Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir

 

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov bildirmişdir ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu gün istifadəyə verilən kompleks də Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa edilmişdir. Əsgər Əsgərov yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində demişdir: “Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar olunan sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Lakin bu gün istifadəyə verilən yeni kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhali və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir”.

“Təmiz su sağlam həyat deməkdir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, kompleksdə xarici ölkələrin istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Təmizlənmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlı olacağına tam zəmanət verir. Eyni zamanda sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edəcəkdir.

Ali Məclisin sədri avadanlıqların qorunmasının və istismar qaydalarına əməl edilməsinin vacibliyini qeyd etmiş, kompleksin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik etmişdir. Sonra o, sutəmizləyici qurğunu işə salmış, kompleksdə yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, kompleksin tikintisinə 2012-ci ildə başlanılmışdır. Kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. İnzibati binada işçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılmış, iş otaqları, idarəetmə mərkəzi, laboratoriya, iclas zalı və yeməkxana istifadəyə verilmişdir. Laboratoriyada quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa imkan verəcəkdir.

Komplekslə tanışlıqdan sonra Ali Məclisin sədri Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzildə ev birləşmələri qoşulmuşdur. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir.

Naxçıvan şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması tədbirlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında