Dekabrın 3-də Bakıdakı “Kempinski Badamdar” otelində “İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi” mövzusunda Birinci Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlamışdır.
“BakuTel-2013” Beynəlxalq sərgi-konfransı çərçivəsində təşkil olunan forum BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, qurumun Azərbaycan nümayəndəliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə birinci RİİF-in əsas məramının ideyaların və təcrübələrin paylaşılmasına, müxtəlif imkanların və innovativ məhsulların təşviqinə yönəldiyini diqqətə çatdırmışdır. Nazir müavini qeyd etmişdir ki, son bir neçə ildə dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Bu sahə, həmçinin ölkə iqtisadiyyatlarının inkişafına da təkan verir.
Yeddinci İnternet İdarəçilik Forumunun ötən il Azərbaycanda keçirildiyini xatırladan E.Vəlizadə bildirmişdir ki, inkişaf etməkdə olan ölkələrin bu prosesdə iştiraklarına imkan yaradılmışdır. Forumun təşkilatçıları çalışır ki, müxtəlif sektordan olan İKT mütəxəssislərini bir araya gətirsin və sahə üzrə müzakirələr aparılsın.
Azərbaycanın bir neçə yerli və beynəlxalq layihələr üzərində işlədiyini söyləyən nazir müavini demişdir ki, Qərb ilə Şərqi birləşdirəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Avropa-Mərkəzi Asiya İnformasiya Magistralı layihələri, süni peykin orbitə çıxarılması, elektron hökumət, fiber-optik infrastrukturun genişləndirilməsi kimi layihələri buna misal göstərmək olar.
Regional forumun böyük əhəmiyyət kəsb etdiyini vurğulayan E.Vəlizadə demişdir: “Bu forum internet idarəçiliyi ilə bağlı texniki təcrübəni artırır və region ölkələrinə imkan yaradır ki, bu sahədə baş verən proseslər və yeniliklər barədə xəbərdar olsunlar”.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili Azərbaycanın İKT sahəsindəki təşəbbüslərinin önəmindən danışmışdır. O bildirmişdir ki, Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin yaradılması xüsusi qeyd olunmalıdır. Çünki bu mərkəzlər şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasına, eləcə də elektron xidmətlərdən daha geniş istifadəyə xidmət edir.
Keçən il Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunu xatırladan N. Alhazişvili Birinci RİİF-in də ötənilki uğuru təkrarlayacağına inamını ifadə etmişdir.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nümayəndəsi Vyaçeslav Çerkasov isə yenidən Bakıya səfərindən şad olduğunu bildirərək demişdir: “Bu tədbiri keçənilki Bakı forumunun davamı kimi qiymətləndirirəm. İnternet bizim həyatımızın bir hissəsidir. İnternet sadəcə maraq dairəsi üçün istifadə olunmur. Bu sahə, həmçinin sosial-iqtisadi inkişafda da önəmli rol oynayır. Bu, artıq qlobal məhsuldur və hər bir kəs bundan faydalana bilər”.
Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri Nikolay Pamoşnikov qeyd etmişdir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” kimi qeyd olunur. Eyni zamanda, Azərbaycan kosmik ailənin də üzvüdür. Bütün bunlar təqdir olunur. Ümumiyyətlə, dünyada İKT-nin inkişafına gəldikdə, bu sahənin tərəqqisi üçün hər bir ölkədə həm hökumət, həm də cəmiyyət birgə işləməlidir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə internet idarəçiliyinin mahiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, yeni çağırışlar, yeni mühit internetin inkişafı üçün də problemlər yaradır. Bu cür forumlar məhz həmin problemlərin müzakirə olunmasına və həll yollarının tapılmasına töhfə kimi qiymətləndirilə bilər. Azərbaycanda internet idarəçiliyi sahəsində önəmli uğurlar əldə olunmuşdur. Biz bu müzakirələri artıq 10 ildir aparırıq. Düşünürük ki, əldə etdiyimiz təcrübəni digər ölkələrlə də paylaşa bilərik. Bu baxımdan bugünkü forum kifayət qədər mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın salamlarını iştirakçıların diqqətinə çatdıran nazirliyin müşaviri Həsən Durdu bildirmişdir ki, bu forum beynəlxalq internet idarəçiliyi məsələlərinə böyük töhfə verəcəkdir: “Biz forumu vacib platforma kimi qəbul edirik və burada müzakirə olunacaq məsələlərə xüsusi önəm veririk”.
Bakıya təxminən 3-4 il əvvəl gəldiyini söyləyən H.Durdu demişdir: “Hər səfərimdə paytaxtınıza vuruluram. Həqiqətən də qısa zamanda böyük işlər görülmüşdür. Mən Bakıda xüsusən də heyrətamiz memarlıq ənənələrini görməkdən çox məmnunam”.
Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin müşaviri növbəti forumun İstanbulda keçirilməsi arzusunu ifadə etmişdir.
Sonra forum işini bölmə iclasları ilə davam etdirmişdir.
Dekabrın 5-dək işini davam edəcək forumun bölmə iclaslarında “İnternet idarəçiliyi regional münasibətlərin inkişafı kimi - Yeni meyllər, imkanlar və risklər”, “Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi”, “Regional informasiya təhlükəsizliyi”, “Kibercinayətkarlıq”, “Azərbaycanda internet idarəçiliyi”, “Milli internet infrastrukturu” və digər məsələlər müzakirə ediləcəkdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.