Müasir dövrdə yas və toy mərasimləri

 

 

 

Son illərdə ictimai müzakirələrdə aktuallaşan bu mövzunun hər iki yönü kütləvi informasiya vasitələrindən də yan keçmir. Səngimək bilməyən diskussiyaların əsas məzmunu həyatımızın kütləvi məclisləri olan yas və toy mərasimlərindəki əndazəsizlik və ifratçılığın islah edilməsidir. Ayaqüstü söhbətlərdən tutmuş parlament müzakirələrinədək gedib çatan, müxtəlif forma və məzmunda yanaşmalar doğuran bu müzakirələr hələlik səmərəsiz görünsə də, ümumən, faydasız da deyildir. Çünki, söhbət hamını narahat edən, həm də maddi və mənəvi cəhətdən lüzumsuz itkilərə səbəb olan problemin aradan qaldırılmasından gedir.

Hamı yeni qaydalar istəyir

Həyatımızdakı hər bir dəyişiklik təbii ehtiyacdan əlavə, həm də bu zərurəti hamılıqla anlayıb qəbul etməkdən asılıdır. Əksər hallarda cəsarətli addımlar, təşviqlər əhəmiyyətlidirsə, bəzən çoxluğun mənafeyi naminə inzibati vasitələrdən də istifadə məqbul sayılır. İctimai birgəyaşayış qaydaları, adətən, əxlaqi normalarla nizamlanır. Tarixən, özünü doğrultmuş belə tənzimləmələr, eləcə də zəruri məhdudlaşdırmalar sonradan hüquqi formalara salınıb. Hər iki halla bağlı misalları yada salaq.

Dövlət müstəqilliyinin ilk illərində ilk milli pul əsginazlarını şabaş kimi toyda oynayanların başına səpirdilər. İllər boyu həsrətində olduğumuz, üstündə tarixi şəxsiyyətlərimizin, milli rəmzlərimizin təsvirləri olan kağız pullar ayaq altına tökülür, tapdanır, hörmətdən salınırdı. Ailə həyatı quran gənclərə var-dövlət içində yaşamaq arzusunun bayağı, lüzumsuz, bir az da keçmişin cahilliyindən qaynaqlanan bu biabırçı forması ictimai qınağa, mediadakı təpkilərə davam gətirmədi. Obyektiv ictimai rəy təsirsiz qalmadı.

Piyadaların yollarda nəzərdə tutulmuş yerlərdən, xüsusən yeraltı və yerüstü keçidlərdən keçməsinin salamatlığı barədə isə nə qədər deyilib-yazılsa da, əksəriyyət bu qaydaya məhəl qoymur, yollarda avtomobillə piyada vurulması halları azalmır. Bu yerdə inzibati cəza tətbiq edilməsi qaçılmaz olmuşdur. Bakıdakı yol keçidlərindən istifadəni əziyyət bilənlər artıq mənasız yerə 20 manat cərimə ödəməyin ağrısını yaşayırlar.

Yas və toy mərasimləri ilə bağlı islahat aparılmasının zəruriliyi illərdən bəri davam edən ciddi söhbətlərin nəticəsi olaraq artıq ictimai rəyin birmənalı təsdiqini qazanmışdır. Tarixi ənənəmizə və sivil dünya gerçəkliyinə uyğun, sadə, məzmunlu, insanlara narahatlıq və ziyan gətirməyən yas və toy qaydalarına keçilməsinin vacibliyini heç kəs inkar etmir. Gerçəkdə isə hər iki mərasim ifrat formalarla bir az da ağırlaşdırılaraq davam edir. Əməli addımlar atılmasına maneə olan sirli qüvvə nədir, yaxud gəmi hansı sualtı qayaya ilişib qalmışdır? – Bu gün ikiqat narahatlıq doğuran bax budur. 15–20 il əvvəl bu mərasimlərdə hər bir adama və bütövlükdə, hamıya düşən yük və ağrı bu gün ikiqat, üçqat artmışdır.

Çıxış yollarını açmaq, “durğun suları” axıtmaq, “gəmini ilişdiyi nöqtədən xilas etmək” üçün hərəkətə gəlməyi “aşağılar” “yuxarılar”ın, onlar isə çoxluğun özünün boynuna qoymağa çalışır. Kimlərsə də ümid edirlər ki, “ortadakılar” cəsarətli nümunənin miqyasını genişləndirməklə islahata təkan verməlidirlər. Beləliklə, üz tutduq ortadakı nüfuzlu ziyalılara, din xadimlərinə, şəxsi nümunə göstərmiş ağıllı və cəsarətli soydaşlarımıza.

Yas mərasimləri

necə olmalıdır?

İnsan həyatındakı ən ağır itki - doğmaların, dostların, yaxınların və tanışların ölümü ilə bağlı keçirilən yas mərasiminin tarixi insanlığın özü qədər qədimdir. Onun mahiyyəti mərhumu son mənzilə layiqincə yola salmaq, xatirəsinə ehtiram sərgiləmək, doğmaların ağrılarına ruhi-mənəvi ortaqlıq etmək, hamılıqla təsəlli tapmaqdan ibarət olmuşdur. Zaman-zaman təbii ehtiyaclardan qaynaqlanan və müxtəlif formalarda təzahür edən yas mərasimləri tarixin sivil çağlarından başlayaraq bir çox birgəyaşayış normalarını çevrələyən aparıcı dinlərin müəyyən etdiyi qaydalara salınmışdır. Təəssüf ki, zaman keçdikcə çox sayda adamın iştirak etdiyi bu kütləvi yığnaqlardan faydalanmaq istəyənlər din pərdəsi altında öz əlavələrini işə keçirib, dəbə mindirməyə nail olmuşlar.

Mənəvi dünyamızın böyük islahatçısı, maarifçi-demokrat Həsən bəy Zərdabi bu bəladan söz açarkən deyirdi: “Əgər din bizim avam mollalar deyən kimi olsa ki, hər bir tərəfdən götürdüyümüz adətləri də dinə qarışdırıblar, o vaxtda belə din ağıl ilə düz gəlmədiyinə bərbad olur”. Bugünkü yas mərasimlərinə böyük Həsən bəyin söylədiyi həqiqətin işığında baxsaq, onların Azərbaycan xalqının əsas dini olan İslamda məqbul sayılanlarla hansı dərəcədə uyğunluğu bir daha aydın olar.

Qafqaz Müsəlmanları İdarəsinin fətvalar şöbəsinin müdiri, QMİ-nin Elmi-Dini Şurasının üzvü, Qazi Hacı Mirəziz Seyidzadə bu məsələyə belə bir aydınlıq gətirdi:

–  İslam dini yas mərasimlərini nizama salmış, formaca sadələşdirmiş, məzmunca mükəmməlləşdirmiş, ulu Yaradanın buyurduğu kimi, insanın rahatlıq və nicat tapmasına uyğun qurmuşdur. Dinimizə görə, yas mərasimi axirətə gedəni saflıqla, ehtiramla yola salmağa, onun xatirəsini əziz tutmağa xidmət etməlidir. Buna görə mərhum təmənnasız olaraq yuyulub-kəfənlənməli, cənazəsi üstündə namaz qılınmalıdır. Torpağa tapşırılarkən doğmalarına başsağlığı vermək, rəhmət diləmək də hər bir müsəlmanın borcudur. O ki qaldı günlərlə davam edən təmtəraqlı yas məclislərinə, bunların dini əsası yoxdur və sonradan olunan lüzumsuz əlavələrdir.

Mərhumun dəfni onun doğmalarına əlavə qayğı gətirməməlidir. Böyük xərcə başa gələn məclisləri də sadələşdirmək olar. Belə bir yanlış fikir özünə möhkəm yer eləyib ki, guya, məclis nə qədər böyük, açılan süfrə nə qədər zəngin olarsa, mərhumun da ruhu o qədər şad olar. Əksinə, bunlar dünyasını dəyişənin ruhunu çəkilən xərc və zəhmət baxımından incidir.

Müsahibimiz haqlıdır: bu gün mərhumun kəfənləməsindən tutmuş, qəbir yerinin pulla alınmasına və qazılmasına yas məclislərində dəfələrlə yemək-içmək verilməsinə, bahalı qəbirüstü abidələrədək hər bir əlavə dinimizin buyuruğuna ziddir.

“Bəs neyləməli?” sualımızın cavabında Hacı Mirəziz dedi:

– Nə qədər ifrat və israfçılıq olsa da, bunlardan birdən-birə əl çəkə bilmirlər. Hələlik ilk addımlar olaraq yas günlərinin sayı azaldıla, məclisdə ehsan olaraq çay və azacıq şirniyyat qoyula bilər. Ayrı-ayrı yerlərdə yas günlərinin 7 gündən 3-ə endirilməsi, qəbiristanlığa daha az adam aparılması təcrübəsini təşviq etmək lazımdır.

“Qafqaz Müsəlmanları İdarəsi hansı təsirli tədbirlər görə bilər?” sualımızı müsahibimiz belə cavablandırdı:

– Biz xalqımızı dəfələrlə dinimizin tələblərinə əməl etməyə, yas məclislərini sadə keçirməyə çağırmışıq. Bunun müəyyən təsiri duyulur. Bu işdə mən də şəxsi nümunənin, hansısa kənd və şəhərin mümkün ixtisarlar aparmasının mümkünlüyünə daha çox inanıram. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında rəhbərlik səviyyəsində göstərilən təşəbbüs artıq çoxdan özünü doğruldub. Naxçıvanın şəhər-kəndlərində bir neçə ildir ki, yas günlərinin sayı azaldılıb, ehsan olaraq çay süfrəsi ilə kifayətlənirlər. Bu təşəbbüsə bütün ölkəmizin qoşulması problemin həllində ciddi addım olardı.

“Şəxsi nümunə” məsələsini açıqlamaq üçün bu yöndə öz addımını atmış jurnalist həmkarımız Hacı Mehman Fərzullayevin mülahizələrini dinlədik:

– Lənkəranda rəhmətə getmiş atamın, anamın və qayınatamın yas məclislərini ruhani və ağsaqqalların razılığı ilə sadələşdirdik. Dəfnə və qəbirüstünə çox adam aparmadıq. 3 gün yas, 1 dəfə ehsan verdik. Kənd icmasını da bizim ardımızca getməyə çağırdıq. Bildiyinə görə, Masallının bir kəndində mərhumu dəfn edəndən sonra doğmalarına başsağlığı verib hərə öz evinə gedir.

Bəs toylar?..

Kənd toyları hələ də şükürlüdür. Əsasən, mağarda, iri tikilidə qurulan məclisin xidmət işlərini qohum-qonşu görür. Ərzağın bir hissəsi evdən çıxır. Süfrəyə, ən çoxu, 2-3 növ xörək gətirilir. Yerli musiqiçilərin xərci də o qədər yüksək deyil. Toya gələnlərin kömək və hədiyyə olaraq verdiyi 5-10 manat məclisin xərclərinə artıqlaması ilə bəs edir.

Şəhər toyları isə illərdən bəridir ki, min bir hoqqabazlıqla məzmunsuzlaşıb, kənddəkindən 5-10 dəfə ağırlığı ilə çəkilməz həyat yükünə çevrilib. Dəvətlilər üçün, ən aşağısı, 50 manata başa gələn (əsasən toyxanaya ödənilən) və mövsümdə hər adama 10-dan az olmayan toylara aylıq qazancı 150-200 manata çatan müəllim, elmi işçi, lap elə jurnalist hansı imkan və əhvalla getməlidir? Ailənin son qəpiklərini toplayıb gəldiyi toyda qarşısına 80-100 növ təam düzülən, qarşısında qanad taxmış pərilər süzən, 10-15  min manatlıq müğənnilər oxuyan, qulluğunda padşaha layiq xidmətçilər dayanan, şərəfinə oyuncaq “qrad”lardan yaylım atəşi açılan belə toylara gələn sadə adamların bəzən evlərində günlərlə ət yeyilmir... Qəribə burasıdır ki, belə toylardan təkcə “aşağılar” və “ortalar” deyil, “yuxarılar” da giley-güzarla danışırlar.

Məclis nə qədər təmtəraqlıdırsa, hər adama düşən “stulhaqqı” da bir o qədər yüksəkdir: 50-70-100, hətta 150 manat. Hara gedirik, niyə dayanmırıq? İllərdən bəri davam edən belə şişirdilmiş, gerçək tələbatdan uzaqlaşmış məclislər “toy” sözünün yeni məna çalarını – “zülm etmək” anlayışının sinonimi olan “toy tutmaq” ifadəsini yaratmışdır. Acı rişxəndlə səslənən “toylar bizə toy tutur” deyimi hamımıza yaxşı tanışdır. Toy məclisinin əsas iki elementi olan mətbəx-süfrə və musiqi-şadlıq düzəni heç bir sivil ölçüyə sığmır.

Azərbaycanın ən tanınmış kulinariya mütəxəssisi, sağlam qidalanma üzrə zəngin milli reseptlərin tərtibçisi Hacı Cabir Xəlifəzadə “Bir süfrədə hər adama 60-70-80 növ xörək, içki, çərəz təklif edilməsinə münasibətiniz?” sualına cavabında kəskin tərzdə dilləndi:

– Bilirəm, bizim toyları nəzərdə tutursunuz. Bu, adamları kütləvi surətdə, xroniki zəhərləməkdir. Bu həm də görməmişlik, mədəniyyətsizlikdir. Dədə-babamız az da yeyib, çox da, amma belə acgözlük, israfçılıq etməyib. Toy süfrəsindəki qidaları, ən möhkəm bir qaba doldurub ağzını bağlasan, çox keçməz ki, bomba kimi partlayar. Adamları niyə bu hala salırlar? Dünyanın harasında belə “mədəni zorakılıq” var?

Hamısı şadlıq evi sahiblərinin oyunlarıdır. Elə bil, bir-biri ilə sözləşiblər: xörək 50 növdən az olmaqla sifarişi qəbul etmirlər. Tələb edirlər ki, ən azı, 200-300 adam olsun. Məlum məsələdir ki, daha çox ərzaq və adam bəhanəsi ilə xalqı soyurlar. Zərbəsi də sənə, mənə, dostumuza dəyir. Mən toyların belə təşkilini cinayət sayıram. Cinayət törədənlərsə cəzalarını almalıdırlar.

“Nə təklif edirsiniz?” sualına dünyagörmüş müsahibimiz belə cavab verdi:

– Əhalinin sağlamlığına cavabdeh olan qurumlar, xüsusilə gigiyena işçiləri toy süfrələrini dünyada qəbul edilmiş normalara uyğunlaşdırmağı tələb etməlidirlər. Biz özümüz isə saxta təkəbbürdən, zəngin görünmək istəyindən, qarınqululuqdan əl çəkməliyik. Adamları sağlam bədənə və  sağlam ruha xidmət edən toylara çağırmalıyıq. Bilmirəm: istər möhkəm qayda qoysunlar, istərsə də qanun halına salsınlar - axır ki, bu biabırçılığa son qoysunlar.

İqtisadçı-ekrpert Qənimət Səfərov isə öz qənaətini belə ifadə etdi:

– Çox ölkədə olmuşam. Hər yerdə toy məclisləri, belə mərasimlər iqtisadi amillərlə təşkil olunur. Yəni məclisdə ehtiyac olmayan, lüzumsuz xərc aparan heç nə olmamalıdır. Londonda yaşayan Güney azərbaycanlı bir soydaşımız bir neçə təmtəraqlı restoranı olsa da, yeganə oğlunun toyunu xudmani bir kafedə eləmişdi. Bizdə isə toya daha çox mənəvi amillərlə – təntənə nümayiş etdirmək, lovğalanmaq, başqalarına yaşatdığın çətinliyin fərqində olmamaq və s. anlayışlar ilə yanaşırlar.

Təntənəli toylar varlılar üçündür. Ziyalıya, sadə adama 1 toya 50-100 manat pul yazdırmaq olduqca çətindir. Bəs onda özləri niyə belə, toy konveyerinə həvəslə qoşulurlar? Mənə elə gəlir ki, hələlik bizdə hər təbəqə özünə uyğun toy təşkil etməlidir və buna şərait də yaradılmalıdır. Kasıb-imkansız adamların toyu hər adam üçün 10-15 manatla başa gəlməli, belə toylarda, ən çoxu, 70-100 adam iştirak etməlidir. Axı çevrəni genişləndirməyin faydası yoxdur.

Müsahiblərimiz maraqlı mülahizələr söylədilər. Şübhəsiz, həyat özü də sərt, qarşısıalınmaz redaktələrini edəcək. Yas və toy mərasimlərində islahat aparılması isə təkcə çağırışlarla gerçəkləşə bilmədiyi kimi, inzibati üsullarla da mümkün olmaz. Bu mürəkkəbləşmiş, ictimai bəlaya çevrilmiş məsələnin elə tərəfləri var ki, cəmiyyət özü islah etməli, elə cəhətləri də var ki, qanunla, inzibati məhdudiyyətlərlə sahmana salınmalıdır. Məsələn, toyların menyusunu gigiyena qurumları rəsmən təsdiq edə bilərlər. Toyxana, şadlıq evi və restoranların toy sahiblərinin ucuz sifarişlərindən qaçmasının qarşısını almaq da mümkündür. Yas məclislərinin ağırlığını azaltmaq üçünsə qəbir yerlərinin pulsuz olması, ehsanın sadələşdirilməsi, dini icmaların, bələdiyyələrin kasıb və kimsəsizlərin xərclərinə kömək etməsi kimi məsələləri gerçəkləşdirmək faydalı olardı. Yas və toy mərasimləri ilə bağlı biznes qurumlarının fəaliyyətinin şəffaflığı və onlara nəzarət edilməsi isə səmərəli inzibati üsul olardı.

Yaxın və uzaq tariximizdə ən yaxşı əməllər Vətən qeyrətli, Xalq sevgili insanların önə çıxması, yol göstərməsi ilə baş tutub. Şübhəsiz, yenə öndə gedənlərimiz var və onların ardınca gedənlərimiz çoxaldıqca həyatımızın ən ciddi mərasimlərini öz əlavələri ilə bəlalı vəziyyətə gətirənlər geri çəkiləcəklər.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

(Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında