Ölkəmizin dilbər guşələrindən sayılan Astarada son illər gözəl bir ənənə yaranıb: rayon rəhbərliyi həftədə iki-üç dəfə kənd yaşayış mətəqələrində əhalinin görüşünə gedir, problemlərlə maraqlanır və müşküllərin operativ həlli üçün tədbirlər həyata keçirir. Bu çevik idarəetmə metodunun tətbiqi sayəsində rayonun sosial inkişafı daha da sürətlənir, gözdən uzaq olan yurd yerlərində belə sakinləri narahat edən məsələlər, necə deyərlər, “saqqal buraxmadan” çözülür. Belə görüşlər həm də tərəflər arasında ünsiyyəti artırır, ortaq məxrəc yaradır, inamı gücləndirir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu barədə söylədikləri:
-Əslində əhali ilə müntəzəm görüşmək ənənəsini möhtərəm Prezidentimiz cənab İlham Əliyev qoymuşdur. Ölkə rəhbəri vaxtaşırı bölgələrə səfərlər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, sosial-mədəni obyektlərin açılışını həyata keçirir və xalqa nə qədər yaxın olduğunu, idarəetmə siyasətinin insan amilinə nə dərəcədə əsaslandığını bir daha göstərmiş olur. Belə görüşlər sadə camaatın yaddaşından silinmir, etibar və etimad körpüsünü daha da möhkəmləndirir. Biz də fəaliyyətimizdə bu amilə ciddiəhəmiyyət veririk. Beləliklə, həm real həyatın nəbzini tutur, həm də daha vacib məsələlərin həllinə öncəlik verməyə çalışırıq. Bu ilin əvvəlindən yerlərdə 40 səyyar qəbul keçirmiş, 200 vətəndaşın şikayət və təklifini dinləmiş və qısa müddətdə həllinə nail olmuşuq.
Astarada həyata keçirilən abadlıq-quruculuq işlərinin böyük bir qismi məhz yerlərdə əhali ilə keçirilən görüşlər zamanı səslənən təkliflərin əks-sədası sayıla bilər. Çünki həmin görüşlərdə qaldırılan məsələlərin az bir qismi şəxsi xarakterli olur, icra başçısı görüşlərə inzibati orqanların, idarə və təşkilatların rəhbərləri ilə bərabər getdiyi üçün qaldırılan şəxsi məsələlər dərhal həll edilir. Adamlar əsasən ümumi səciyyəli problemləri qaldırır, doğma yurdun növrağı üçün təkliflər verirlər. Bu məsələlər də öyrənilib cari fəaliyyət planlarına daxil edilir, ciddi nəzarətdə saxlanır və yubadılmadan həllini tapır.
Onu da deyək ki, Q.Ağayev Astarada çalışdığı müddətdə hər bir yaşayış məntəqəsində artıq dəfələrlə səyyar qəbullar keçirib. Deməli, ondan ötrü hər növbəti görüş həm də daha öncə qaldırılmış məsələlərin həlli ilə bağlı hesabat xarakteri daşıyır. Əgər verilən vədlər yerinə yetirilibsə, nəticəyə nail olunubsa, növbəti dəfə də həmin ünvana könül rahatlığı ilə getmək olar. Astaranın kəndlərində əhali ilə təkrar görüşlərin davamlı olması belə bir qənaət yaradır ki, bu baxımdan üz ağ, alın açıqdır. Görüşlərə həvəslə gedilir: danışmalı söz də var, göstərməli iş də.
Artıq sonuna yaxınlaşdığımız cari ili astaralılar üçün sayalı edən başlıca səbəb iyulun 15-də Prezident İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”sərəncam imzalaması olub. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılıb və qısa müddət ərzində həmin yaşayış məntəqələrini əhatə edən 17,5 kilometrlik yolun asfaltlaşdırılması başa çatdırılıb.
Möhtərəm Prezidentimizin 4 sentyabr 2013-cü il tarixdə həmin yolun açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyətini hədsiz sevindirib.
Astaralılar həmin tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayır və rayona göstərilən qayğıdan hədsiz minnətdarlıq hissi keçirirlər. Dövlət başçısı yuxarıda sözü gedən avtomobil yolunun, mərkəzi xəstəxananın poliklinika şöbəsinin, sərhədçilər üçün tikilən 6 mərtəbəli yaşayış evinin və Ərçivan qəsəbəsində boks kompleksinin açılışlarında iştirak etmişdir. Rayon ictimaiyyəti ilə görüşü zamanı cənab İlham Əliyev Astarada görülən işlərdən razılığını bildirmişdir.
Səfərdən sonra Prezident 12 sentyabr 2013-cü il tarixli sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və 12 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat ayırmışdır.
Beləliklə, son illərdə Astaranın sosial-iqtisadi inkişafı ilə əlaqədar imzalanmış 10 sərəncamla rayona ümumilikdə 20 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlər hesabına Astara ölkəmizin ən gözəl, abad rayonlarından birinə çevrilib.
Demək olar ki,bütün görüşlərdə yolların vəziyyəti xatırlanır. Odur ki, bu məsələ xüsusi diqqətdə saxlanır. Bu ilin əvvəlindən Ərçivan qəsəbəsində 1 kilometr, Pensər kəndində 1,4 kilometr, Şiyəkəran kəndində 1,6 kilometr, Seləkəran kəndində 1,3 kilometr kəndarası yollar və şəhər 4 saylı orta məktəbinə gedən yol asfaltlaşdırılıb.
Rayon icra hakimiyyətinin dəstəyi ilə Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojəkəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətində gedən yolların təmiri başa çatdırılıb. Pəlikəş ərazi nümayəndəliyinin Çükəş və Şümrüd çayları üzərində yeni körpülər inşa edilib. Doli kəndinə elektrik enerjisi verilməsi təmin edilib.
Qaz təchizatının daha da yaxşılaşdırılması məqsədilə1539 evin qazlaşdırılması həyata keçirilib, 21,5 min poqonmetr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb, 46 ədəd qaztənzimləyici şkaf təmir olunub, daha 23 şkaf quraşdırılıb. 14 ədəd yeni siyirtmə istifadəyə verilib. 1018 ədəd sayğac həyətlərdən kənara çıxarılıb. Cəmi 680 evi əhatə edən Şuvi, Sərək, Vəznəş kəndləri qazlaşdırılıb. 800 nəfərdən çox abonenti olan Şahağacı kəndinin qaz təchizatı başa çatıb, 300 abonenti olan Telman kəndində paylayıcı qaz xətləri quraşdırılıb. Züngüləş kəndinin qazlaşdırılması davam etdirilir. Təngərüd, Pensər, Kakalos, Bala Şahağac kəndlərində yeni massivlərin qazlaşdırılması həyata keçirilir. Rayonda qazlaşdırma səviyyəsi 73 faizi keçib.
Rayonun elektrik təsərrfatında ilin əvvəlindən aparılan təmir-bərpa işlərində 510 ədəd ağac və dəmir dayaq və 21 min müxtəlif markalı kabellərdən istifadə olunub. Şahağac, Pensər, Siyakü, Şüvi, Pəlikəş, Deqədi və Marzasəy kəndlərində, Ərçivan və Kijəbə qəsəbələrində, Astara şəhərində yanıb sıradan çıxmış elektrik transformatorları Şirvan şəhərində təmir edilərək yenidən quraşdırılıb. Siyakü ərazi nümayəndəliyinin Miki kəndində tikintisi yarımçıq qalmış xətti çəkilib və transformator qoyulub. Pəlikəş ərazi nümayəndəliyinin Dolu kəndinə 4,5 kilometr yeni hava xətti çəkilib və daimi işıq verilib. Kijəbə qəsəbəsində yeni elektrik xətti çəkilib, transformator abonentlərə yaxın məsafədə quraşdırılıb. Pəlikəş, Siyatük kəndlərində və Astara şəhərinin S.Vurğun küçəsində az güclü transformator daha güclüsü ilə əvəz edilib.
İlin əvvəlindən Alaşa, Suparibağ, Maşxan, Səncərədi, Artupa, Ərçivan, Şahağacı, Təngərüd, Kakalos, Balaca Şahağac, Şiyəkəran və Pensər təsərrüfatlarında ümumilikdə 5 min 500 poqonmetr kanal lil və palçıqdan təmizlənib, sel sularının normal axıdılması təmin edilib. Rayonda bir neçə təsərrüfatın əkin sahələrinə xidmət edən, ümumi uzunluğu 27 kilometr olan “Kələdəhnə” kollektorunun çox hissəsi təmizlənib. Rayon ərazisindən keçən çaylarda sel təhlükəsini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görülüb.
Görüşlər və qəbullar zamanı edilən müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Sözü eşidilən, ümidi doğrulan, pənah ünvanından razı qayıdan adamlar çoxdur. Məsələn, şəhər sakini, imkanı olmayan Akif Süleymanov evinin təmirinə kömək diləmişdi. Onun üçün dərhal 50 şifer ayrıldı və digər köməkliklər göstərildi. Sentyabr ayında evi yanmış Təranə Həsənova da icra hakimiyyətindən ümidsiz qayıtmayıb. Ona lazımi qədər maddi yardım göstərilib, üstəlik, evinin damı ilk növbədə təmir edilərək şiferlənib. Belə misallar yetərli qədərdir.
...Növbəti səyyar qəbulun Maşxan kəndində keçiriləcəyini eşidib biz də oraya yollandıq. Tədbir çox işgüzar tərzdə keçdi. Təngərüd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov nümayəndəliyə daxil olan Maşxan kəndində son dövrdə görülən işlər, mövcud problemlər barədə məlumat verdi. Qeyd olundu ki, Maşxan kəndində 795 təsərrüfat, 3120 nəfər əhali vardır. Burada tam orta məktəb, mədəniyyət evi, feldşer-mama məntəqəsi, poçt, çay fabriki, kərpic sexi, fermer təsərrüfatları fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, sitrusçuluq və tərəvəzçilikdir. İcra nümayəndəsi ötən aylar ərzində kəndin uşaq bağçasının təmir olunub qaydaya salındığını, suötürücü kanalların bir hissəsinin təmizləndiyini, yeni salınmış məhəllədə elektrik transformatorunun qoyulduğunu və digər işlərin görüldüyünü diqqətə çatdırdı. Bütün bunlarla birlikdə kənddə ara yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər zəruri məsələlərin olduğunu bildirdi.
Kənd sakinlərindən Qadir Məmmədov, Hüseynağa Əliyev, Cəmil Şükürov, Əlibaba Məmmədov, İsa Qəmbərov, Qəhrəman Əkbərov, Orxan Rzayev və başqaları görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirdilər, ölkə başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə və rayonda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində əhalinin maddi rifah halının xeyli yaxşılaşdığını diqqətə çatdırdılar. Fəxr etdiklərini bildirdilər ki, 9 oktyabr seçkilərində mütəşəkkillik nümayiş etdirərək ən layiqli namizədə səs veriblər.
Çıxış edənlər kənddə təsərrüfatların dağlıq hissədən gələn sel sularından mühafizə edilməsi, suötürücü kanalların dərinləşdirilməsi işlərinin başa çatdırılması, məhəllə yollarının təmiri, elektrik dirəklərinin dəyişdirilməsi, yay fəslində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün əməli tədbirlərin görülməsi, Lovayın su anbarından kəndə su çəkilməsi, kənd tam orta məktəbinin istilik sisteminin yaxşılaşdırılması və digər məsələlərin həlli ilə bağlı təkliflər irəli sürdülər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev oktyabr ayında keçirilən prezident seçkilərində fəal iştirak etdiklərinə görə kənd sakinlərinə minnətdarlığını bildirdi. Son illər ölkəmizin bütün bölgələrində, o cümlədən Astarada sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər əldə edildiyini, regional inkişaf dövlət proqramlarının uğurla yerinə yetirildiyini, ən ucqar kəndlərdə belə əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdığını, infrastruktur layihələrin tətbiqini və qarşıdakı illərdə bu yöndə işlərin daha sürətlə davam etdiriləcəyini bildirdi.
İcra başçısı bu görüşdə vətəndaşların qaldırdığı bütün məsələlərin əlaqədar təşkilatların rəhbərləri tərəfindən nəzarətə götürüldüyünü, lazımi tədbirlərin görüləcəyini qeyd etdi. Dedi ki, Lovayın su anbarından Maşxan kəndinə su çəkilişi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq, suötürücü kanalların təmizlənməsi davam etdiriləcək, məktəb və uşaq bağçasının əsaslı təmiri başa çatdırılacaq, yaxın vaxtlarda Təngərüd avtomobil yolunun asfaltlaşdırılmasına başlanılacaq.
Görüşün sonunda icra başçısı Maşxan kəndində suötürücü kanalların, məhəlləarası yolların vəziyyəti və görüş zamanı qaldırılan məsələlərlə yerində tanış olmaq üçün ərazini gəzdi.
Bəli, daha bir səyyar qəbul və görüş beləcə başa çatdı. Qarşıda isə vəd edilən və görülməsi vacib olan işlər durur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.