İsrailin ölkəmizdəki səfiri: ATİ-də növbəti görüşümdən məmnun qaldım

 

 

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz Azərbaycan Turizm İnstitutunun qonağı olmuşdur. Böyük elçini ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov səmimi salamlamış, onu bu təhsil ocağı ilə tanış etmişdir.

Rektor əvvəlcə institutun 8 illik fəaliyyətinə aydınlıq gətirmişdir. Hörmətli səfirin diqqətinə çatdırılmışdır ki, hazırda Azərbaycan Turizm İnstitutunda 3 fakültə, 9 kafedra fəaliyyət göstərir, 11 ixtisas üzrə 1700-ə yaxın tələbə bakalavr pilləsində oxuyur, o cümlədən 138 magistr, 39 doktorant var. Həmçinin bildirilmişdir ki, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində 12 peşə ixtisası üzrə 500-dən çox şagird təhsil alır. Rektor C. Cəfərov söhbət əsnasında Rafael Harpazın nəzərinə çatdırmışdır ki, rəhbəri olduğu ali təhsil ocağında təhsil-tədris-təcrübə-tədqiqat modelinə xüsusi üstünlük verilir. O demişdir: “Qərara almışıq ki, Azərbaycan Turizm İnstitutu əsasən ixtisaslı kadr hazırlığı ilə kifayətlənməsin, fəaliyyət istiqamətini daha da genişləndirərək tətbiqi elmlər universiteti kimi tanınsın. Artıq 5-ci ildir ki, Azərbaycan Turizm İnstitutunun tələbələri məhz sizin ölkədə, İsraildə uğurla 20 həftəlik istehsalat təcrübəsi keçirlər. Tələbələrimizdən 69 nəfəri İsrailin Eilat şəhərindəki otellərdə iş təcrübəsi qazanıb. Bu əməkdaşlıqdan çox məmnunuq”.

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz, onu müşayiət edən missiya rəhbərinin müavini Ronen Krausz və səfirliyin mətbuat katibi Sevda Əmirova institut rəhbərliyinə və görüşə toplaşanlara səmimi qarşılandıqları üçün təşəkkür etmişlər. Belə görüşlərin davamlı olacağına əminliklərini bildirmişlər. Rafael Harpaz Azərbaycandakı diplomatik fəaliyyətindən razı qaldığını, ölkəmizin böyük turizm potensialına malik olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycanı qarış-qarış gəzdiyini, bu torpağa, onun təbiətinə, insanlara heyran qaldığını gizlətməmişdir. Qonaq söhbət əsnasında xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikası turizmdən böyük dividentlər əldə edə bilər və İsrail dövləti ölkəmizi bu sahədə hər zaman dəstəkləməyə hazırdır. O, Azərbaycan Turizm İnstitutu tələbələrinin İsraildə təcrübə keçmələrindən razı qaldığını, dostluq-əməkdaşlıq çərçivəsində təcrübə keçənlərin sayının daha da yüksəldilməsinin tərəfdarı olduğunu demişdir.

Toplantının sonunda görüş iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında