UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası üçün çox geniş və gərgin iş cədvəli nəzərdə tutulmuşdur

 

 

 

Dekabrın 2-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.

Yerli və xarici jurnalistlərin qatıldıqları konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun mədəniyyət işləri üzrə direktor müavini Françesko Bandarin, UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının katibi Sesil Düvel sessiyanın məqsəd və vəzifələrindən danışmışlar.

Əbülfəs Qarayev Azərbaycanın  təkliflərini dəstəkləyərək Konvensiyanın yubileyinə həsr olunmuş 8-ci sessiyanın ölkəmizdə keçirilməsinə qərar verdiklərinə görə komitə üzvlərinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, sessiyanın keçirilməsində Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü xüsusi vurğulanmalıdır.

Nazir bir həftə müddətində belə  bir mötəbər  tədbirin keçirilməsinin Azərbaycan üçün yeni təcrübə olduğunu bildirmişdir. O, sessiyaya ev sahibliyi edən ölkə olaraq Azərbaycanın da  üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini və sessiyanın işinin yüksək səviyyədə təşkil olunması üçün tam qüvvə ilə çalışacaqlarını diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, sessiyada iştirak üçün 116 ölkədən 780 nümayəndə  ilkin qeydiyyata alınmış, 103 ölkədən nümayəndələr isə artıq paytaxtımızdadır. Qalan iştirakçıların isə sessiya müddətində gəlməsi nəzərdə tutulmuşdur.

Diqqətə çatdırılmışdır ki, sessiyanın gündəliyində müzakirə olunacaq məsələlər nəinki UNESCO-nun qeyri-maddi mədəni irs sahəsində işlənəcək proqramlarını əhatə edəcək, eyni zamanda, tədbirdə gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən qərarlar qəbul  olunacaqdır. Burada qeyri-maddi mədəni irsin siyahısına qəbul olunacaq irs nümunələri ilə  yanaşı, bəzi təcili yardıma ehtiyacı olan qeyri-maddi mədəni irs nümunələrinin qorunması, həmçinin müxtəlif ölkələrə müəyyən yardımların verilməsi haqqında məsələlərə də baxılacaqdır. Bir sözlə, sessiya üçün çox geniş və gərgin iş cədvəli nəzərdə tutulmuşdur.

Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.

Qeyd olunmuşdur ki, sessiyada UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına qəbul olunacaq irs nümunələri də müzakirə ediləcəkdir. Bu siyahıya təqdim olunmuş bütün sənədlər UNESCO-nun kriteriyalarına uyğundur.

Hər bir ölkənin bu siyahıya qəbul olunmaq üçün bir təklif verə bilmə imkanı olduğu vurğulanaraq qeyd edilmişdir ki, Azərbaycandan bu siyahıya çövkən oyunu təklif olunmuşdur.

Nəzərə çatdırılmışdır ki, sessiya müddətində iştirakçı ölkələrin təklif etdikləri  irs nümunələri ətrafında təqdimatlar keçiriləcək və geniş məlumatlar veriləcəkdir.

Vurğulanmışdır ki, sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni proqramların təşkili planlaşdırılmışdır.

Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında