(əvvəli qəzetin 8 dekabr 2013-cü il tarixli sayında)
Viktor Qriqoryev, Moskva Psixologiya-Sosial Universitetinin kafedra müdiri, hüquq elmləri doktoru, professor:
– İstərdim ki, çıxışımda Rusiya Federasiyası və Azərbaycan Respublikasının cinayət prosesində qarşıya çıxan bir məsələ– hər hansı bir şəxsin ona qarşı irəli sürülmüş cinayət ittihamının xarakteri və əsası haqqında xəbərdar olmaq hüququ barədə danışım.
“Hər kəs ona elan edilən istənilən cinayət ittihamına baxılarkən, elan edilən cinayət ittihamının xarakteri və əsası haqqında təcili qaydada və ətraflı olaraq başa düşdüyü dildə xəbərdar olmaq hüququna malikdir”.
Mülki və siyasi hüquqlar haqqında 16 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktda, İnsan hüquqları üzrə 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasında müəyyən edilmiş bu normanın milli hüquq sistemlərində konkret realizə mexanizmi vardır. Belə ki, Rusiya Federasiyası CPM-nin 23-cü fəslinə daxil olan normalardan ibarət olan müqəssir qismində cəlbetmə institutu məhz buna xidmət edir. Analoji institut Azərbaycan Respublikası cinayət-prosessual hüququnda (AR CPM-nin XXVIII fəsli) da öz əksini tapmışdır.
RF CPM-nin ilkin redaksiyasında onun müəllifləri beynəlxalq–hüquqi aktların müddəalarını nəzərə almayaraq, cinayəti törətməkdə ittiham olunan şəxsə, ona ittihamın elan edilməsi barədə xəbər verilməsi prosedurunu, ümumiyyətlə, nəzərdə tutmurdular. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları ilə belə aşkar uyğunsuzluğu aradan qaldırmaq üçün RF-nın 6 iyun 2007-ci il tarixli 90-F3 saylı Federal Qanunu ilə RF CPM-ə 223-1-ci maddə əlavə edildi. Həmin maddə cinayətin törədilməsində şübhə haqqında yazılı xəbərdar etmənin tərtibini nəzərdə tuturdu. Sənədin surətinin şübhəli şəxsə təqdim edilməsi zəruri hesab edilirdi. Lakin bu zaman yadda saxlamaq lazımdır ki, şübhəli şəxsin və müqəssirin statusu eyni deyildir. Bununla belə, bu qayda artıq Rusiyanın cinayət mühakimə icraatında demokratik başlanğıcların genişləndirilməsinə tətbiq edilir və bu əsasla da RF-nın CPM-nin 23-cü fəslinin bütün müddəlarının– müqəssir qismində cəlb etmə, ittihamı elan etmə – tamamilə çıxarılması təklif olunur.
Belə təklifə etiraz edərək güman edirəm ki, onun realizəsi cinayət icraatı sistemində şəxsiyyətin hüquqlarının təmin olunması işində geriyə doğru atılan hissedici addım olacaqdır. Fikrimizcə, Azərbaycan Respublikasının praktikasında belə hesablamalar daha müdrik nəticələrlə əsaslandırıla bilər və cinayət mühakimə icraatı sferasında müasir trendlərin qavranılmasında tələskənliyə yol verilməsinin qarşısını almış olar. Onlar bəzən ədalət mühakiməsinin beynəlxalq standartlarının təmini qayğısına qalmaqdan daha çox maliyyə vəsaitlərinin, fərdi ehtiyatların məhdudlaşdırılması, eləcə də tədqiqat predmetini bilməməzliklə diktə edilirlər.
İsaxan VƏLİYEV, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor:
– Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini ali məqsədi elan etmişdir. Bu ali məqsədə nail olmaq üçün dövlət fəaliyyətinin bütün sahələrində səlahiyyətli orqanların və vəzifəli şəxslərin prioritet kimi məhz insan hüquqlarının təminatını rəhbər tutması nə qədər önəmlidirsə, hüquq-mühafizə orqanlarının insan haqlarının pozulmasının qarşısını alması, pozulmuş hüquqların isə bərpa edilməsi istiqamətindəki fəaliyyəti də bir o qədər vacibdir. Hüquq-mühafizə orqanları arasında prokurorluğun xüsusi yer tutması danılmazdır. Lakin nə Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsində, nə də “Prokurorluq haqqında” Qanunun 4-cü maddəsində insan və vətəndaşın hüquqlarının müdafiə edilməsi prokurorluğun fəaliyyət istiqamətləri sistemində müstəqil bir istiqamət kimi nəzərdə tutulmamasına baxmayaraq, prokurorluğun qanunçuluğun təminatı istiqamətində fəaliyyətinin nəticələri belə deməyə əsas verir ki, o, insan hüquqlarının müdafiəsi ilə məşğul olan əsas dövlət orqanlarından biridir. Belə ki, prokurorluq orqanlarında vətəndaşların ərizə və şikayətlərinin həll edilməsinə dair rəsmi statistikaya nəzər salsaq, görərik ki, ötən il ərzində (2012-ci il) prokurorluq orqanları tərəfindən arasında 253-ü vətəndaşların konstitusion hüquqlarına riayət edilməsi, 16-sı icarə haqqında qanunun icrası, 127-si torpaq qanunvericiliyinin pozulması, 26-sı şəhid alilələrinin, müharibə veteranlarının, qaçqın və köçkünlərin problemləri, nəhayət, 12587-si cinayət təqibi ilə bağlı olan, ümumilikdə, 18842 ərizə və şikayət həll edilmişdir.
Fikrimizcə, qeyd edilən statistika prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsi ilə məşğul olan orqan kimi çıxış etməsinə aşkar dəlalət edir. Bu nöqteyi-nəzərdən insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiə edilməsinin prokurorluq orqanlarının fəaliyyət istiqamətləri sırasında normativ qaydada təsbit edilməsini zəruri və ağlabatan hesab edirik. Müqayisə üçün qeyd etməliyəm ki, Rusiya Federasiyası məhz qeyd edilən yola üstünlük vermişdir və “Rusiya Federasiyası Prokurorluğu haqqında” Federal Qanunun II fəsli bütövlükdə insan və vətəndaşın hüquq və azadlıqlarına riayət edilməsinə nəzarət məsələlərinə həsr edilmişdir.
Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyasının “Prokurorluq haqqında” 17 yanvar 1992-ci il tarixli Qanunun 27-ci maddəsinin 4-cü hissəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında müdafiə edilən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması zamanı zərərçəkmiş şəxs sağlamlığına, yaşına və digər səbəblərə görə məhkəmədə öz hüquq və azadlıqlarını şəxsən müdafiə edə bilmədikdə və ya xeyli sayda insanın hüquq və azadlıqları pozulduqda, habelə digər hallara görə hüquqpozmalar xüsusi ictimai əhəmiyyət kəsb etdikdə, prokuror zərərçəkmişlərin mənafeyi naminə məhkəmədə iddia qaldırır və onu müdafiə edir.
Göründüyü kimi, RF-də vətəndaşların əhəmiyyətli sayda olan hissəsinin hüquqlarının pozulduğu, eləcə də, hər hansı bir hüquq pozuntusunun ictimai əhəmiyyət kəsb etdiyi hallarda da prokurora məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ verilir. Hüquq pozuntusunun ictimai əhəmiyyət kəsb etməsi hüquq ədəbiyyatında onun ictimai rezonansa səbəb olması ilə izah edilir.
Hesab edirik ki, Rusiya qanunvericiliyinin bu təcrübəsi Azərbaycan Respublikasında da prokurorun mülki iddia vermək hüququnun genişləndirilməsi üçün nümunə ola bilər.
Müstəqilliyimizin ilk illərində yoxlamaların müəyyən edilmiş yuxarıda göstərilən qaydası sahibkarlıq subyektlərinin fəaliyyətlərinə qanunsuz müdaxilənin aradan qaldırılması, orta sinifin formalaşması üçün münasib hesab edilsə də, Azərbaycan Respublikasının dünya dövlətləri səviyyəsində iqtisadi cəhətdən inkişaf baxımından önjül yerlərdən birini tutması və orta sinifin artıq 43,9 faizi keçməsi göstərilən qaydalara yenidən baxılmasının əsaslarından biri kimi çıxış edə bilər. Bu həm də Cinayət–Prosessual Məcəllənin 207.3.1-ci maddəsinin tələblərinə uyğun olmuş olardı. Axı həmin maddədə yoxlamaların aparılmasının belə çoxpilləliyi nəzərdə tutulmamışdır! Düşünürəm ki, bu, son illər insan hüquq və azadlıqlarının bərpası istiqamətində, orta sinfin formalaşmasında, habelə korrupsiya ilə mübarizə işində əvəzsiz xidmətləri olan prokurorluq orqanlarının fəaliyyət dairəsinin hədlərinin daha düzgün müəyyənləşməsinə xidmət etmiş olardı.
Vyaçeslav Nikolyuk, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının baş elmi işçisi, hüquq elmləri doktoru, professor, RF-nın əməkdar elm xadimi:
– Mən öz çıxışımda əsas diqqəti İnsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəaları kontekstində məhkumların hüquqlarının təmin edilməsi məsələsinə yönəltmək istəyirəm. Bildiyiniz kimi, 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamə, 1950-ci il İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, sonrakı illərdə bu sənədlər əsasında qəbul olunmuş çoxsaylı beynəlxalq hüquqi aktlar ilə təqdim olunmuş İnsan hüquqlarının beynəlxalq Konsepsiyasına uyğun olaraq Rusiya ədalət mühakiməsi sistemində məhkəmənin hökmü ilə deyil, hakimin qərarı əsasında cəzanın çəkilməsi üçün azadlıqdan məhrumetmə yerlərinə göndərilən məhkumların hüquqlarının təmin edilməsi üzərində məhkəmə nəzarəti məsələlərinə yer ayrılmışdır. Hakimin belə qərarı sadələşdirilmiş icraat qaydasında qəbul olunur və Rusiya cinayət-prosessual qanunvericiliyinə görə yekun qərar deyil, aralıq qərar sayılır.
2011-ci ildə məhkəmələr tərəfindən islah işləri, məcburi işlər və cərimə cəzalarının müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin ləğvi nəticəsində cəzaçəkmə müəssisələrinə 54 min, 2012-ci ildə isə 51 min məhkum göndərilmişdir. Həmin illərdə azadlıqdan məhrumetmə növündə cəzanın 200 mindən bir az çox məhkuma təyin edildiyini nəzərə aldıqda aşağıdakı nəticəni çıxarmaq olar: hər dörd məhkumdan biri azadlıqdan məhrumetmə yerlərinə məhkəmənin hökmü ilə göndərilmir. Halbuki, RF CM-nin 43-cü maddəsinin 1-ci hissəsində birbaşa göstərilmişdir ki, cəza məhkəmənin hökmü ilə təyin edilən dövlət məcburiyyət tədbiridir. Beləliklə, Rusiyada onilliklər ərzində məhkumun məhkəmə iclasında iştirak etmədən cəzanın əvəz edilməsi qaydasında azadlıqdan məhrumetmə yerlərinə göndərilməsi təcrübəsi formalaşmış və faktik olaraq mübahisə predmetinə çevrilməmişdir. Əslində, bu prosedur “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin prinsiplərinə ziddir.
Hesab edirik ki, RF CPM-nin məhkəmənin qərar qəbul etmək yolu ilə məhkuma hökm ilə təyin edilmiş cəzadan fərqli cəza növünün tətbiq edilməsini nəzərdə tutan normaları, cinayət qanununun cəzanın məhkəmənin hökmü ilə təyin edilməsinə dair fundamental müddəalarına uyğunlaşdırılmalıdır. Qeyd edilən hallarda isə məhkəmə iclasında məhkumun iştirakı ilə əlavə hökm çıxarılmalıdır.
Bəhram ZAHİDOV, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor:
– Keçən əsrin ortalarından etibarən ciddi müzakirə mövzularından birinə çevrilmiş evtanaziya problemi insanla, onun yaşamaq hüquqi ilə sıx bağlıdır. Etiraf edilməlidir ki, dünyada baş verən qlobal dəyişikliklər, elmi-texniki nailiyyətlərin misilsiz uğurları, təbiətin ən qədim və ən mükəmməl varlığı olan insanın yaşamaq və ölmək imkanlarına da əhəmiyyətli təsir göstərmişdir. Son iki yüz illik dövr ərzində tibb və biologiya sahəsində əldə edilən böyük uğurlar ciddi nailiyyətlər kimi qəbul edilə bilər. Qədim dövrün humanist və insanpərvər ənənələrinin əsasında dayanan həkimlik peşəsinin etik davranış qaydaları zaman-zaman formalaşmış və bu gün mükəmməl bir forma almışdır.
Azərbaycan Respublikası bu məsələlərlə əlaqədar olaraq müvafiq beynəlxalq sənədləri ratifikasiya etmiş və 26 iyun 1997-ci il tarixdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində nəzərdə tutulan “Sağlamlığın qorunması hüququ”na tamamilə müvafiqdir. Qanunvericilik evtanaziyanı qadağan etmişdir. Belə ki, həmin qanunun 38-ci maddəsinə görə xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatının davam etməsinə kömək edən tədbirlərin dayandırılması qadağan edilmişdir. Belə əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 135-ci maddəsində məsuliyyət nəzərdə tutmuşdur.
Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən və bir çox beynəlxalq müqavilələrə qoşulduqdan sonra 24 noyabr 1998-ci ildə Cinayət Məcəlləsinə “evtanaziya”ya görə cinayət məsuliyyəti müəyyən edən 97-1 maddəsi əlavə edildi. Orada göstərilirdi ki, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirməyə və ya həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırmağa görə üç ilədək müddətə azadlıqdan məhrumetmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qanunvericilik xəstəni bilərəkdən evtanaziyaya meyil etdirməyə görə həmin maddənin ikinci hissəsində iki ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu.
Evtanaziya “vətəndaşın öz həyatı üzərində sərəncam vermək səlahiyyətidir” deyən tədqiqatçılarla razılaşa bilmərəm. Bunun müxtəlif hüquqi və elmi əsasları var. İnsan həyata valideyn münasibətlərinin nəticəsi olaraq gəlir. Heç kim həyata gələrkən və müəyyən yaş həddinə çatana qədər həyata nə üçün gəldiyini dərk edə və qiymətləndirə bilmir. Çünki insan həyata müəyyən fizioloji proseslərin nəticəsi və qanunauyğunluğu olaraq gəlsə də, Allah tərəfindən yaradılır, həyata gəlişində onun hər hansı bir rolu və razılığı tələb olunmur. Yaradılmış insan yaşamağa məhkumdur. İnsana verilmiş həyatdan imtina etmək hüququ yoxdur. Buna görə də dinlərin çoxu intiharı rədd edir, onun insana əmanət edilmiş candan imtina etməsi Allaha qarşı çıxması kimi qiymətləndirilir. Çünki, insanın ona verilmiş ömrü yaşamaq hüququ vardır. “Tale yazısı”na görə, insanın əcəlinin nə vaxt tamam olacağı da İlahi tərəfindən müəyyən edilir. Qurani-Kərimin “Əl-Əraf” surəsinin 34-cü ayəsində göstərilir: “Hər bir ümmətin əzəldən müəyyən edilmiş əcəl vaxtı, ölüm, tənəzzül və ya əzaba düçar olma vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tələsərlər”.(60, 128). Həzrəti Əlinin məşhur kəlamına görə “insan o günki qəbirdə yatmalıdır, o gün evdə yata bilməz”. “Ən-Nəhl” surəsinin 70-ci ayəsində isə göstərilir: “Allah sizi yaratmışdır, sonra da əcəliniz çatanda öldürəcəkdir”...(60, 242). Belə normalar istər Qurani-Kərimdə, istərsə də şəriətə dair digər kitablarda və təfsirlərdə kifayət qədər dəqiq və mükəmməl verilmişdir. Bütün bunlara görə də insan ona verilmiş ömrü bioloji həyatının sona çatacağı ana qədər yaşamağa məhkumdur, onun ölümünü öz istəyinə görə tezləşdirmək haqqı yoxdur. Əgər müxtəlif xəstəliklər üzündən insan ağrıyır və üzülürsə, bütün bunlar da ilahinin sınağı olduğuna görə, insan bütün əzab və əziyyətlərə mətanətlə dözməlidir. Belə ağrı və əzablar, insana ölümünü müxtəlif vasitələrlə tezləşdirməyə haqq vermir. Buna görə də insanın evtanaziya yolu ilə ölümünü tezləşdirməyə hər hansı bir şəxsin, o cümlədən həkimin haqqı yoxdur.
Bütün bunlara görə də hesab edirəm ki, qanunvericilik evtanaziyanı haqlı olaraq qadağan etmişdir.
Habil Qurbanov: AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor:
– Hüquqi dövlətin başlanğıc nöqtəsi və son məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təminatıdır. Məhz hüquqi dövlətdə azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edən insan ləyaqəti etiraf olunur və hakimiyyət tərəfindən qorunur. İnsan hüquqları fərdin özünəməxsusluğu, bütövlüyü və azadlığı ilə bağlıdır. İnsan hüquqları hər bir insanın mövcudluğunun və birgə yaşayışının bünövrəsi olmaqla, müasir dünyada sülhün və tərəqqinin ifadəsidir. İnsan hüquqları həqiqətən heç bir mədəniyyətə yad deyil və bütün millətlərə xasdır.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 4 noyabr 1950-ci ildə Roma şəhərində qəbul edilmiş Avropa Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir insanın həyat hüququ qanunla mühafizə olunur.
1979-cu il dekabrın 18-də qadın və kişilərin hüquqlarının bərabərləşdirilməsi sahəsində ciddi addım atıldı. Məhz həmin gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qadınlara qarşı irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunması haqqında Konvensiya qəbul etmişdir. Konvensiyada qadınların ailə vəziyyətindən asılı olmayaraq, bütün sahələrdə - siyasi, iqtisadi, sosial, mədəni və mülki sahədə hüquq bərabərliyi elan olunmuşdur.
Kişilər və qadınlar arasında faktiki hüquq bərabərliyinə nail olmaq üçün Konvensiya ilk növbədə qadınların reproduktiv hüquqlarını, analıq və hamiləlik, qadınlara təhsildə əlavə imkanların verilməsi, ixtisas artırma və s. hüquqları möhkəmləndirir. Belə model mövcud olan bərabərsizliyin fizioloji, tarixi köklərini nəzərə alaraq bu bərabərsizliyin aradan qaldırılması üçün məqsədyönlü zəmin yaradır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
1 iyul 1999-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyən sistemləşdirilmiş qanunverici aktdır. Qüvvədə olan qanunvericilik kişi ilə qadınlara eyni hüquqlar verir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınlara əlavə məzuniyyətlərin verilməsi barədə deyilir: “Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir”.
Qadın hüquqlarının qorunması həmçinin 1 iyun 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının yeni Ailə Məcəlləsində nəzərdə tutulmuşdur.
Olduqca müsbət haldır ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. Proqramda insan hüquqlarının tərkib hissəsi kimi qadın hüquqlarının müdafiəsinin səmərəliliyinin yüksəldilməsinə geniş yer verilmişdir.
Beləliklə, aparılmış tədqiqatlar əsasında aşağıdakı nəticəyə gəlmək olar: Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının yeni Ailə Məcəlləsinə, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq, ölkəmizdə qadınların hüquqları hərtərəfli təmin edilir.
Rəna Mirzəzadə, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, professor:
– Qloballaşan dünya, çeşidli ölkələr, yenidən düzənlənən dövlətlər, mədəni-mənəvi müxtəlifliyi ilə inteqrasiya olunan xalqlar, fərqliliyi ilə adaptasiya edilən millətlər və s. kimi politoloji epitetlər... və bu modernləşmələr mənzərəsində Yer üzündə baş alıb gedən, çoxalan, yüksələn qadın zorakılığı, qızlara təcavüz və bu fonda gedən müzakirə və təbliğatlar...
Məlumdur ki, yeniləşən dünyada istənilən sosiumun nüvəsi olan qadın-kişi qarşılıqlı münasibətləri gender adlanır – bu, sivil mədəniyyətdir. Burada münasibətlər isə bərabərhüquqluluq üzərində köklənmiş dayaqlara əsaslanmalıdır. Azərbaycan Konstitutsiyasının 25-ci maddəsi bərabərhüquqluq prinsipini özündə ehtiva edir. Konstitusiyanın 25-ci maddəsinin I bəndində “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”, II bəndində “Kişi ilə qadın eyni hüquqları və azadlıqları vardır” kimi təsbit edilmişdir. III bənddə “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır” və IV bənddə isə “Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz” yazılmışdır.
Belə ki, 1993-cü il 20 dekabrda BMT Baş Məclisində “Qadınlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması haqqında” Bəyannamə qəbul edilmişdir ki, onun 1-ci maddəsində yazılıb: “Qadınlara münasibətdə zorakılıq - bu cinsi əlamət daşıyan, qadına qarşı cinsi, fiziki və psixoloji zərər və işgəncə verilməsi və ya bu aktların təhlükəsi olan, onların şəxsi və ictimai həyatda azadlıqlarının məcburi və ya könüllü məhdudiyyətlərinə səbəb olan halları əks etdirir”.
Bu bəyannaməyə görə, qadın zorakılığı kişilər tərəfindən qadına qarşı ayrı-seçkilikdir. Bəs zorakılıq nədir? “Zorakılıq özünə və ya digər insana, qrupa, icmaya, cəmiyyətə qarşı işlənən, bədən zədələri, ölüm, psixoloji travma, inkişafda qüsur, əyintilər, müxtəlif cür zərər ilə nəticələnən fiziki gücün və ya hökmün real və ya hədələmək məqsədilə qəsdən tətbiq edilməsidir”.
Niyə bunları açıqladıq... Çünki XXI əsrin ilk onilliyi də zorakılığın bir xərçəng, bəlkə də “dəb” kimi tüğyanı zamanıdır. Aktual olduğu qədər də zorakılıq gah “gizlin”, gah da daha aşkar gündəmdədir. Bir tədqiqatçı kimi, hesab edirəm ki, qadına qarşı bütün zorakılıqlar aqressiyadır.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin prinsiplərinə riayət etməyən ölkə vətəndaşı Azərbaycan Respublikası CM-in 154.1 maddəsini pozmuş olur. Həmin maddədə yazılıb ki, “... irqindən, milliyyətindən, dinindən, dilindən, qulluq mövqeyindən, əqidəsindən və s. mənsubiyyətlərdən asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaq şəxsin bərabərlik hüququnun pozulması deməkdir və bu hərəkət qanunla təqib olunandır”.
Və sonda fikirlərimi gender üzrə məşhur tədqiqatçı Sulamif Fayerstounun bir kəlamı ilə bitirmək istərdim: “Təbiət qadını kişidən fərqli yaradıbsa, cəmiyyət onu insandan fərqli edib”.
SƏİDƏ HƏSƏNZADƏ, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru:
– Məlumdur ki, müasir elmi ədəbiyyatda insan hüquqları və azadlıqları dedikdə, əslində konkret fərdin, geniş mənada isə şəxsiyyətin cəmiyyətdə mükəmməl hüquqi imkanlarını, səlahiyyətlərini, onun statusunu ehtiva edən kompleks sistem başa düşülür. İnsan hüquq və azadlıqları insanın, onun cəmiyyətə, dövlətə və başqalarına olan münasibətlərdə yerini və rolunu müəyyən edən təsəvvürlər sistemidir. İnsan hüquqları - şəxsiyyətin hüquq normalarında təsbit olunmuş hakimiyyətlə və dövlətlə qarşılıqlı münasibətlərindəki statusunu səciyyələndirən rəftar normalarının məcmusudur. Bu gün insan hüquqları fenomenal və obyektiv baxışlar, təsəvvürlər, nəzəriyyələr və təlimlər sistemi kimi səciyyələndirilir və keçən əsrin ən böyük uğuru hesab edilir. Daha geniş mənada isə müasir elmi baxışlarda insan hüquqları humanitar biliyin kompleks sistemi kimi özünü göstərir
Aparılan təhlillər, qadın və kişi münasibətlərinin ən müxtəlif istiqamətlərdə tədqiq və təhlili təsdiq edir ki, onlar fərqli bioloji varlıq olmaqla yanaşı cəmiyyətdə və ictimai siyasi proseslərdə fərqli mövqeləri ilə seçilirlər. Qadının cəmiyyətdəki rolu haqqında danışarkən xüsusilə qeyd edilməlidir ki, bu gün bəşəriyyət insan cinsinin mövcudluğunda, artmasında, təşəkkülündə və təkamülündə qadına–anaya minnətdar olmalıdır. Qadın anadır, bacıdır, həyat yoldaşıdır, cəmiyyətin üzvüdür, maddi nemətlərin istehsalçısıdır, odun və ocağın keşikçisidir. Qadın - ana, kişilərdən fərqli olaraq dünyaya insan - övlad, nəsil gətirmək qabiliyyətinə malikdir. Ailənin qorunub saxlanılması, dünyaya uşaq gətırilməsi, ona süd verilməsi, böyüdülməsi, inkişaf etdirilməsi, tərbiyə olunması, insan cinsinin bioloji fərqliliyinin qorunub saxlanılması məhz ananın, qadının adı ilə bağlıdır.
Beynəlxalq hüququn ən mühüm prinsiplərindən birini dövlətlərin və beynəlxalq hüququn digər subyektlərınin insan hüquqlarına və azadlıqlarına hörmət etməsi prinsipi təşkil edir. Qadına verilən definisiya içərisində onun ən şərəfli hüququ statusu olan “analıq institutu”na da aydınlıq gətirilməsi olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, analıq xüsusiyyəti qadını kişidən fərqləndirən ən mühüm səciyyəvi xüsusiyyət olmaqla yanaşı, həm də onun ən əsas hüquqlarından birincisi hesab olunmalıdır. Bu şərəfli vəzıfə eyni zamanda müəyyən vəzifələrə də hüquqi əsas verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi qadın hüquqlarının ən mühüm xüsusiyyətlərini əks etdirsə də, orada “analıq statusu”na aydınlıq gətirilməmişdir.
Qadın hüquqlarının kişi hüquqları ilə bərabərləşdirilməsi, eyniləşdirilməsi, yaxud qadın hüquqlarının genişləndirilməsi uğrunda hərəkat, cinslərin bərabərliyinin təmin olunması sahəsində ictimai-siyasi təlimlər - feminizm və gender siyasəti bir çox ictimai-siyasi xadimləri öz ətrafında birləşdirsə də, apardığımız və yuxarıda şərh etdiyimiz müddəalar qadın və kişi bərabərliyinin bioloji, fizioloji, hüquqi, sosial və digər baxımdan bərabərliyinin mümkünsüz olduğunu tam təsdiq edir. Qadın və kişinin təbiət tərəfindən bəxş edilmiş bioloji, fizioloji, sosial, genetik, psixoloji və digər çoxsaylı cəhətlərindəki kəskin fərq feminizm və gender təlimlərinin illuziya olduğunu sübuta yetirir. Buna baxmayaraq, ailədə, cəmiyyətdə, dövlət həyatında qadının müstəsna rolu, dünyaya uşaq gətirmək kimi müstəsna yaradıcılıq fəaliyyəti, insan nəslinin inkişafında, maddi nemətlər istehsalında onun rolu qadın hüquqlarının aparıcı mahiyyətini təsdiq edir. Bu baxımdan qadın hüquqları, bütün mənalarda genişləndirilməli, cəmiyyətdə qadın, həm də ana olmaq etibarı ilə onun əvəzsiz və misilsiz xidmətləri azad və intihasız olmalıdır. Deyilənlərə yekun olaraq hesab edirik ki, beynəlxalq və milli miqyasda qadın hüquqlarına dair müstəqil normativ-hüquqi aktların qəbul edilməsi zəruridir.
Mübariz Yolçiyev, BDU-nun mülki proses və kommersiya hüququ kafedrasının dosenti, Qafqaz Universitetinin İHT bölməsinin müdiri:
– Hüquq elmində qanunların zaman baxımından tətbiqinə görə, üç prinsip səciyyələnir. Bunlar “geriyə tətbiq olunma qaydası”, “irəliyə tətbiq olunma qaydası” və “dərhal tətbiq olunma qaydasıdır”. Bir qanunun qüvvəyə minməsindən əvvəl meydana gəlmiş münasibətlərə tətbiq oluna bilməsi “geriyə tətbiq olunma qaydası” adlanır. Əgər qanun təkcə qüvvəyə mindikdən sonra meydana gələn münasibətlərə tətbiq olunursa “dərhal tətbiq olunma qaydasının” mövcud olduğu qəbul olunur. Bundan başqa, qanun qüvvədən düşməsinə baxmayaraq, qüvvədə olduğu müddət ərzində meydana gəlmiş münasibətlərə tətbiq olunmağa davam edirsə, “irəliyə tətbiq olunma qaydası” mövcud olur. Bu qaydalardan “dərhal tətbiq olunma qaydası” əsas qayda olduğu halda, “geriyə tətbiq olunma qaydası” və “irəliyə tətbiq olunma qaydası” istisna hallarda tətbiq edilə bilən qaydalardır. Məhz Konstitusiyamızın 149-cu maddəsinin VII hissəsi “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”- göstərişi ilə yeni qəbul edilmiş “qanunun geriyə qüvvəsi olmaz” qaydasının əsas qayda olduğunu və bu qaydanın bəzi istisnalara tabe olduğunu tənzimləmişdir.
“Qanunun geriyə qüvvəsi olmaz” qaydası ilk dəfə 26 avqust 1789-cu il tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində əsas insan hüququ olaraq yer almışdır. Belə ki, həmin Bəyannamənin 8-ci maddəsinə görə, “qanun təkcə açıq və məcburi formada lüzumlu olduğu görülən cəzaları tənzimləməlidir və hər hansı bir şəxs təkcə cinayəti törətdiyi andan əvvəl qəbul və elan edilərək tətbiq olunan qanunla cəzalandırıla bilər”. Bu qaydanın əsas məqsədi “şəxslərin hüquqi münasibətləri meydana gətirdikdən sonra qüvvəyə minən normalara görə hərəkət etməsini gözləməyə məcbur etməyi qadağan etməkdir”. Yəni “geriyə şamil olunmama” qaydası, qüvvəyə minən yeni normanın qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə hüquqi nəticələr meydana gətirməsini qadağan edən və normanın təkcə qüvvəyə mindiyi tarixdən sonra meydana gələn hüquqi münasibətlərə tətbiq edilməsini əmr edən bir qaydadır.
Türkiyədə qanun normalarının geriyə şamil olunmama qaydasının istisnaları cinayət hüququ və mülki hüquq baxımından fərqlidir. Belə ki, cinayət hüququ sahəsində geriyə şamil olunmama qaydasının istisnası “yeni qanunun cinayət törədən şəxsin lehinə və ya daha yüngül cəza nəzərdə tutmasıdır”. Türk mülki hüquq doktrinasında isə, yeni qəbul edilmiş normanın geriyə şamil oluna bilməsi üçün müəyyən şərtlərin mövcud olması tələb edilmişdir.
Ölkəmizdə yeni hüquq normalarının “geriyə şamil olunmama” qaydası və bu qaydanın “istisnaları” AR Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində, Normativ hüquqi aktlar haqqında AR Konstitusiya Qanunun 87-ci maddəsində, Cinayət Məcəlləsinin 10-cu maddəsinin 3-cü və 4-cü hissələrində, Mülki Məcəlləsinin 7-ci maddəsində və digər qanunlarda öz əksini tapmışdır. Bu qaydalardan məlum olur ki, ölkəmizdə də yeni hüquq normalarının da əsas qayda kimi geriyə şamil olunması qadağandır. Həmin qadağanın məqsədi yuxarıda da qeyd edildiyi kimi “hüquqa etimad” prinsipinin təmin olunmasıdır.
Nəticə kimi qeyd etməliyik ki, “qanunun geriyə qüvvəsi olmaz” qaydası və istisnası mülki hüququn əsas prinsipləri nəzərə alınmaqla qanunverici orqan tərəfindən yenidən tənzimlənməlidir.
Kamran Behbudov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı:
– Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasətinin ən son həddi olan, 1988-ci ildən bəri törətdikləri terror-təxribat hadisələri, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar daxil olmaqla ərazilərimizin 20 faizini təşkil edən əbədi və əzəli torpaqlarımızın işğalı, 1 milyon insanın hüquqları pozulmuş şəkildə, öz doğma yurd-yuvasından didərgin düşərək, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi, təbii, tarixi və maddi-mənəvi sərvətlərimizin məhv edilməsi ilə yanaşı, daha çox narahatlıq və psixoloji gərginlik doğuran daha ciddi bir problem yaratdı. Bu humanitar fəlakətin ən qabarıq və dəhşətli faktorlarından biri olan əsir, girov və itkin problemidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi aspektlərinə gəldikdə isə qeyd edə bilərik ki, ATƏT-in Helsinki Yekun Aktında münaqişənin həlli mexanizmi aydın surətdə təsbit edilib. Yekun Aktında münaqişələrin həlli ilə bağlı məhz bu prinsip əsas kimi qəbul edilib: “Milli dövlətlərin BMT Nizamnaməsinə əsasən qəbul edilən sərhədləri və ərazi bütövlüyü pozulmaz və toxunulmazdır”.
Bununla yanaşı, ATƏT-in Helsinki Yekun Aktında o da bəyan edilir ki, hər hansı bir dövlətə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, məhz bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər: “Dövlət təcavüzə məruz qaldığı zaman vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hərb yolu ilə qarşı tərəfə cavab verə bilər və özünün milli təhlükəsizliyinin təmin olunması üçün təcavüzün aradan qaldırılmasınadək təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirə bilər. Bu, beynəlxalq hüquq normalarına müvafiq olaraq “humanitar müdaxilə” adlanır”.
1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı təkcə bizim millətə qarşı deyil, bütün insaniyyətə, bəşəriyyətə qarşı törədilən bir cinayətdir və beynəlxalq cinayət kimi tövsif edilməli, bütün dünya həqiqətləri təfərrüatı ilə bilməlidir. Beynəlxalq cinayət dedikdə, ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir.
Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktını, Xocalı soyqırımını törədənlər öz cəzalarını almalıdırlar. Nahaq qan yerdə qalmır. Xocalı müsibəti də beynəlxalq aləmdə öz qiymətini alacaq və günahkarların gec-tez öz layiqli cəzalarına çatacaqları labüddür...
Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli, Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq genosid cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət -genosid kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən genosid törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı genosid törətmiş (istər cinayətin biləvasitə icraçıları, istərsə də təşkilatçıları) erməni və onların havadarları olan şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə , yaxud da beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Tədbirin sonunda III Beynəlxalq Bakı Forumunun yekunları və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda keçirilən konfransın 10 maddədən ibarət bəyannaməsi qəbul edildi. Bəyannamənin müxtəlif beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi ilə məşğul olan müvafiq qurumlara göndərilməsi nəzərdə tutulur.
Qələmə aldılar:
Qüdrət PİRİYEV,
Anar TURAN,
Rafiq SALMANOV (foto)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.