Azərbaycan dinamik inkişaf edən regional liderdir

 

 

 

 

Artıq 2013-cü il başa çatmaq üzrədir. Yola saldığımız bu il də sosial-iqtisadi sahələrdə əldə edilən uğurlarla yadda qalacaq. Qazanılan uğurlar, şübhəsiz ki,  aparılan düzgün siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin  rəhbərliyi ilə son on  ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi  uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs sayəsində Azərbaycan regional lider dövlətə çevrilmişdir.

Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən ulu öndərin siyasi kursunu dönmədən davam etdirəcəyini   bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Hazırda iqtisadiyyatın dinamik  inkişafı,  görünməmiş yüksəliş, tərəqqi   Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir,  insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir,   xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.

Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Dövlət proqramlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması ötən 10 ildə ölkə iqtisadiyyatında inkişaf  bumuna səbəb olmuşdur. Sözügedən dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul dinamikası son on ildə ölkə iqtisadiyyatının 7 dəfədən çox artdığını göstərir. Bu müddətdə adambaşına düşən ÜDM  təxminən 6,7 dəfə artmışdır. Yeri gəlmişkən, müqayisə dövrü ərzində Ermənistan və Gürcüstan iqtisadiyyatı müvafiq olaraq  3,6 dəfə artmışdır. MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstanda bu göstərici 6 dəfəyə yaxın olmuşdur. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı artım tempinə  görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlamış, həmçinin MDB-də ilk yeri tutmuşdur. Bundan başqa, bəhs etdiyimiz dövr ərzində iqtisadi artımı şərtləndirən amillərin də diversiyası nəzərə çarpmışdır. Belə ki, əgər 2003-2008-ci illərdəki artıma səbəb neft sektorunda baş verən intensiv hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamış və 2010-cu ildən etibarən neft sektorundakı azalmaya baxmayaraq,  ölkə iqtisadiyyatı artım tempini qoruya bilmişdir.

2003-2013-cü illərdə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu müddətdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur. 2003-cü ildə adambaşına düşən ÜDM  3 min 150 dollar idisə, bu rəqəmin cari  ilin sonuna qədər 11 min dollara çatması gözlənilir. Həmin  göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Bu dövrdə respublikanın  tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir.

Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. İşsizlik səviyyəsi 5,1 faizə endirilmişdir. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enmişdir. 3 milyon insan yoxsulluq səviyyəsindən azad olmuşdur. Hazırda Azərbaycan 1563 ölkə arasında yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, respublikamız dünyada ilk 25-ci sırada qərarlaşmışdır. Eyni zamanda, ölkəmiz makroiqtisadi sabitliyə görə, dünyada 148 dövlət arasında ilk səkkizlikdədir.

Hazırda iqtisadiyyatın diversifikasiyası siyasəti uğurla  davam etdirilir və artıq qeyri-neft sektoru neft sektorunu üstələyir. Məhz bunun nəticəsidir ki, qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına mühüm önəm verilməsi, bu sahədə ixrac potensialının  gücləndirilməsi nəticəsidir ki, 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, bu  ilin ötən aylarında  2273 adda məhsul ixrac olunmuşdur. Son 10 ildə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artmışdır. 

Azərbaycanın bu gün xarici dövlət borcu ÜDM-in 8,3 faizini  təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi- 2013-2014" hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri “Standart & Poor’s”, “Fitch Ratings” və “Moody’s” beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişdir.

Ötən 10 ildə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır.

Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu gün ÜDM-də özəl sektorun payı 80 faizi ötmüşdür. Bu,  artıq  geniş sahibkar təbəqəsinin  formalaşması deməkdir. Məhz elə bunun nəticəsidir ki, “Doing Business-2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur.

Azərbaycan beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Diqqətçəkən başqa bir fakt. Bu gün Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir ki,  bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə respublikamızda 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuş, Gəmiqayırma Zavodu istismara verilmişdir. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə “yüksək insan inkişafı ölkələri” qrupunda üstün mövqelərə  yüksəlməsi hədəflənir. Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə respublikanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır.

2020-ci ilədək inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə keçidin təmin olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Neft-qaz sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmini, ticarət və xidmət növlərinin genişləndirilməsi, xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası  bütün bu prioritetləri əhatə edir.

Yuxarıda sadalananları yekunlaşdırıb deyə bilərik ki, ötən 10 il ərzində milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Məhz elə buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu il oktyabr ayının 9-da yenə tərəddüd etmədən İlham Əliyevi dəstəkləmiş, onun qarşıdakı 5 ildə də prezidentliyini gerçəklədirmişdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında