“Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir.”
Prezident İlham Əliyevin media təmsilçilərilə 24 noyabr 2013-cü il tarixli görüşündəki çıxışından Prezident İlham Əliyevin noyabrın 24-də bir qrup jurnalisti qəbul etməsi Azərbaycanda, doğrudan da, yeni bir gündəm yaratdı. Görüş və onun təfərrüatları haqqında mediada geniş bilgi verildiyi üçün bunun üzərində dayanmaq istəməzdim. Amma çox istərdim ki, görüşlə bağlı təəssüratlarımı paylaşım. Hər halda Prezidentlə görüşün rəsmi tərəfilə bərabər, ən adi insani tərəfləri də ayrıca qiymətləndirilməlidir.
Diqqətimi çəkən ilk məqam Prezidentin onsuz da sıx olan gündəliyinə baxmayaraq bu görüşü uyğun görməsi, özü də istirahət edəcəyi halda bazar gününə salması oldu. O da bizim hər birimiz kimi bazar günü istirahət etmə haqqına sahibdir. Amma özünün də dediyi kimi, “Prezidentin iş rejimi normalaşdırılmır” və o, bayram-bazar demədən işləyir.
Digər məqam bu oldu ki, Prezident bu qəbulda həddən ziyadə təvazökar, sadə və açıq fikirli bir insan təsiri bağışladı. Düzdür, onun bu keyfiyyətlərini kənardan izlədiyimiz fəaliyyətlərindən də bilirdik. Ancaq üzbəüz görüşüb, bu halı müşahidə etməyin başqa yeri var.
Ölkə başçısı “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin 2013-cü il üçün “Jurnalistlərin dostu” mükafatını qəbul etdikdən sonra etdiyi çıxışda bizim məhz onun dilindən eşitmək istədiyimiz bir çox məsələlərə toxundu. Özü də tam açıq, sərbəst və görüşdə iştirak edən ağsaqqalımız Şirməmməd Hüseynovun sözüylə desək, “şparqalkasız” çıxış etməsi diqqətimizi çəkdi.
Onun çıxışındakı ardıcıllıq, özünə əminlik və məhz Azərbaycanın dövlət müstəqilliyinə bağlılıq diqqət çəkməyə bilməzdi. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanda medianın durumu, dövlət-media münasibətləri ilə bərabər, ümumi strateji maraqlar ətrafında da fikirlərini paylaşmaqla bu ölkədə müstəqil siyasət yeridildiyinə bizləri bir daha əmin etmiş oldu.
Eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərinə dərindən bağlılığını öz fikirlərilə təkrar təsdiqləmiş oldu. Bir daha inandıq ki, cənab Prezident hər zaman bu dəyərlərin keşiyində durmaqda israrlıdır. Bizim də ondan gözləntimiz budur.
İstər giriş, istərsə də yekun çıxışında Azərbaycanın bir dövlət olaraq tarixinə sahiblənmək, tarixi şəxsiyyətlərimizə dəyər verməyi qeyd etməsi də diqqətdən qaçmadı. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularından olan Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski kimi şəxsiyyətlər haqqında danışması, Azərbaycan Respublikasının məhz bu şəxslərin qurduğu dövlətin varisi olmasına diqqət çəkməsi yenə də bizi sevindirəcək məqamlardandır.
Nəzərə almaq lazımdır ki, siyasi opponentlər durmadan Prezident İlham Əliyevi və bütövlükdə, onun hakimiyyətini Xalq Cümhuriyyətinə, onun qurucularına “ögey” münasibətdə qınayır. Daha bir qınaq isə, guya, Prezident İlham Əliyevin Azərbaycanı 2-ci dəfə dövlət müstəqilliyinə aparan milli azadlıq mücadiləsini inkar etməsilə bağlıdır. Lakin Prezidentin çıxışında açıq mətnlə Xalq Cümhuriyyətilə bərabər, 1980-ci illərin sonunda başlayıb müstəqilliyə gətirib çıxarmış xalq hərəkatına da yer verildi və bu da göstərdi ki, İlham Əliyev heç nəyi nəinki inkar etmir, əksinə, Azərbaycan tarixinin bu hissəsinə də yetərincə dəyər verir.
İfadə, söz azadlığı ilə bağlı bir məqamı ayrıca qeyd etmək istərdim. Prezident özünün giriş nitqini bitirdikdən sonra masa arxasında əyləşənlərə üzünü tutub, “buyurun, kimin fikri varsa, dinləyək” deməklə, hər kəslə söhbətə hazır olduğunu göstərdi. Çünki oraya toplaşanlar təkcə hakimiyyətlə əməkdaşlıq edən medianı təmsil etmirdi. “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” kimi rəsmi yönlü qəzetlərdən tutmuş “Yeni Müsavat”, “Bizim yol” kimi radikal siyasi mövqeyi ilə seçilən qəzetlərə kimi görüşdə təmsil edilirdi. Hələ nəzərə almaq lazımdır ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, eyni zamanda, Prezidentə qarşı kəskin mövqeyi ilə seçilən Müsavat Partiyasının təmsilçisidir. Ancaq cənab Prezident bunu da adi hal kimi qəbul edərək ona da çıxış üçün şərait yaratdı. Yəni siyasi mövqeyinə görə kimsəyə ayrıseçkilik edilmədi.
Yeri gəlmişkən, Rauf Arifoğlunun çıxışında qaldırdığı məsələlərlə bağlı Prezident İlham Əliyevin qeydlər götürməsi, yekun çıxışında həmin və digər məsələlərə ayrıca münasibət bildirməsi də diqqətimizdən yayınmadı. Sonda Prezidentin görüşə qatılanlarla tək-tək görüşərək hal-əhval tutması, zarafatlaşması, səmimi münasibət qurması bir daha göstərdi ki, o, ölkənin ən ali vəzifəsini daşısa da sadə, təvazökar, səmimi və açıq bir şəxsiyyətdir.
Ümumilikdə isə belə bir qənaətə gəldim ki, Prezident İlham Əliyev medianın üzləşdiyi problemlərdən yetərincə xəbərdardır, həmin çətinliklərin həll edilməsi üçün dövlətin bütün imkanlarını səfərbər etməyə hazırdır və media azadlığını əngəlləmək istəyənlərə qarşı dözümsüzdür.
O, həm də hər kəslə, hər mövzuda açıq söhbət etməyə hazırdır. Çünki bundan çəkinməsi üçün bir səbəb yoxdur.
Azər HƏSRƏT,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və
Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.