Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışından sonra dövlətin xarici siyasət kursunda mövcud reallıqlar nəzərə alınaraq ölkəmizin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklərə başlanıldı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri Avropa ölkələri, yeni müstəqil respublikalar, türkdilli dövlətlər, müsəlman dünyası və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi.
Eyni zamanda, həmin dövrdə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək vəzifəsi də uğurla reallaşdırıldı.
Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, suveren bərabərlik prinsipinə əsaslanan praqmatik xarici siyasət xəttini həyata keçirib. Ölkəmizin bütün dövlətlərlə ikitərəfli və çoxtərəfli səmərəli əlaqələr yaratması respublikamızın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlər olub və bu, hazırda da davam etdirilir.
Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması, həm daxili, həm də xarici siyasətdə açıq və çevik fəaliyyət göstərməklə digər ölkələrlə ikitərəfli münasibətlərin formatına yeni çalarlar verməsi respublikamızın Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın geosiyasi və iqtisadi resurslarından rasional düşüncə ilə istifadə edən Prezident İlham Əliyev çevik siyasi xəttilə respublikamızın dünyanın və regionun bütün ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlətə çevrilməsini təmin edib. Bu tendensiya ildən-ilə dərin xarakter alır və Azərbaycan bütövlükdə dünya miqyasında faydalı əməkdaşlıq üçün açıq dövlət olduğunu təsdiqləyir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində 155 ölkənin Azərbaycanı dəstəkləməsi buna əyani sübutdur. Beynəlxalq aləmdə hələ prezident seçilməmişdən öncə tanınan, uzun illər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasına təkan verdi. Məhz bu fəaliyyət dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin xeyli dəyişməsinə səbəb oldu. Artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən dəstəklənir.
Azərbaycanın rotasiya qaydasına uyğun olaraq BMT TŞ-də sədrliyi dövründə diqqətçəkən bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli görüşdə BMT-nin Baş katibi və TŞ-nin üzvü olan dövlətlərin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Dövlətimizin başçısı nitqində Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirdi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat verdi, işğal altındakı ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları baxımından ciddi narahatlıq ünvanı olduğunu vurğuladı. Cənab İlham Əliyev dünya ictimaiyyəti tərəfindən münaqişələrin beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları və prinsipləri çərçivəsində, xüsusilə dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll olunmasına və dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Azərbaycanın siyasi xəttində mühüm mövqe tutan bir cəhətə də nəzər salaq. Son dövrlərdə enerji təhlükəsizliyi dünyanın ən mühüm və həlledici məsələlərindən birinə çevrilib. Bu, hətta bir sıra hallarda beynəlxalq aləmdə cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycanda da bu amilə mühüm önəm verilir və ölkəmiz enerji layihələrini tərəfdaşları ilə birlikdə uğurla həyata keçirir. İndi bölgədə respublikamızın təşəbbüsü və iştirakı olmadan həmin layihələri reallaşdırmaq qətiyyən mümkün deyil. Azərbaycan postsovet məkanının enerji sahəsində Qərb ilə əməkdaşlıq edən ən nüfuzlu dövlətidir. Məhz elə buna görə də Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional layihələrin uğurla reallaşdırılması dünyada Qafqaz regionunun əhəmiyyətini artırıb. Ümumiyyətlə, karbohidrogen ehtiyatları ilə strateji coğrafi mövqedə yerləşməsi ölkəmizi əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq əhəmiyyətli enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirib.
Dövlət başçısı Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrinin inkişafına da xüsusi əhəmiyyət verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Cənab İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan verib. Ölkəmiz təkcə Avropa və Asiya ölkələri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətləri ilə ikitərəfli əməkdaşlığa ciddi diqqət yetirir. Kolumbiya və Meksika parlamentləri tərəfindən Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilməsi məhz ikitərəfli əməkdaşlığın bəhrəsidir.
Azərbaycanın ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirib, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməyib. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost Türkiyə ilə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizinin yaradılması, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşib. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilib. Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da uğurla davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regional inkişafın sürətlənməsinə gətirib çıxaracaq.
İkitərəfli əməkdaşlıqda qonşu Rusiya ilə olan münasibətlərə də mühüm önəm verilir. Azərbaycanın bu ölkə ilə müxtəlif sahələrdə əlaqələri ildən-ilə genişlənir. Hazırda Rusiya respublikamızın əsas ticarət tərəfdaşlarından biridir. Dövət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin on ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard ABŞ dollarından çox təşkil edib. Onu da xatırladaq ki, Azərbaycan Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əməkdaşlıq əlaqələri yaradıb, onların bəziləri ilə hökumətlərarası sazişlər bağlanılıb. Bu gün qonşu ölkənin 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir və qarşılıqlı ticarət dövriyyəsinin 70 faizindən çoxu bu regionların payına düşür.
Azərbaycanın xarici strategiyasında nəzərəçarpan məqamlardan biri də ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların nəzərini Ermənistanın işğalçılıq siyasətinə yönəltmək, eyni zamanda, bu siyasətin beynəlxalq və regional sülhə təhlükə törətməsini diqqətə çatdırmaqdır. Son illər NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair sənədlər qəbul edilərək ölkəmizin ərazi bütövlüyü, suverenliyi müdafiə olunub və sərhədlərin toxunulmazlığının vacibliyi vurğulanıb. Artıq dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca isə münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlar atılmalıdır.
Təəssüf ki, Ermənistan hələ də status-kvonu qoruyub saxlamaq və işğalın nəticələrini əbədiləşdirmək fikrindən əl çəkmir. Əslində status-kvonun qalması təcavüzkar dövlətə yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar”.
Ermənistanın işğalçılıq siyasəti mütləq şəkildə məhvə məhkumdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir. Yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir. Əks təqdirdə torpaqlarımızın xilası üçün Azərbaycan ordusu, öz qəti sözünü deyəcək. Bunun üçün cənab İlham Əliyev ordunun möhkəmləndirilməsinə daim prioritet məsələ kimi yanaşır. Dövlət başçısı dəfələrlə birmənalı şəkildə vurğulayıb ki, “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir”.
Azərbaycan bu gün dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son on ildə iqtisadiyyatımız 3,4 dəfə artıb. Yoxsulluğun səviyyəsi təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azaldılıb. İşsizlik səviyyəsi təqribən 5 faizdir. Belə dinamika, inkişaf Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarına yardımçı olmağa, onların çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməyə, yoxsulluğun aradan qaldırılmasına dəstək göstərməyə şərait yaradır. Son illərdə Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyi xəttilə 20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməsi, Heydər Əliyev Fondunun müxtəlif humanitar və sosial proqramları reallaşdırması bunun bariz ifadəsidir.
Azərbaycan dünyada terrorizmə qarşı mübarizədə də fəal iştirak edir. 2002-ci ildən etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən biri olan respublikamız tərəfdaşlarının ehtiyaclarına həssaslıqla yanaşaraq, mürəkkəb daşıma əməliyyatlarına yardım göstərib və Əfqanıstan üçün bir sıra minatəmizləmə və digər təlim kursları təşkil edib.
Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və xalqımız Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən və 2018-ci ildə digər qədim şəhərimiz olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürəcəyindən qürur duyur. 2015-ci ildə Azərbaycan ilk dəfə Avropa Oyunlarına və 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Bütün bunlar bir daha göstərir ki, bu gün Azərbaycan beynəlxalq və regional səviyyədə əsl körpü rolunu oynayır. Sadalananlar faktlar həm də belə bir həqiqəti təsdiq edir ki, müstəqil Azərbaycan dövləti beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına öz layiqli töhfələrini verir. Heç şübhəsiz, gələcəkdə bu töhfələrin sayı daha da artacaq.
Hacı İBRAHİMOV,
“DH-Hüquq Consulting” Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.