyev daha modern formada, yüksək səviyyədə həyata keçirəcək. Xalqımız da cənab İlham Əliyevə inandı, onu ölkəyə rəhbər seçdi və hazırda onunla gələcəyə doğru inamla irəliləyir. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, bugünün lideri İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nailiyyətlər bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Avropa Şurasının, UNESCO, MDB, QİƏT, İKT, GUAM-ın, Dünya Sülh Şurasının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Beynəlxalq Bərpa və İnkişaf Bankının, habelə çoxlu sayda beynəlxalq və məhəlli təşkilatların, birliklərin, konvensiyaların fəal üzvüdür. Ölkəmiz NATO və Avropa Birliyi ilə sıx tərəfdaşlıq edir.
Azərbaycan xalqı öz Prezidentinə - cənab İlham Əliyevə inanır. Onun müdrikliyi, uzaqgörənliyi, siyasi nüfuzu, beynəlxalq aləmdəki uğuru xalqa işıqlı sabahlardan xəbər verir. Axı, ulu öndərimiz də bir vaxtlar “Mən ona özüm qədər inanıram”, – demişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illər ölkənin siyasi həyatında qazandığı uğurların əsasında ulu öndərimiz Heydər Əliyev idarəçilik sistemini gördük. Həmişə prioritetləri müəyyən edib, bütün potensialı həmin istiqamətə yönəltmək məhz Heydər Əliyev siyasi gedişləridir. Bu ardıcıllığı son illər ölkədə keçirilən məqsədyönlü islahatlarda daha aydın görmək olar.
2003-cü ilin 15 oktyabrından bugünədək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu əməli fəaliyyəti ilə təsdiqləyir.
Heydər Əliyev irsinin ən layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev öz ağlı, düşüncəsi və yorulmaz siyasi iradəsi ilə Azərbaycanımızı ulu öndərin görmək istədiyi zirvələrə doğru inamla aparır. Dünya siyasi arenasında mükəmməl siyasətçi kimi özünü təsdiq edən, böyük nüfuz qazanan cənab İlham Əliyev dövlətçiliyimizin qorunub saxlanması, xalqımızın firavan yaşaması naminə də böyük işlər görür. Bu sağlam və düşünülmüş siyasi gedişlərlə möhtərəm Prezidentimiz bizdə gələcəyə böyük inam yaradır.
Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin inkişafi və dünya birliyinə inteqrasiyası naminə həyata keçirdiyi məqsədyönlü siyasətini ürəkdən dəstəkləyir, dövlətimizin başçısının ərtafında sıx birləşir, yalnız ona inanır və güvənir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi xəttinin alternativi olmadığına tam inanır və məhz bu siyasi kursun layiqincə davam etdirilməsi sayəsində Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulacağına, işğal altında olan torpaqlarımızın azad olunacağına əmindir.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.