Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından qaçqın və məcburi köçkünlər daha çox əziyyət çəkirlər

 

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 4-də Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşmüşdür.

Komitədən AzərTAc-a bildirmişlər ki, Baş nazirin müavini Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş, ona gələcək işlərində uğurlar arzulamışdır. Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu diqqətə çatdıran Əli Həsənov münasibətlərimizin uğurlu inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir. O, həmçinin beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi köməyə görə Almaniya hökumətinə təşəkkürünü çatdırmışdır.

Görüşdə Ermənistanın hərbi təcavüzünün ağır nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, onların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılmışdır. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, Azərbaycan dövlətinin bu problemin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində məsələnin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşların bütün problemlərinin həllini öz üzərinə götürmüşdür və bu işin öhdəsindən lazımınca gəlir. Buna baxmayaraq, ölkədə beynəlxalq humanitar və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin davam etdirilməsinə də zərurət vardır. Onların fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şəraitin yaradıldığını deyən Əli Həsənov bildirmişdir ki, hazırda ölkəmizdə Almaniya hökumətinin də təmsil olunduğu 30-a yaxın beynəlxalq, eləcə də 70-ə yaxın yerli qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

Ətraflı məlumata görə minnətdarlığını bildirən diplomat Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsinin də iştirak etdiyi bu görüşün əsas məqsədinin Avropa ailəsində bu qurumun xətti ilə ölkəsinin Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həllinə kömək göstərməkdən ibarət olduğunu vurğulamışdır. Almaniya ictimaiyyətinin bu barədə az məlumatlı olmasından təəssüfləndiyini vurğulayan xanım Haydrun Tempel qaçqın və məcburi köçkün problemi ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşdıqlarını və yaxın vaxtlarda buna başlanacağını bildirmişdir.

  Səfir, həmçinin Azərbaycanın sürətli inkişafından, ölkəmizdə gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə etmişdir. Diplomat, xüsusilə bu yaxınlarda Göygöl rayonuna səfəri zamanı vaxtilə almanların yaşadığı ərazinin orijinal arxitekturasının qorunub saxlanmasını və Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında