Əlillər dövlət qayğısı ilə əhatə olunmuşlar

 

 

 

 

Xətai

1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etdikdən sonra hər il Beynəlxalq Əlillər Günü Azərbaycanın bütün regionlarında xüsusi qeyd olunur. Məramı dövləti və cəmiyyəti  əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq olan bu gün Bakının Xətai rayonunda da geniş qeyd olundu.

Yüz əlliyə yaxın bu qəbildən olan rayon sakinini “Afrodita” şadlıq sarayında süfrə başına toplayan  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri onların hər birini uzun  illərin tanışları kimi səmimi salamladılar. Sonra icra hakimiyyətinın  başçısı Razim Məmmədovun adından saraya toplaşan əlilləri salamlayan başçının birinci müavini Zaməddin Məmmədov bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya əhalisinin 10 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda isə bu göstərici əhalinin 4,4 faizini təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.

 Bu gün Azərbaycan dövləti çalışır ki, əlillərin də digər insanlar kimi  vətəndaş hüquqlarına tam riayət edilsin və onların cəmiyyətin həyatında fəal iştirakı təmin olunsun. Bununla belə, Azərbaycan rəhbərliyi belə hesab edir ki, əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, onlara cəmiyyət tərəfindən isti münasibət göstərilsin, doğmaları ilə bərabər yadlar da onlara qayğı, mərhəmət və diqqət göstərsinlər. Bu sadəcə bir insanlıq borcudur.

Z.Məmmədov son illər Azərbaycan hökümətinin əlillərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, qanunvericilik bazasında münasib dəyişiliklər edilməsini, onların pensiyalarının artırılmasını diqqətə çatdıraraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin prezidentliyinin ilk illərindən başlayaraq bu gün  Prezidentimiz cənab İlham Əliyevin 11-ci ilə keçən hakimiyyəti dövründə  ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilir ki, bunun nəticəsində də əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.

Natiq çıxışının sonunda onu da qeyd etdi ki, dövlətin əlil insanlarla bağlı siyasəti Xətai rayonunda da uğurla həyata keçirilir və əlillərin sosial-məişət problemlərinə son dərəcə diqqət və qayğı ilə yanaşılır, problemlər ən qısa zamanda həllini tapır.

Sonra tədbirdə iştirak edən əlillərdən bir neçəsi söz alaraq dövlətin, xüsusilə Prezident İlham Əliyevin onlar göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər. Başlıcası o idi ki, bu insanlar özlərini yaşadıqları cəmiyyətimizdən kənarda deyil, bu cəmiyyətin tam hüquqlu üzvü hesab edirlər. Beynəlxalq Əlillər Gününün əsas qayəsi də elə budur.

 Nəsimi

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini  Anar Tağıyev açaraq bildirdi ki, BMT tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndərimiz Heydər Əliyevin sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir. Əlillərin rifafının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.

Əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir və bu insanlara kömək hamının borcudur. A.Tağıyev Nəsimi rayonunda bu istiqamətdə görülən işlərdən danışdı və bildirdi ki, rayon sakini olan 7196 əlilin problemlərinin həlli yönündə bütün zəruri tədbirlər vaxtında həyata keçirilir.

Sonra Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və “Çernobıl” Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri Xələf Həsrətov çıxış etdilər. Onlar ölkəmizdə əlillərə göstərilən hərtərəfli qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

200 əlilə ərzaq bağlaması verilidi. 50 əlilə evlərində baş çəkildi, onlara ərzaq bağlaması verildi.

Binəqədi

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Binəqədi rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram süfrəsi açılmışdır. Tədbirdə məzhəkəçilərin və nağıl qəhrəmanlarının təqdim etdikləri gülüş dəqiqələri, müxtəlif əyləncəli oyunlar və rəqslər xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram ovqatını daha da artırmışdır.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov əlilləri bayram münasibəti ilə təbrik edərək bildirmişdir ki, 1982-ci ildən BMT-nin qərarı ilə hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda isə bu gün rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunur.

Natiq ölkəmizdə əlillərə qayğıdan və onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanıldığından ətraflı danışmışdır. Bildirmişdir ki,  əlillərin sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir.

V. İsmayılov ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki,  bu gün Binəqədidə yaşayan 7 min 500 əlil dövlətin yaratdığı imkanlardan yararlanır.

Respublika Əlil Təşkilatları Konfederasiyasının sədri Davud Rəhimli, respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova və digər natiqlər  günü-gündən çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından danışmışlar. Bildirmişlər ki, hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə, o cümlədən respublikamızda əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmləndirilməsinə yönələn tədbirlər təşkil olunur.

Beynəlxalq Əlillər Günü münasibətilə rayonda yaşayan 200-ə yaxın əlil vətəndaşa maddi yardım edilmişdir.

Əlillər arasında şahmat və dama birinciliyi üzrə keçirilən yarışda qaliblər rayon icra hakimiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Suraxanı

Beynəlxalq Əlillər Günü münasibətilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  Yeni Günəşli yaşayış massivində yerləşən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”ndə musiqili-əyləncəli tədbir yaddaqalan olmuşdur. Şənlik iştirakçılarını salamlayan başçı İlqar Abbasov ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışmışdır.

Rayon rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir.Cənab İlham Əliyevin sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir bərpa mərkəzləri yaradılmışdır. Bu baxımdan “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” diqqəti çəkir. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsi və reabilitasiyası üçün müalicəvi idman və fiziki tərbiyədən, qum terapiyası üsulundan səmərəli istifadə edilir.

Tədbirdə  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlətimizin əlil vətəndaşlara qayğısından, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin fəaliyyətindən danışmışdır.  Beynəlxalq Əlillər Günü münasibətilə icra hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlilləri,  Çernobıl qəzasının iştirakçıları, müxtəlif səbəblərdən əlil olmuş 150-yə qədər rayon sakinilə keçirilən görüş də yaddaqalan olmuşdur. Tədbirdə icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov  xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti  İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitnin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün mühüm tədbirlər həyata keçirir. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar.Bu istiqamətdə Suraxanı rayonunda da zəruri tədbirlər reallaşdırılır.

Hər iki tədbirdə çıxış edən digər natiqlər əlil vətəndaşlarımıza, xüsusilə əlil uşaqlara göstərilən diqqətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə 100-ə yaxın əlilə  maddi yardım göstərilmişdir.

Sonda incəsənət ustaları geniş konset proqramı ilə çıxış etmişlər. 

Nərimanov

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarına əsasən, hər il dekabr ayının 3-ü   Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu məqsədlə BMT-yə üzv ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin möhkəmlənməsinə xidmət edən müxtəlif tədbirlər  həyata keçirilir. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən  3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş qeyd olunur.

Dünən paytaxtın Nərimanov rayonunda  əlil vətəndaşlarla görüş keçirildi. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin nümayəndələri və əlil sakinlər iştirak edirdilər. Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Əlillər Günü münasibətilə rayon ərazisində yaşayan xüsusi qayğı və diqqətə ehtiyacı olan sakinləri təbrik etdi, onlara uzun ömür və sağlamlıq arzuladı.  Qeyd olundu ki, Azərbaycan Prezidenti  İlham Əliyev ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına hər an  xüsusi diqqət və qayğı göstərir.  Bu baxımdan xüsusi köməyə ehtiyacı olan insanlar da dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşlar. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətlərinin artırılmasını diqqətə çatdıran Ş. İbadov bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində  əlillər yaşayan çoxsaylı  evlər əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim nəzarətdə saxladığı bu layihələrdə başlıca məqsəd ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.

Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Babək Hüseynov  çıxış edərək bildirdi ki, hər il keçirilən Beynəlxalq Əlillər Günü əlillərin ehtiyaclarını öyrənməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi qayğı və diqqətə ehtiyacı olan  vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müntəzəm tədbirlərin  həyata keçirildiyini vurğulayan B. Hüseynov Nərimanov rayonunda yaşayan əlil sakinlərə göstərilən dövlət qayğısından bəhs etdi. Qeyd olundu ki, rayon ərazisində yaşayan 8500-ə yaxın əlil daim ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğını öz üzərilərində hiss edirlər.

Tədbirdə çıxış edən əlillər qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda Nərimanov rayonunun sakinləri olan əlillərə ərzaq yardımları paylanıldı.

Sumqayıt

“Azərikimya” İB və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə layihəsi əsasında reallaşan, Sumqayıt şəhərindəki Fiziki cəhətdən qüsurlu uşaqlar üçün Xüsusi tipli internat məktəbindən və bu qəbildən olan digər müəssisələrdən dəvət olunmuş 100 nəfərə yaxın fiziki cəhətdən qusurlu uşağın iştirak etdiyi tədbir - aksiyanın rəsmi hissəsindən sonra, bədii özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış etmiş, şən klounlar və illüziya ustaları bir-birindən maraqlı və əyləncəli nümunələr nümayiş etdirmişlər.

Tədbirin sonunda fiziki cəhətdən qüsurlu uşaqların hər birinə “Azərikimya” İB tərəfindən müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Qax

Qax Rayon İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qax Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 2-də Qax şəhərində Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əlillik qüsurlu olmaq deyil, sadəcə fərqlilikdir” adlı tədbir keçirilmişdir.

Tədbir qayğı mərkəzində tərbiyə alan uşaqların ifasında dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra əlil idmançıların respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edən film nümayiş etdirilmişdir.

Tədbiri Qax Günərzi Qayğı Mərkəzinin meneceri Səfiyə Süleymanova açaraq mərkəzin fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, “Günərzi qayğı mərkəzi” layihəsi Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində hazırda respublikanın 8 rayonunda, o cümlədən Qaxda belə mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərdə risk qrupuna daxil olan, valideynləri işləyən, aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı uşaqlarının ahəngdar inkişafını və tərbiyəsini təmin etmək üçün müxtəlif təlimlər həyata keçirilir.

Diqqətə çatdırılmışdır ki, Qax Günərzi Qayğı Mərkəzində məktəbəqədər və məktəbyaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılmışdır. Mərkəz 3-12 yaş arasında 30 uşağa xidmət göstərir.

Sonra mərkəzin fəaliyyətindən bəhs edən fotoslayd nümayiş olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sağlamlıqlarının qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Əlillərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə son illər təkcə Qax rayonunda əlillər üçün bir 36 mənzilli və iki 16 mənzilli yaşayış binaları, habelə 5 fərdi ev tikilib istifadəyə verilmişdir.

Tədbirdə Uşaq Paralimpiya Komitəsi idarə heyətinin üzvü Vəli Musayev və başqaları çıxış edərək ölkəmizdə əlillərə göstərilən yüksək dövlət qayğısından danışmışlar.

Bayram tədbiri Günərzi Qayğı Mərkəzində tərbiyə alan uşaqların, eləcə də məktəblilərin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.

 

İ.RÜSTƏMOV,

Ayaz HƏMİDOĞLU, V.BAYRAMOV,

Mirbağır YAQUBZADƏ,

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında