Naxçıvan MR Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində yeni obyektlər istifadəyə verilmişdir

 

Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

“Heydər Əliyev ili”ndə növbəti avtomobil yolu Güney Qışlaq kəndində istifadəyə verilmişdir. Dekabrın 6-da avtomobil yolunun açılışı olmuşdur.

Kənd sakini Fətullah Məmmədov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

* * *

Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binası da istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Məktəbin direktoru Hafiz Həziyev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, kollektivə tədrisdə uğurlar arzulayaraq demişdir ki, bu il məktəbi bitirən məzunlardan 3-ü ali məktəb, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəbə qəbul olan məzunlardan biri 500-700 intervalında yüksək bal toplamışdır. Qazanılan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, 2012-ci ildə məktəbin müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəb kollektivinə təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

* * *

Həmin gün Qızıl Qışlaq kənd mərkəzinin də açılışı olmuşdur.

Tədbirdə çıxış edən inzibati ərazi dairəsi üzrə nümayəndə Fariz Göyüşov demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq işlərindən Qızıl Qışlaq kəndinə də pay düşmüş, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuş, poçt şöbəsi yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir: “Aparılan kompleks quruculuq işləri Qızıl Qışlaq kəndini muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil etmişdir. Bu, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bir kəndin timsalında nümunəsidir. Kəndlərdə aparılan quruculuq işləri, ilk növbədə insanların rahatlığına hesablanmışdır. Qızıl Qışlaq kəndində istifadəyə verilən yeni sosial obyektlər də kənddə əhalinin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Bu eyni zamanda dövlətimiz tərəfindən insan amilinə verilən qiymətin daha bir ifadəsidir”.

Ali Məclisin sədri bir daha yeni obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən leni kəsmişdir.

* * *

Həmin gün Qızıl Qışlaq kəndində yeni Xidmət mərkəzi də istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat mallarının satıldığı 2 mağaza sakinlərə xidmət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

* * *

Güney Qışlaqda isə kənd mərkəzi istifadəyə verilmişdir.

Tədbirdə çıxış edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Kərimov kənddə yeni sosial obyektlərin istifadəyə verilməsini muxtar respublikada insanların rahatlığı sahəsində görülən işlərin daha bir ifadəsi kimi dəyərləndirmiş, yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, bir daha kənd sakinlərini təbrik etmişdir.

* * *

Güney Qışlaq kəndində yeni xidmət mərkəzi istifadəyə verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mağazalarda və xidmət sahələrində yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Güney Qışlaq kənd xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza fəaliyyət göstərəcək, mərkəzdə 5 nəfər işlə təmin olunacaqdır.

Ali Məclisin sədri sakinlərlə görüşmüş, kənddə insanların yaşayışı ilə maraqlanmışdır. Sakinlər aparılan yenidənqurma işlərinin böyük sevinc hissi doğurduğunu bildirmiş, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsini və lazımi infrastrukturun yaradılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirmişlər.

* * *

Ayrıncda yeni kənd mərkəzinin açılışında da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir.

Açılış tədbirində çıxış edən Ayrınc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xaliq Abdullayev göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin sədri Ayrınc kəndində aparılan kompleks quruculuq işlərinə görə sakinləri təbrik edərək demişdir: Ayrıncda kənd mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi, məktəb binasının yenidən qurulması sakinlərin sosial problemlərinin həllinə şərait yaratmışdır. Kənddə həyata keçirilən tədbirlər göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Yaradılan şəraiti qorumaq, onlardan səmərəli istifadə etmək isə kənd sakinlərinin üzərinə düşən vəzifələrdir. Ona görə də idarəetmə strukturlarında çalışanlar, kənd sakinləri tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşmasında yaxından iştirak etməlidirlər.

Ali Məclisin sədri bu işlərin həyata keçirilməsinə sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

* * *

Həmin gün Ayrınc kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Kənd ağsaqqalı Qaşdar Əliyev çıxış edərək demişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişafdan Ayrınc kəndinə də pay düşmüşdür. Bu gün sakinlər göstərilən qayğı müqabilində daha səylə çalışırlar. Kənddə təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcəyi üçün yararlı vətəndaşlar yetişdirilməsinə səbəb olmuşdur. Dövlət qayğısının və sakinlərin zəhmətinin vəhdəti Ayrınc kəndində inkişafın əsas hərəkətverici qüvvəsidir. Qaşdar Əliyev yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ayrınc kənd tam orta məktəbində yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olmuşdur.

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə və kompyuter otağı vardır.

Müəllimlər göstərilən qayğı müqabilində daha səylə çalışacaqlarını, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərini bildirmişlər.

*   *   *

Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində aparılan tikinti-quruculuq işləri ilə yanaşı, bu yaşayış məntəqələrində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmış, elektrik, rabitə, qaz və su xətləri yenilənmişdir. Belə ki, kəndlərdə 4300 metr uzunluğunda fiberoptik, 200 metr elektrik, 1000 metrdən artıq qaz və 2260 metr içməli su xətti çəkilmiş, kənd daxilində abadlıq işləri aparılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında