Bu gün muxtar respublikada daha abad və əsrarəngiz bir görkəm alan yaşayış məntəqələrindən biri də Şərur rayonunun Şahbulaq kəndidir. Rayon mərkəzindən 22 kilometr aralıda yerləşməsinə baxmayaraq kənddə insanların yaşayışı üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlər tikilmişdir.
Dekabrın 3-də Şərur rayonunun Şahbulaq kəndində avtomobil yolu, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Gümüşlüdən Şahbulaq kəndinədək olan yolun uzunluğu 7 kilometrdir. Yenidənqurma işləri zamanı yola yeni asfalt örtük salınmış, kənddaxili 2300 metr məsafəyə qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 20 su keçidi, 2 körpü və 310 metr istinad divarı tikilmiş, 280 metr beton kanal çəkilmişdir.
Şahbulaq kənd tam orta məktəbinin yeni binası da istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Salman Cəfərov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərini daha da artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbulaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və kənd sakinlərini təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır”, - fikrini xatırladaraq demişdir: “ Bu il ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi dövlət səviyyəsində təntənə ilə qeyd olundu. Həmçinin 2013-cü il muxtar respublikamızda ”Heydər Əliyev ili" elan olunmuşdur. “Heydər Əliyev ili”ndə muxtar respublikamızda istifadəyə verilən yeni obyektlər, eləcə də məktəb binaları ulu öndərin xatirəsinə dərin ehtiramın və sədaqətin daha bir ifadəsidir. Şahbulaq kənd tam orta məktəbi də “Heydər Əliyev ili”ndə istifadəyə verilir. Ona görə də məktəbdə təhsil alan hər bir gənc öz vətənini ümummilli liderimiz kimi sevməli, ulu öndərin müəyyənləşdirdiyi yola sədaqət ruhunda tərbiyə olunmalıdırlar.”
Məktəbin nailiyyətlərinin uğurlu olduğunu bildirən Ali Məclisin sədri bütün bunları məktəbdə müəllim – şagird münasibətlərinin düzgün qurulmasının nəticəsi kimi dəyərləndirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir. Məktəbin kitabxana fondunda 1308 latın qrafikalı dərslik və 2400 bədii ədəbiyyat olmaqla 3708 kitab vardır.
İnformatika dərslərinin daha səmərəli keçirilməsi üçün ayrıca kompyuter otağı yaradılmış, kompyuter dəstləri quraşdırılmış, onların internetə çıxışları təmin edilmişdir. Bununla yanaşı məktəbdə 3 elektron lövhəli sinif vardır.
Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.
Şahbulaq kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur. Həmin gün kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Müasir standartlara uyğun inşa edilən bina iki mərtəbədən ibarətdir. Mərkəzdə kitabxana, polis sahə məntəqəsi, baytar otağı, rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 55 yerlik iclas zalı yerləşir. Yeni tikilən kənd mərkəzlərində kitabxanalar üçün nümunəvi şəraitin yaradılması, ilk növbədə, əhalinin asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Mərkəzdə yerləşən kitabxananın fondunda 3832 kitab vardır.
Polis sahə məntəqəsi kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Binada baytarlar üçün də iş otağı ayrılmış, lazımi dərman vasitələri qoyulmuşdur. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Rabitə evində yeni ATS quraşdırılmış, poçt bölməsi yaradılmışdır.
Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmışdır. Məntəqə dərman vasitələri, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin edilmişdir. Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Sonra Şahbulaq kəndində xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, mərkəzdə ərzaq mağazası, ət satış yeri istifadəyə verilmişdir. Burada bərbərxana və qadın gözəllik salonu da yerləşir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür. Kənd ağsaqqalları Şahbulaq kəndində sakinlərin rahatlığı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, hər bir kəndin abadlaşması həm də sakinlərin rifah halının yaxşılaşması, onların torpağa bağlılığının artması deməkdir. Şahbulaq kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kəndin sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirən sakinlər bunu insan amilinə verilən qiymət kimi dəyərləndirmişlər.
Şahbulaq kəndində digər abadlıq işləri də aparılmış, 7 min metrdən artıq fiberoptik, 2300 metr elektrik və 300 metr qaz xətti çəkilmişdir. Kəndin 380 metr içməli su xətti təmir edilmiş, kənddaxili məhəllələrdə yol kənarları boyu 150 metr hasar çəkilmişdir.
* * *
Gümüşlü kənd tam orta məktəbində isə bu il yenidənqurma işləri aparılmışdır
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gümüşlü kənd tam orta məktəbinə gəlmiş, yenidənqurmadan sonra yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, məktəb binasında bu il yenidənqurma işləri aparılmış, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır. 132 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır. Hazırda məktəbdə 72 şagird təhsil alır. 2012-2013-cü tədris ilində məktəbi bitirən məzunlardan 3-ü ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Ali məktəblərə qəbulda 1 nəfər 500-700 intervalında bal toplamışdır.
Məktəbin kitabxana fondunda 2105 latın qrafikalı dərslik və 1840 bədii ədəbiyyat olmaqla 3945 kitab vardır. Kimya-biologiya və hərbi kabinələrdə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, kompyuter otağı və elektron lövhəli siniflər yaradılmışdır.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin sədri yaradılan şəraitin təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyini bildirmiş, intellektli və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində onlara uğurlar arzulamışdır.
Müəllim Şəbnəm Cəfərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.