Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilmişdir

 

 

 

Dekabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının növbəti iclası keçirilmişdir.

  AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar cari məsələlərlə bağlı çıxışlar etmişlər. Onlar noyabrın 29-da Vilnüsdə III “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmişlər.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanmışdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar, Vergi, Cinayət, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunaraq qəbul edilmişdir. Bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda 2013-cü il aprelin 19-da edilmiş dəyişikliklərin tələbindən irəli gəlir. Dəyişikliklərə əsasən 15 yaşına çatmış vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat cərimə olunur. Eyni zamanda, dəyişikliklərə uyğun olaraq vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasına, habelə qeydiyyata alınmada süründürməçiliyə yol verilməsinə görə 70 manatdan 90 manatadək cərimə müəyyən edilmişdir.

İnzibati Xətalar Məcəlləsində edilmiş daha bir dəyişikliyə əsasən isə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi nəticəsində əhalinin rahatlığının pozulmasına və haqlı narazılıqlarına səbəb olduğundan Məcəlləyə 155.2-1 və 155.2-2-ci maddələri əlavə edilmişdir.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan 155.7-ci maddədə, avtoxuliqanlığa görə məsuliyyət nəzərdə tutan 296-1-ci maddədə sanksiyaların yetərli olmaması səbəbindən bu maddələrdə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklər mövcud olan boşluqların aradan qaldırılması və sanksiyaların yetərli olmaması səbəbindən edilir.

Vurğulanmışdır ki, Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq isə ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən əlavə dəyər vergisi tutulmur.

Deputatlar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İcra haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini nəzərdən keçirmişlər.

“Təhsil haqqında” Azərbaycan Respublikası qanununda edilmiş dəyişikliklərə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir.

Bundan başqa, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” və “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihələri də birinci oxunuşda qəbul olunmuşdur.

Səkkiz maddədən ibarət olan “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında