Oxunmamış məktublar...

 

 

 

 

Ədəbi-publisistik, elmi məqalələrin, “Ana məhəbbətindən başlanan yol” kitabının müəllifi Əli Hacı Abuzəroğlunun “Oxunmamış məktublar” adlı epistolyar (yazıçının məktublar məcmuəsi) janrında qələmə aldığı növbəti kitabı çapdan buraxılmışdır. Müəllif  böyük məhəbbət və ilhamla yazdığı məqalə, məktub və şeirlərini doğulduğu diyarın tarixi, xalqın ədət-ənənəsi, məişəti,məşğuliyyəti, ecazkar təbiətinə həsr etmişdir.

“Ordubadım- yurdum mənim” adlı ilk məktub kitabın müəllifinin doğulub boya-başa çatdığı, ulu dağların ətəyində, yaşıllıqlar qoynunda yerləşən Naxçıvan MR Ordubad rayonunun Gənzə kəndinə həsr olunub. Müəllif Azərbaycanın digər bölgələrinin milli-məişət, adət, yaşam tərzindən fərqlənən  Ordubadın  bir-birindən gözəl 49 kəndinin timsalında qədim yaşayış məskəni olan Gənzə kəndinin gözəlliyini təsvir edir. Kəndin ərazisində bu günümüzədək gəlib çatan orta əsrlər dövrünə aid Hacı Hüseynqulu məscidi, hamam binaları özünün memarlıq- kostruktiv quruluşu ilə diqqəti cəlb edir. Yaxınlıqda kənd qəbirstanlığında məzar-kitabələrin hicri -qəməri tarixi ilə 943-cü ilə, miladi təqvimi ilə 1536-cı ilə aid olduğu göstərilir. Bu torpağın insanlarının zəhmətkeş olduğunu və bu sərt iqlimli dağ şəraitində yaşadıqlarını, xüsusilə təbiətin bu sərtliyində insanların ağır və çətin şəraitdə dadlı və ləziz meyvələr, tərəvəz və dənli bitkilər yetişdirdiyini, hər ilin avqust-sentyabr aylarından başlayaraq pendirin,qovurmanın, lavaşın, meyvələrin hazırlanıb qışa saxlanması  barədə xatirələrini yazır.

Müəllif “Nar ağacı, nar çiçəyi”, “Etiraflarım”, “Ehtiyacın rəngi”, “Mənim dərdim çəkiləsi dərd deyil”, “Məktəb illərinə aparan yollar”, “O dağ bizim dağımızdır”, “Atama babamdan qalan yol”, “Yaxşılıqdan yamanlığa bir addım var”, “Ümidlərin ağ yolu” və digər məktublarda Naxçıvan MR rayonları əhalisinin  yaşam tərzləri, məişəti, mətbəx mədəniyyəti, adət-ənənəsi, ordubadlıların qədimdən məşğuliyyəti olan ipəkçiliyin, meyvəçiliyin inkişafından söz açır. Çörək pulu qazanmaq üçün kəndli ailələrin çətin şəraitdə dağlara gedib təbii nemətləri, dərman bitkilərini yığması, bu bitkilərin bazara çıxarılması,qurudulması, ehtiyac içərisində yaşayan əhalinin məişət probleməri, kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra  uşaqların hər gün 6 kilometrlik yolu rayon mərkəzi Ordubada gedib qayıtması, təhsil almaq üçün o dövrdə insanların necə əzab-əziyyətlərlə  yaşamasını görürük.

     Müəllif Gənzədən  Mehri rayonu Lehvaz kəndinə qədər 90 kilometrlik yol səyahətini, bu kəndin ərazisində, dağların qoynunda yerləşən Buxkar pirinə ziyarətə gedərkən  qədim yurd yerlərimiz haqqında  məlumat verir. Qeyd edir ki, Salam təpəsi, Göydaş, Başyurd, Avacı, Quttu çeşmə, Yelli arxac, Şalıalan, Hacı İsmayıl dolayları, Xərəcəbir... bu adların arxasında böyük bir tarix və o tarixin hələ heç  kimə açmadığı həqiqətlər naməlum qalır.

Bu məktublarda  müəllif ötən günlərin harayına qoşulub yaddaşını,xatirə kitabını günbəgün vərəqləyir. Müasir gənclərimiz üçün ibrətamiz olacaq bir həyatı bizə təqdim edir. Müəllif qeyd edir ki, indiki gənclik qarışıq bir ovqat üstündə köklənib və ata-babalardan qalma bu öyüd-nəsihət indiki gənclər üçün örnək, tərbiyə məktəbidir.

Oxunmamış məktublar yazıçının yaşadığı günlərin gerçək hekayələridir. Bu məktub-xatirələr gənclərimiz üçün öyüd-nəsihətli, ağzı bağlı qalan  bir xəzinədir. Onlar oxunduqca içindəki sirləri, hikmətləri açılacaq, ağızdan-ağıza keçəcək və yayılacaq.

Afət SADIQOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında