Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyaları (İKT) olması birmənalı amillərdən hesab edilir. Bu mühüm amil Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edildi, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradıldı. İlkin internet-infrastrukturunun yaradılması da məhz o illərə təsadüf edir.
İKT-nin rolu
günbəgün artır
Dövrümüzün müasirliyi təkcə forma baxımından yox, həm də məzmun etibarı ilə formalaşan informasiya cəmiyyətinin prinsip və tələbləri ilə ayaqlaşmaq əsasında bərqərar edir. İndi bütün sferalarda innovativ inkişafa sahib olmaq, modern münasibətlər müstəvisində özuntəsdiq cəmiyyətin birmənalı tələblərindən ən vacibi kimi diqqəti cəlb edir. Bu baxımdan Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə buraxılması ölkə üçün çox əlamətdar, tarixi hadisə oldu. Dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsi kimi bu olduqca mühüm hadisə idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, artıq “ Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə, kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik. Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur.”
İnformasiya texnologiyalarının yaratdığı olduqca mükəmməl imkanlar hesabına insanlar arasında ünsiyyət formaları asanlaşdığı kimi, həm də yeni formalar meydana gəlir. Bu cür yeni əlaqə formalarının-forum, çat, videokonfrans, telekörpü və s. yaranması artıq cəmiyyətin ümdə tələbidir. Bunlar isə özlüyündə müxtəlif sahələrdə mövcud problemlərin həllini dəfələrlə asanlaşdırmaq yollarını ortaya çıxarır. Bir anlıq, hətta ən yaxın keçmişimizə nəzər salası olsaq, görərik ki, istər qlobal bəşəriyyət üçün, istərsə də şəxsi müstəvidə mühüm və ya qeyri-mühüm bir əhəmiyyət kəsb edən hansısa problemin həlli uzun bir vaxt hasabına başa gəlirdisə, hazırda məhz müasir texnologiyaların geniş imkanları sayəsində bu işlər olduqca qısa bir müddətdə həyata keçirilir. Butün bunlar onu təsdiq edir ki, rəqəmsal texnologiyaların inkişafı cəmiyyətin intellektuallaşdığının göstəricisi olmaqla, həm də əhəmiyyətindən asılı olmayaraq bütün problemlərin həllini asanlaşdırır.
İnternet bütün dünyaya “hökm edir”, amma onu tənzimləyən hüquqi mexanizmlər isə hələlik yoxdur. Şübhəsiz ki, internetin yarandığı son 40 il ərzində bütün dünyada istifadəçiləri ortaq məxrəcə gətirmək, bütün tərəfləri təmin edəcək beynəlxalq hüquqi mexanizmlər işləmək asan məsələ deyil. Ona görə də informasiya təhlükəsizliyi məsələləri aktuallaşır və bütün ölkələri narahat edir. Azərbaycan da mütərəqqi bir ölkə kimi bu istiqamətdə mövcud olan təşəbbüslərə qoşulur. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun əsas məqsədlərindən biri də İnternetin tənzimlənməsində bütün ölkələrin bir araya gətirilməsi yollarının müəyyən edilməsi idi. Beynəlxalq Telekommunikasiya İttifaqının verdiyi məlumata görə 2013-cü ilin sonuna dünya əhalisinin 2,5 milyard nəfər internet istifadəçisi olacaqdır. Ölkəmizin Avropaya fəal inteqrasiya etdiyini və internet istifadəçilərin 75 faizinin Avropa sakinləri olduğunu nəzərə alsaq, ölkəmizin siyasi və iqtisadi həyatında virtual aləmin böyük rol oynadığını görürük.
İKT-nin geniş tətbiqi
dövlət siyasətinin prioritetlərindəndir
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi gələcək layihələr üçün təkcə hüquqi yox, həm də olduqca modern texniki baza yaratmağa imkan verdi. Bu gün davamlı inkişaf yolunda olan Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmişdir. Elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının bütün aspektləri üzrə-ATS-lərin elektronlaşdırılması, internetin Azərbaycanın bütün ərazisini əhatə etməsi, keyfiyyətinin yüksəldilməsi, qiymətinin ucuzlaşdırılması və digər informasiya texnologiyalarının Azərbaycanda geniş tətbiqi bu sahədə innovativ inkişafi təsdiq edir. Bu gün Azərbaycanda vətəndaşların 70 faizdən çoxunun internet istifadəçisi olması özlüyündə diqqəti cəlb edən maraqlı bir faktdır və yüksək göstəricidir.
İKT sahəsində bir sıra istiqamətlər üzrə ölkəmiz artıq çoxdandır ki, keçmiş postsovet məkanında bütün rekordları üstələyib. Məsələn, hələ 2008-ci ildə Azərbaycan MDB-də ilk olaraq ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına nail oldu. Ölkədəki ATS-lərin rəqəmli texnologiyaya keçidi başa çatdırıldı. Azərbaycan 4G mobil rabitə texnologiyasını tətbiq edən dövlətlər arasında Avropada 9-cu, dünyada isə 37-ci yeri tutur. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “İnformasiya cəmiyyətinin ölçülməsi-2012" adlı hesabatına əsasən, ölkəmiz İKT-nin inkişaf indeksi (ITDI) üzrə 155 dünya dövləti arasında 68-ci yeri tutur. BTİ-nin hesabatında Azərbaycan həmçinin, son 5-7 il ərzində bu sahədə daha çox uğurlar qazanan on dünya dövləti qrupuna daxil edilmişdir.
Diqqətəlayiq bir məqam da var ki, ölkəmizdə informasiya mədəniyyəti formalaşır, sosial, iqtisadi və digər prosesləri əhatə edən məkan genişlənir. Dünya bazarına inteqrasiya etməklə onun tərkib hissəsinə cevrilirik. Azərbaycan gəncləri, alim və mütəxəssislər, ümumiyyətlə, bütün insanlar internetin fəal istifadəçisinə çevrilməklə özlərini internetdən ayrı təssəvvür edə bilmirlər. Eyni zamanda, mobil rabitə sürətlə inkişaf edir. Ölkədə İKT sahəsi üzrə yüksək bilik və bacarıqlara yiyələnmiş peşəkar milli kadr ordusu yetişdirilir. Bu isə öz növbəsində elektron dövlət layihəsinin müvəffəqiyyətlə reallaşdırılmasına imkan yaradır.
Günümüzün reallığı: “Elektron hökumət”
Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər) əsasən, hazırlanmış və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilən bir layihə- “Elektron hökumət” layihəsi xüsusi diqqətə layiqdir. “Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsidir. Yəni hər bir vətəndaş hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya bilər. Layihəni şəbəkədə əks etdirən internet resursu “Elektron hökumət” portalıdır. “E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə bir nöqtədən giriş imkanını təmin edir. Hazırda “Elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. “Elektron hökumət” portalında bir çox nazirliyin bəzi xidmətlərindən qeydiyyatsız istifadə etmək də mümkündür.
“Elektron hökumət” portalı hazırda vətəndaşların tələblərinə yüksək səviyyədə cavab verir. Yeganə problem əhalinin bir hissəsinin elektron xidmətlərdən zəif istifadə etməsidir. Bunu isə cəmiyyətdə ancaq maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da “Elektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Müasir inkişaf bütün sahələrdə daha çox informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə faydalanmaqla mümkün olur. Bu artıq özünü doğruldan təcrübədir. İnformasiya texnologiyaları şəbəkəsinin bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər strateji sahə kimi hesab edilməsinin əyani sübutudur. Artıq İKT iqtisadiyyatda ən önəmli sahələrdən biridir.
Genişzolaqlı internetin istifadəsinə görə lider ölkə
Avropa Birliyi ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün əksəriyyəti bu gün Azərbaycanda da tətbiq edilməkdədir. Əhalinin əksər hissəsinin İnternetə çıxış imkanları vardır. İnsanların sərbəst şəkildə informasiya əldə etməsi, azad informasiya cəmiyyətinin bərqərar olması dövlət siyasətidir. Ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir. Daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu da elektron formada həyata keçirilir.
“İKT ili” çərçivəsində həyata keçiriləcək digər mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Neft Fondunun birgə hazırladığı “Azərbaycanda evlərə optika” modeli üzrə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması oldu. Bu isə hər evin internetə qoşulmasını və vətəndaşların “Elektron hökumət”in virtual xidmətlərindən istifadə etməsinin asanlaşmasıdır.
Bundan başqa, elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, radiorabitə vasitələrinin qeydiyyatı, elektron imzanın verilməsi, internetə qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər xidmətlərin elektron formada həyata keçirilməsi təmin edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin rəsmi reyestrləri yaradılıb.
Eyni zamanda, hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi-“Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi həyata keçirilir. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur. Əhalinin 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində isə ən azı 10 Mbit/saniyə sürətli genişzolaqlı internetlə təmin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan son 3 ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə lider mövqedə qərarlaşır.
İl ərzində ölkədə məlumatların ötürülməsi keyfiyyətinin artırılması istiqamətində də işlər aparılıb, nəticədə, beynəlxalq kanalların tutumu 2,2 dəfə artıb, qiymətlər isə 35 faizə endirilib. Perspektivdə bu tendensiyanı davam etmək planlaşdırılır. Bu da öz növbəsində internet istifadəçilərinin sayının artmasına və ümumilikdə sektorun inkişafına təkan verəcək.
Bu günlərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri -“Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçirildi. Dünyanın 28 ölkəsindən, o cümlədən Yaponiya, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Belarus və digər ölkələrdən 300 şirkətin sərgidə iştirakı mühüm hadisə sayıla bilər. Sərgi həm də Azərbaycanın virtüual məkanda yerini və İKT sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirməklə, uğurlarını da ortaya qoydu.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.