...Sanki hansısa dahi rəssamın fırçasından çıxmış lövhələrə baxırsan. Ağacların yarpağı seyrəldikcə, dərələrin dumanı sıxlaşır. Meşələrin bu tərəfindən baxanda o biri tərəfi göründükcə, dağların zirvələri gündən-günə görünməz olur. Gah duman, gah bulud, gah da qar zirvələri zirvəsevənlərdən gizlədir. Amma yarpaqlar seyrəldikcə, ağaclarda payızın axırına qədər qalmış meyvələr heç kimdən gizlənə bilmirlər. Göylərin üzü tutulduqca çayların “qanı qaralır”.
Fəsillərin üzü qışa gedən günlərində təbiət görkəmini dəyişir, havadakı sərinlik isə nisbətən soyuqluqla əvəzlənir. Dəyişməyən təkcə insanların iş ahəngi, qurub yaratmaq əzmi və bir də turistlərdə, qonaqlarda İsmayıllıya olan məhəbbətin artım göstəricisidir. Payız öz xəzanını, yağışını, çiskinini küçələr, yollar, meşələr, dərələr boyu səpsə də, bu diyarı ürəkdən sevənlərin İsmayıllı sevgisi bir an belə azalmır və həmin sevgi özünü rayona hər gün gələn qonaqların sırasında göstərir. İsmayıllı bu günlər nağılvari bir payız büsatına qərq olub.
Noyabrda İsmayıllıda neçə dəfə olmuşam, bilmirəm. Ayın 9-da Bayraq Günü, 12-də Konstitusiya bayramı, 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü, bundan başqa, 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş toplantı və digər tədbirlər münasibətilə İsmayıllıda olmuş və qəzet materialı hazırlamışdım. Ancaq ədalət naminə deyim, mənim üçün daha əlamətdar olan məqam noyabrın ilk günündə burada, kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təşkil olunan tədbir idi. Həmin tədbir məndə qeyri-adi bir təəssürat yaratmışdı. Ömrü-günü əkin-biçinlə, bağda- bağçada, mal-qara, toyuq-cücə bəsləməkdə keçən insanların peşə bayramı. Həm şəhərdə, həm də kənddə zəhmətinin nəticəsindən kifayət qədər bəhrələndiyimiz kənd təsərrüfatı işçilərinin bayramı... Çox gözəl məqam idi. Bu bayramın təşkilinə görə sakitcə, ürəyimdə Mirdaməd Sadıqova minnətdarlıq etdim.
Həmin gün tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, bu sahənin ən təcrübəli adamları bir-biri ilə görüşüb söhbətləşdilər, maraqlı fikir mübadilələri aparıldı. Onu da əlavə edim ki, kənd adamlarının yetirdiyi bar-bəhər kimi söhbətləri də şirin və tükənməz olur.
Zəhmət adamlarının bayramı münasibətilə təşkil olunan toplantıda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, İsmayıllı fermerləri bu ilin məhsulu üçün əkilmiş 29.728 hektar taxıl və paxlalı bitkilər sahəsinin hər hektarından orta hesabla 27,1 sentner məhsul əldə ediblər ki, bu da ötən ilin göstəricisinə nisbətən 4,6 sentner çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların səyləri nəticəsində rayondakı üzüm bağlarının sahəsi 859 hektara, meyvə bağlarının sahəsi isə 975 hektara çatdırılıb. Rayonda fəaliyyət göstərən “Aqrolizinq” xidmətinin xətti ilə İsmayıllıya 60 ədəd yeni kənd təsərrüfatı texnikası gətirilib. Məhz həmin texnikadan istifadə olunması nəticəsində rayonda taxıl biçini 15 günə başa çatdırılıb. Mirdaməd müəllim bu faktları kənd əməkçilərinin peşə bayramında səsləndirdi. Ancaq ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş ümumrayon toplantısında daha çox fakt, rəqəm və göstəricilərlə tanış olmuşduq.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görülən işlərdən ürəklə söhbət açmışdı. Sözün əsl mənasında, ziyalı olan bu insanla söhbət etməkdən adam yorulmur. Hadisələr, faktlar barədə elə səmimi danışır ki...
Avqust ayının 14-də Prezidentin İsmayıllıya səfərini Mirdaməd müəllim rayonun həyatında bir dönüş adlandırır. Bu, bir həqiqətdir. Dövlət başçısı rayonda gedən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi. İsmayıllını inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti, abadlıq və quruculuq işlərini əsaslı surətdə daha da intensivləşdirmək barədə dəyərli tapşırıq və tövsiyələrini verdi.
İsmayıllının sosial - iqtisadi inkişafının və şəhərdə gedən tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitin xərc istiqamətləri rayonun ziyalıları və ağsaqqalları ilə məsləhətləşmə ilə müəyyənləşdirilib.
Bax beləcə, rayonun şəhər, qəsəbə və kəndlərində abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb. Yaşayış evləri, inzibati binalar, yollar tikilir, əsaslı təmir olunur. Demək olar ki, şəhər ərazisində bütün kommunikasiya xətləri yenilənir, daşıyıcı elektrik xətləri yenisi ilə əvəz olunur, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir.
Lahıc qəsəbəsində və İvanovka kəndində hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan və Topçu kəndlərində həkim məntəqəsi, Heydər Əliyev prospektində və Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri, Ə.Ələkbərzadə küçəsində yeni avtovağzal binası, Sumağallı kəndində 2 meqavat gücündə su-elektrik stansiyası, İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, hər biri 80 şagird yerlik I Yeniyol və Müdrü kənd tam orta məktəbləri, Mücü kənd ümumi orta məktəbi və 40 şagird-yerlik Pirəbilqasım kənd ibtidai məktəbi üçün yeni binaların tikintisi bu deyilənlərin sübutudur.
Şəhərin Heydər Əliyev prospektində rayon polis şöbəsinin inzibati binasının, qaçqın və məcburi köçkünlər üçün 45 yaşayış evindən ibarət yeni qəsəbənin, Yeni Azərbaycan Partiyasının inzibati, Nizami küçəsində 2 ədəd 5 mərtəbəli yaşayış binalarının, Q.Aslanov küçəsində 140 yerlik uşaq bağçasının, 360 şagird-yerlik Qalınçaq tam orta, 80 şagird-yerlik Şəbiyan orta məktəbinin, Cüdo mərkəzinin, “Zamin Bank”ın idarə binasının, milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində şəhərin su-kanalizasiya sisteminin tikinti işləri başa çatmaq üzrədir. Rayon icra hakimiyyətinin, rayon mərkəzi xəstəxanasının binalarında, rayon mədəniyyət mərkəzində, uşaq kitabxanasında əsaslı təmir işləri davam etdirilir. Zərifə Əliyeva adına park, qala divarının ətrafı əsaslı surətdə yenidən qurulur. Yaxın vaxtlarda park müasir görkəmi ilə göz oxşayacaq, maraqlı əyləncə mərkəzləri ilə şəhər sakinlərinin sevimli istirahət mərkəzinə çevriləcəkdir.
İlin geridə qalan ayları ərzində rayonun elektrik təsərrüfatı yenidən qurulub. 110 kilovoltluq İsmayıllı hava xəttinin Keşqurd-Tubukənd kəndləri arasında olan hissəsində, eyni zamanda, 35 kilovoltluq, 10 kilovoltluq və 0,4 kilovoltluq xətlərdə 1466 ədəd yararsız dayaq dəyişdirilib, zədələnmiş 21 ədəd müxtəlif güclü transformator əsaslı, 40 ədəd transformator isə cari təmir edilib.
İsmayıllının bütün yaşayış məntəqələrini dayanıqlı qaydada qaz yanacağı ilə təmin etmək üçün tədbirlər həyata keçirilib. Hazırda rayonun 108 yaşayış məntəqəsindən 31-i qazla təmin olunur.
Biz hələ yayda hazırladığımız bir qəzet materialında göstərmişdik ki, İsmayıllıda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Mart ayında rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhərdaxili marşrutlarda sərnişin daşımaq üçün “İsmayıllı-Avtonəqliyyat” ATSC-yə 5 ədəd İSUZU markalı avtobus verilib. Şəhərdaxili marşrutlarda müasir dayanacaqlar quraşdırılıb. Şəhərdə yeni avtovağzal binası istifadəyə verilib. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır. Taksi minik avtomobilləri ilə xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün məqsədyönlü iş aparılır. Rayona 5 ədəd təzə “Fiat” markalı taksi minik avtomobilləri gətirilib. Həmin maşınlar yaxın günlərdə əhalinin istifadəsinə veriləcək.
Təkcə bu il 719 nəfər işlə təmin edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 416 nəfər çoxdur.
Yazının əvvəlində qeyd etmişdik ki, İsmayıllıda kənd təsərrüfatında çalışan insanların zəhmətinə diqqətlə yanaşılır və onların əməyi layiqincə qiymətləndirilir. Fikrimizcə, rayonda kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət ayrılması da fermerlərin zəhmətinin itməməsi məqsədi daşıyır. Bu il rayonun Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlayıb. Burada yüksək standartlara cavab verəcək şərab, konyak məhsulları ilə bərabər, şirə sexi də müxtəlif çeşiddə məhsul istehsal edəcək. Hazırda müəssisə tərəfindən 500 ton üzüm qəbul edilib. İllik istehsal gücü 5 min ton olan ”İsmayıllı Şərab-2” şərab zavodunda hesabat dövründə 646 min manatlıq məhsul istehsal edilib. Keyvəndi kəndində isə 1500 başlıq iribuynuzlu heyvandarlıq kompleksinin tikintisinə başlanıb. Tezliklə burada işin birinci mərhələsi başa çatacaq. Kompleksə Hollandiyadan yüksək məhsuldar cinslərdən ibarət mal-qara gətiriləcək.
Bu gözəl diyarda meşə sahələrinin artırılmasına xüsusi diqqət ayrıldığını ötən yazılarımızda da qeyd etmişdik. İndi öyrəndik ki, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40,0 hektar sahədə meşə bərpa işləri aparılıb ki, bunun da 26,5 hektarı meşə əkini, 13,5 hektarı isə meşə səpinindən ibarətdir. Müəssisənin əhatə etdiyi meşə sahələrində qanunsuz qırıntıların və meşə qanunvericiliyinin pozulması halları minumuma endirilib.
Daşqın və sel suları da rayonun təbiətinə və iqtisadiyyatına xeyli ziyan vuran amillərdəndir. Ona görə də bu təbii proseslərin vurduğu ziyanın aradan qaldırılması diqqət mərkəzindədir. Dövlət investisiya vəsaiti hesabına Lahıc qəsəbəsinin sel sularından mühafizəsi məqsədilə Girdiman çayında uzunluğu 152 metr olan daş-beton bənd tikilib, Talıstan çayında isə İsmayıllı şəhərinin mühafizəsi məqsədilə uzunluğu 200 metr olan daş-beton bənd təmir edilib.
Bu yaxınlarda BMT-nin İnkişaf Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı ilə İsmayıllı və Şamaxı rayonlarında “Böyük Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə edilməsi” adlı layihə əməli fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, meşə və otlaqlardan istifadə assosiasiyasının yaradılması, onların bərpası, birgə istifadənin planlaşdırılmasına hazırlığın aparılması, bu sahədə fermerlərə müvafiq dəstəyin verilməsi və meşə otlaqlarının inventarizasiyasının aparılmasından ibarətdir.
Son illər ərzində İsmayıllıda məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması, məzunların ali məktəblərə qəbulu sahəsində əsaslı nailiyyətlər əldə edilib. Rayon məzunlarının ali məktəblərə qəbul zamanı qazandığı nəticələr də yüksəkdir. Belə ki, sonuncu imtahanlarda 325 nəfərdən çox məzun ali məktəblərə qəbul olunub, onlardan 21 nəfəri 600-dən yuxarı, 52 nəfəri isə 500-600 arasında bal toplayıb. Rayon üzrə 4 nəfər orta məktəbi qızıl medalla bitirib. Rayonun 3 məktəbi və 4 müəllimi ilin qalibi olub, elektron təhsil müsabiqəsində 2 nəfər müəllim birinci və üçüncü yerlərə layiq biliniblər.
Görürsünüzmü, şagirdlərin də uğurları böyükdür, müəllimlərin də. Bu isə İsmayıllının daha aydın sabahını, daha uğurlu gələcəyini təmin edəcək insanların yetişdirilməsi üçün çox mühüm zəmindir. Tamam yadımdan çıxmışdı. Bu yerdə Mirdaməd müəllimdən eşitdiyim bir xəbər haqqında söz açmamaq insafsızlıq olardı. Yaxın zamanlarda İsmayıllıda velosiped istehsal edən zavodun tikintisinə başlanılacaq. Nə gözəl! Haçansa, hansı ölkədəsə üzərində “İsmayıllıda istehsal edilmişdir” sözləri yazılmış həmin nəqliyyat vasitələrini görəndə... Bilmirəm, onda mənim əzizlərim və doğmalarım olan İsmayıllı sakinləri çox sevinəcəklər, yoxsa, mən. Onu bilməsəm də hamının Mirdaməd müəllimin ölənlərinə min rəhmət oxuyub özünə can sağlığı arzulayacağını dəqiq bilirəm. Velosiped insanı öz məqsədinə aparan ən halal - yəni öz ayaqlarının hesabına, təhlükəsiz və təmiz nəqliyyatdır, qardaş. Qədim Oğuz yurdu olan İsmayıllının sakinləri də öz məqsədlərinə halallıqla, təhlükəsiz və təmiz getməyi həmişə həyat amalı kimi qəbul ediblər...
...Bir neçə gün bundan əvvəl Mirdaməd Sadıqovla yenidən görüşdüm. Yaponiya səfərindən yenicə qayıtmışdı. Bəli, təəccüblənməyin. Məhz Yaponiya səfərindən. Deyim, siz də bilin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə Yaponiyanın Şizioka Prefekturasının İto şəhəri ilə İsmayıllı arasında dostluq, qardaşlıq münasibətləri yaranıb. Böyük uğurdur. Hər görüşə, hər söhbətə yaradıcı yanaşan Mirdaməd müəllim səfərlə bağlı unudulmaz anları xatırladı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə yaxşı tanındığını, dünya ölkələri arasında öz yeri olduğunu xüsusi vurğuladı.
O, danışdı. Mən isə heyranlıqla qulaq asırdım. Və ürəyimdə fikirləşirdim ki, insan öz doğulduğu torpağa necə vurula bilərmiş. Bu səfər, bu hisslər barədə danışmaq ayrıca bir yazının mövzusu olsa da, hiss etdim ki, müsahibim doğma İsmayıllının bu günü, gələcəyi, sabaha uzanan yolu haqqında danışmaqdan doymur ki, doymur...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.