Təbiət və biz Payızın öz qayğıları var

 

 

Hər fəslin öz gözəlliyi var. Yaz bitirir, yay gətirir, payız yetirir, qış işlədir, – deyirlər. Əslində, payızın rəng çalarları, yarpaqların yaşıl libasdan sarımtıl-qızılı rəngə keçməsi qabaqdan gələn boranlı qışdan soraq verir. Xəbərdarlıq edir ki, ey insan, yır-yığış elə, isti sobalara, dolu tənəklərə, əyin-baş libasına hazırlıq gör, nə xeyir işlərin varsa, elə qızılı payızın günəşli günlərində gör, oğul evləndir, qız köçür.

Payızın da özünəməxsus qayğıları var. Əkin-biçinin yır-yığış vaxtıdır. Yeni təsərrüfat ilinə taxıl əkini keçirilir. Belə bir deyim var: taxıl iki yay görməsə məhsulu az olar. Günəşli günləri fövtə vermək olmaz. Aran bölgələrində pambığın  çör-çöpü yığılıb şumlanar ki, arata hazırlıq görülsün. Dağ yamaclarında vaxtilə cüt-kotanla əkilən arpa, buğda şumda daraqdişi cücərərək, Günəşdən pay istəyərdi, yetişəndə çinlə-oraqla biçilir, at-qatırla dərzlər xırmana daşınıb vəllə – carcarla döyülərdi. Müasir elmi-texniki tərəqqiyə indinin özündə də meydan oxuyan su dəyirmanlarında dən üyüdülərdi, təndirdə qızaran çörəyin ətri atlını atdan salardı.  Çatma qolçalara bağlanan, şərit kimi çəkilən  sicimlər üstə kəsilən əriştə özəkləri gün altında qurudulardı. Ta indi zaman, dövran dəyişilib. Bu qədər insanı, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də cüt-kotan, su dəyirmanı ilə ərzaqla təmin etmək mümkün deyil. Aclıq və səfalətə, min-bir zəhmətə son qoyulub. Bir traktorun, kombaynın gündəlik işi keçmişin aylarla çəkilən əzab-əziyyətini arxada qoyub. Torpaq islahatları insanların gözünə işıq, əl-ayağına təpər gətirib. Necə deyərlər: əkib-biçənə minnət. Bu meydan, bu da şeytan.

Şəhərlərdə dükan-bazarları löyün-löyün məhsularla dolduran, bol ruzi-bərəkət məhz torpaqlarımızın payız fəslində üzümüzə gülməsidir. Bu məhsullar zəhmətdən hasilə gəlir, qış tədarükünə çevrilir.

Dağlıq Şahbuz bölgəsində yaşadığımdan və hər gün  təbiətlə təmasda olduğumdan arandan fərqli olaraq dağlarımızın, meşələrimizin özünəməxsus təbiət töhfələrindən həmişə fərəh hissi keçirirəm.

İndilər aranda üzüm, alma-armud, gülöyşə və vələs nar, xurma, ətirli heyva, əncir, xirnik, badam, püstə gəl-gəl deyirsə, dağlarımızın da öz bar-bəhəri var. Zəngin tərkibi ilə hibrit meyvələri üstələyən çölarmudu, zərinc, zoğal, əzgil, həmərsün, qoyungözü, sumaq, mərmərik, əppəkli, yemişan, dovşanalması, çölalçası, qoz, fındıq, şabalıd meyvələri insan sağlamlığında əvəzsiz nemətlərdir.

Güney Qışlaq kəndində iki su dəyirmanı var idi. Sinni 75-ə çatan Qələndər baba deyir ki, payıza dönəndə Koladəy, Armudlu, Yemişanlı massivlərindən daşınan xəmir kimi yetişib qaralan çölarmudu damlar üstə sərilib qurudulardı. Payızın son ayında dəyirmançılar car çəkərdilər ki, gələn həftə armud günləridi, kimin nəyi varsa gətirsin. Dəyirman daşları armud üstə dişənərdi. Növbə tutulardı. Elə adam olmazdı ki, 5-10 çuval tutana armud unu aparmasın. Qurudulub üyüdülən armud unu, sən demə, can dərmanıdı.

Üzərinə yazlıq buğda unu qatılıb təndirdə qızaran armud qalını ağızda öz-özünə əriyirdi. Dad-tamından doymaq olmazdı. Mədə – bağırsaq dərmanı idi. Bir dəfə el ağsaqqalı Hidayət baba bir məclisdə üzünü camaata tutub soruşdu ki, bu mədə deyilən əza bədənin harasında olur ki, aran camaatı mədədən belə çox şikayət eləyir? Niyə gəlib çöllərdən armud yığıb üyütmürlər, niyə ildə, heç olmasa, bircə həftə  özlərini bal kimi şirin armud qovutuna, armud çörəyinə tutmurlar?   Böyük Vətən müharibəsi illərində armud unu caamatı fəlakətdən qurtarıb. 

Zərinc ən qiymətli nemətdir. Şorabasının suyu qan təzyiqinin qənimidir. Qızılı meyvələri budaqlardan salxım kimi sallanır. Küftə, dolma xörəklərinə dad-tam gətirir. Zərincin kökləri böyrək daşlarının əridilməsində işlənən dərmandır.

Sumaq heç də zərincdən geri qalmır. Qurudulub üyüdülən sumaq  ət xörəklərinin, xüsusən dünya mətbəxində seçilən Azərbaycan kababının nar dənəsi, qırmızı soğan, göyərti qatqıları ilə şöhrətlənməsində ən qiymətli təbiət töhfəsidir.

Ürək-damar xəstələliklərinin müalicəsində yemişanın çiçəkləri ilə yanaşı, onun meyvəsindən hazırlanan kompot və bişirilən mürəbbə çox faydalıdır.  Yadımdadır, uşaq idik. Qonşulara qış gecələrində qonaq gedəndə biz uşaqları da aparırdılar. İsti kürsü başında qızınardıq. Ev yiyəsi payızdan yığılıb saplara düzülərək qurudulan yemişanı qarış-qarış kəsərək uşaqlara paylayardı. Bayırda isə qışın boranı tüğyan edərdi: Şəhriyar baba deyəni, qurdun gözü bərələrdi. Biz də nağıla qulaq asardıq. Yemişanın, armud qaxının dadı damaqdan getməzdi. Ölkəmizin Ordubad bölgəsində payızın qoz, şaftalı, hulu meyvələrindən, istiot, hil, mixək, dağdağan toxumu qatqılarından “alana” adlı çərəz hazırlayıb qurudardılar ki, ta kərənti ota deyənədək beş-altı ay uşaq-böyüyün gözünə işıq gətirərdi. Əzgil, zoğal, əppəkli meyvələri də payızda yetişər.

Eşidəndə ki, ağ rəngli zoğalın Şəkinin Çeşməli kəndində Fikrət adlı bir orta təhsilli aqronom bağban var, ərinmədim, Şahbuzdan Çeşməliyə getdim. Təbiət bilicisi ilə görüşdüm. Fikrət 20 ildən çoxdur ki, bütün meyvələrin məşhur calaq ustasıdır. Ondan ağ zoğal, qızıləhmədi alma tingləri alıb gətirdim. Əvvəllər Tərtərdən, Ordubadın Nüsnüs kəndindən də iri meyvəli armudu zoğal tingləri alıb bara salmışdım. Əkdiyim ağ zoğal da bar üstədi. Göyçaydan, Ordubadın Əndəmıc kəndindən iri, ətirli, turş heyva, Kəngərlinin Şaxtaxtı kəndindən turş innab, Abşerondan şirin innab, Özbəkistanın Fərqanə vilayətindən iri armudu innab, uzaq Tayqadan iri qara və qırmızı qarağat, Xəzərin cənub qurtaracağındakı İranın Mazandaran vilayətində yetişən iri Rəfsancani püstəsi həyətyanı sahəmdə “qonaq” bitkilərdir. Ölkəmizin şimal bölgəsindən şabalıd, Naxçıvan çuxurunun qədim yaşayış məntəqələrində əsrlərlə yetişdirilən əsgəri, tayfı, şahəngi, qızılı, hənaqırna, şəfeyi, təbrizi, mərəndi, şirvanşahı, mələyi, aldərə, müxtəlif rəngli  kişmişilər, xatını, ağ – qırmızı gülabı, pişiyi, xəlili, ağadayi, nimrəng, nəxşəbi üzüm sortlarını, əriyin, gilasın, qozun, fındığın müxtəlif populyasiyalarını da toplayıb öz bağımda yetişdirirəm. Məndən tez-tez soruşurlar, niyə bu məhsulları bazara çıxarmırsan? Düzü, bunları bara salanda yaranan sevinci dünyanın ən böyük xəzinəsinə də dəyişmərəm.

Biliyinə, zəhmətkeşiyinə pərəstiş etdiyim görkəmli alim Oruc İbadlının görüşünə getmişdim. Onun Bakıda Nəbatət bağında böyük zəhmətlə, dərin elmi axtarışlarla apardığı işlərin analoqu azdır. Sevindirici haldır ki, Naxçıvanda da Nəbatət bağı yaradılıb, axtarışlar aparılır. Oruc müəllimlə görüşərkən rəhmətlik professor, şair-jurnalist Famil Mehdi də orada idi, bizi tanış etdi. Oruc müəllim Daşkənddən əldə etdiyi qızılgüldən mənə də fidan payı verdi. Bu qızılgülün ətri erkən yazda yerin yaxasını açan qıvrımtel bənövşənin ətri kimidir. Yurdu, torpağı zənginləşdirən alim olanda da gərək belə  olasan.

Payızın ən gözəl nemətlərindən biri də dağdağan ağacının toxumlarıdır. Ordubadda bu toxumları əl kirkirəsində üyüdüb şirniyyatlara qatırlar. Xalq təbabətçiləri dağdağan toxumunun çay dəmləməsini gecələr yatağını isladan uşaqlara içirməklə onları bu “vərdiş”dən xilas edirlər.

Ağstafaçay dəryaçası yaxınlığında XVI əsrdən qalma yadigar bir Koroğlu qalası var. Sal qaya üzərində daşdan tikilən üstü açıq qaladır. Maraq məni də həmin qalaya baxmağa apardı. Sən təbiətin gücünə bax,  bir misqal torbağı belə olmayan daşda, bəlkə də, qala ilə yaşıd ərik ağacı irilikdə dağdağan ağacı qalanın içində daş ürəyində bitib, qar-yağış ümidinə qidalanır. Yerli əhali qalanı və dağdağanı əzizləyib qoruyur. Əslində, bu, təbiətin bir ibrət dərsidir.  Yəni, yurdumuz quru daşı da göyərdirsə, onda torpaqda bitənin gövdəsinə balta çalmaq insanlığa sığmayan bir nankorluqdur. Təbiət nə yetirirsə, insanın uzun ömürlüyünə əvəzsiz töhfədir. Fikrimi tamamlamaq istəyirdim ki, 47 il öncə Gəncədə Kənd Təsərrüfatı İnstitutunun III kursunda oxuyarkən payız fəslinə həsr etdiyim və institut qəzetində dərc olunan bir bənd şeirim yadıma düşdü. Qiyas adlı müəllimimiz vardı. Dedi ki, bir bənd şeirdə fikir ifadə etmək asan deyil, amma şən gözəl təbiət lövhəsi yaratmısan:

Buluddan, leysandan

                  bir libas alıb,

Çadratək dağlara

                 dolandı payız.

Gənclik saçlarıma

                 təzə dən salıb,

Ömür illərinə

             calandı payız.

O illər hara, indi 70-i keçirdiyim illər hara. Əslində, elə öz ömrümün də payız fəslidir. Ömrün hər günü qiymətli olduğu kimi, payız fəslinin hər günü də bizdən qurub yaratmağı tələb edir. Ölkəmizdə payız, həm də yaşıllıq salma vaxtlarıdır. Hər əkilən ting, fidan bir ömürdən yadigardır. Heç olmazsa, hərəmiz birini əkək.

 

Qaşdar ƏLİYEV,

 respublikanın əməkdar təbiəti mühafizə işçisi, akademik Həsən Əliyev mükafatçısı, aqronom fenoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında