Azərbaycan xalqının tarixən yetirdiyi böyük mütəfəkkir və ziyalılar bəşəriyyətin nicatına xidmət edən mənəvi ideallarının təntənəsini məhz elmdə, insanların maariflənməsində axtararaq zəmanələrinin böyük maarifpərvərləri kimi əbədiyaşarlıq hüququ qazanmışlar. Hələ ötən əsrin 50-ci illərində Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə vahid sistem çərçivəsində formalaşmağa başlayan elmi-intellektual potensialın sonrakı onilliklərdə milli məqsədlərə yönəldilməsi isə, istisnasız olaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider yaradıldığı vaxtdan elm və ziya məbədinə çevrilən Elmlər Akademiyasının, bütövlükdə, Azərbaycan elminin böyük hamisi olmaqla, elmə, ziyalılara həmişə yüksək qiymət vermişdir.
Ötən əsrin 70-80-ci illərində Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazanmış, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən fundamental tədqiqatlar həyata keçirilmişdir. 70-ci illərdə akademiya ümummilli liderin böyük təşkilatçılıq istedadı nəticəsində bütün dünyada şöhrətlənmiş, özünün zəngin kadr potensialını, texniki arsenalını yaratmışdır. Ulu öndərin iqtisadiyyatın inkişafında elmi potensialdan səmərəli şəkildə istifadə edilməsinə dair göstərişləri əldə rəhbər tutularaq, 70-ci illərin əvvəllərindən etibarən ölkəmizdə elmi tədqiqatların mövzularının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi üzrə böyük işlər görülmüşdür. Xalq təsərrüfatının inkişafı və elmin özünün inkişaf məntiqinə müvafiq olaraq Elmlər Akademiyası idarə və təşkilatlarının fəaliyyətinin aparıcı istiqamətləri müəyyən edilmişdir.
Fundamental elmin inkişafı, yeni elmi-tədqiqat institutlarının yaradılması da məhz ulu öndərin böyük səyləri nəticəsində mümkün olmuşdur. Xüsusilə fizika, riyaziyyat, informatika və texnika elmlərinin perspektivini planlaşdırdıqda ümummilli lider Heydər Əliyevin məsləhət bildiyi strategiya - sənayenin intellektual təminatının perspektivi əsas götürülmüşdü. Nəticədə, 70-ci illərdə Azərbaycanda fundamental elm sürətlə inkişaf etmiş, dünyada tanınan elmi məktəblərdən biri kimi formalaşmışdı. Respublikada elektrotexnikanın intensiv inkişafı, mikroelektronika, optoelektronika, cihazqayırma və sənayenin digər sahələrinin yüksəlişi məhz fizika sahəsində fundamental tədqiqatlar nəticəsində mümkün olmuşdu. Bu dövrdə astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra işlər görülmüşdü.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - bu günlə səsləşən informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdi. Bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına respublika rəhbəri Moskvadan böyük inadkarlıqla icazə almış, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olmuş, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirmişdi. 1960-cı ildə SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Həmin illərdə Heydər Əliyevin qayğı və diqqəti ilə ümumilikdə 10 minədək xüsusi imtiyazı, imkanı olmayan sadə azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi.
Ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan yenə də məhz Heydər Əliyevin respublikaya ali rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. 1993-cü ilin iyununda - çətin bir şəraitdə xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini izhar etmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşmiş, 1997-ci ilin 31 yanvarında böyük öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq Elmlər Akademiyasının inkişafının yeni mərhələsi başlanmışdır. Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.
Şübhəsiz, ulu öndər humanitar ictimai düşüncənin inkişafı zərurətini önə çəkərkən, özünəməxsus incəliklə həm də yeni ictimai-iqtisadi formasiyasiya ölkə elmi ictimaiyyətini, alimlərini düçar olduqları depressiyadan, mənəvi böhrandan qurtarmağa çalışmışdır: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlər hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”.
Bütün bu tövsiyələr Azərbaycan elminin inkişafı məqsədinə hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, bu elm məbədinin nizamnaməsi təsdiq edilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları bir neçə dəfə artırılmışdır. 2002-ci ilin 12 avqustunda isə AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərancam imzalanmış, böyük öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdu. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.
Dünya və Azərbaycan ensiklopedik ədəbiyyat nəşri təcrübəsi əsasında yaradılmış və 2003-cü il fevralın 21-də Azərbaycan MEA-nın Rəyasət Heyətinin iclas salonunda ictimaiyyətə təqdim edilmiş “Naxçıvan ensiklopediyası” da müstəqil Azərbaycanın ciddi elmi uğurlarından idi. Respublikada ilk dəfə işıq üzü görən bu ensiklopediya həm də dövlətimizin intellektual potensialının, iqtisadi inkişafının göstəricisi idi. Bu nəşr ədəbi-mədəni sahəyə baxışı bir sistem təşkil edən, ümumi rəhbərlik və təşkilatçılıqla yanaşı, mütəxəssislərin yadına düşməyən incə məqamlara da diqqət cəlb edən, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi olan Heydər Əliyevin 1999-cu il 12 fevral tarixli “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində yaradılmış “Naxçıvan ensiklopediyası” qurumu tərəfindən hazırlanmışdı.
Ulu öndərin elmi-intellektual potensialın gücləndirilməsi sahəsindəki siyasətini ötən 10 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirir. “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” – deyən Prezident İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Elmdə islahatlar prosesinin son illərdə daha geniş vüsət alması isə təsadüfi olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün ilk növbədə onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin etmişdir.
Şübhəsiz, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmi idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur.
Sosial-iqtisadi inkişafın hazırkı mərhələsində insanların maddi imkanlarının yüksəlməsi bəzən ifrat maddiləşməyə, praqmatizmə, hətta bazar “əxlaqı”nın, biznes maraqlarının insani münasibətlərə sirayət etməsinə gətirib çıxarır. Bu baxımdan cəmiyyətdə mənəvi ab-havanı saflaşdırmaq, normal ritmi, harmoniyanı qorumaq üçün humanitar və ictimai elmlərin fəallığı son dərəcə zəruridir. Problemi aktuallaşdıran həm də odur ki, qarşısıalınmaz qloballaşma prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuş hər bir xalqı yad təsirlərə məruz qoyur. Milli ideal və dəyərlər maddiləşmiş sosial münasibətlər fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə xalqın milli “Mən”inin, mənəviyyatının, mədəniyyətinin, adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin, ziyalıların, ümumən cəmiyyətin intellektual təbəqəsinin qarşısında yeni vəzifələr qoyur. Müstəqil dövlətin dilinin, tarixinin, mədəniyyətinin, habelə xalqımızın əsrlərlə formalaşmış milli-mənəvi dəyərlər sisteminin elmi-konseptual əsasda tədqiqi və ümumiləşdirilməsi milli ideologiyanın əsas tələbləri sırasında yer alır.
Milli ideologiyası olmayan hansısa xalqın uğurlu gələcəyindən, dünya arenasında layiqli yer tutmasından, bir sözlə, mütərəqqi inkişafından söhbət gedə bilməz. Milli ideologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Lakin bu gün qloballaşan dünyanın qaçılmaz reallıqları fonunda mənəvi dəyərlərin fövqünə qalxan ifrat maddiləşmiş münasibətlər xalqları kor-koranə ideologiyasız cəmiyyətə sürükləyir. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış “qərbləşmə”, “avropalaşma” kimi kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışır. Azərbaycan xalqının bu qaçılmaz prosesə tarixən formalaşmış mənəvi-əxlaqi dəyərlər sistemi və ideologiyası ilə layiqli müqavimət potensialının gücləndirilməsi vacibdir. Bu sahədə əsas iş yenə də ictimai və humanitar sahədə çalışan alimlərin, elm xadimlərinin üzərinə düşür.
Bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri də milli ideya, milli ideologiya, düşüncə sistemi, azərbaycançılıq məfkurəsi və digər bu kimi fəlsəfi-siyasi mövzularda sanballı araşdırmalar aparmaq, milli özünüdərkin güclənməsinə yardımçı olmaq, yeni ruhlu vətəndaş formalaşdırmaqdır. Doğrudur, bu istiqamətlərdə müəyyən araşdırmalar aparılmışdır, lakin onların sayının azlığı da açıq etiraf olunmalıdır. Bu qəbildən olan araşdırmalar, ilk növbədə, gənc nəslin azərbaycançılıq məfkurəsini dərindən dərk edərək milli ruhda yetişməsi baxımından aktuallıq kəsb edir. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir.
Azərbaycanın innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli realizəsinə əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurlu nəticələr əldə edir. 2010-2012-ci illərdə Azərbaycanda İKT üzrə 20-30 faiz artımın olması da bu sahənin uğurlu inkişaf perspektivlərinin olduğunu göstərir. Fəqət, respublikamız əldə olunan nəticələrlə kifayətlənmir, nanotexnologiyaların, kosmik sənayenin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirir. Şübhəsiz, nisbətən yeni olan bu sahələrin inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi fundamental və tətbiqi elmlərin qarşısında mühüm vəzifələr kimi dayanır.
Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi də hazırda milli elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Dövlət başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illər daxildə elmi potensialın gücləndirilməsi ilə yanaşı, həm də gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur.
Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamı da məhz bu məqsədə xidmət edir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin qlobal elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.
Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr üzrə proqnozlar verir, səmərəli istehsal üsul və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların qəbulu prosesinə təsir göstərir. Yəni elmi tədqiqatlar futuroloji - gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda da müxtəlif elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri elmlə idarəçiliyin əlaqələndirilməsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir.
Mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur. AMEA-nın 2011-ci ildə keçirilmiş illik ümumi toplantısında dövlət başçısı İlham Əliyev bu zərurəti önə çəkərək demişdir: “Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun”.
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 10 il ötsə də, Azərbaycan xalqı onun layiqli davamçısı – Prezident İlham Əliyevin uğurlu siyasəti ilə təsəlli tapır. Milli inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyev ölkənin gələcək tərəqqisi prosesində elmin rolunu yüksək dəyərləndirdiyi üçün bu sahəyə davamlı diqqət və qayğı göstərir. Son illərdə AMEA-nın elmi-tədqiqat institutlarında çalışan işçilərin məvaciblərinin artırılmasını, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarının maddi-texniki təminatının gücləndirilməsini nəzərdə tutan bir sıra mühüm sərəncamların imzalanması buna əyani sübutdur. Ölkəmizin getdikcə artan iqtisadi imkanları isə respublikanın bu sahədə daha böyük uğurlara imza atacağına şübhə yeri qoymur.
Prezident İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.
Arif HƏŞİMOV,
akademik, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.