Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup polis əməkdaşına dövlət mükafatları təqdim olunmuşdur

 

Dekabrın 9-da Daxili İşlər Nazirliyində (DİN) cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bu il Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq dövlətimizin başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini daim yüksək qiymətləndirdiyini, bu mənada son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsinin şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulamışdır. Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atıldığını xatırladan nazir əsası ulu öndər tərəfindən qoyulmuş daha bir ənənənin - fərqlənmiş əməkdaşların mükafatlandırılmasının da dövlətimizin başçısı tərəfindən davam etdirildiyini,  2013-cü il 1 iyul tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları  və fəxri adlar ilə təltif olunduğunu vurğulamış, bu ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonra  Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev təltif olunmuş əməkdaşların siyahısını elan etmiş, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu demişdir.

Nazir R.Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik etmiş, hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırlatmış, tədbir iştirakçılarına Vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyə etmişdir.  Onlara insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır.

Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bu böyük etimadı layiqli xidmətləri ilə doğruldacaqlarına söz vermişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında