“Vesti” informasiya proqramı Rusiyanın Həştərxan vilayətinin qubernatorunun Azərbaycana səfərinə həsr olunmuş süjet yayımlamışdır

 

 

 

“Rusiya” telekanalının “Vesti” informasiya proqramı Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfərinə həsr olunmuş süjet yayımlamışdır. “Vesti” proqramının müxbiri Aleksey Şutovun süjetində deyilir: “Bərpa olunmuş və bir çox cəhətdən genişlənmiş Rusiya-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bu işdə Həştərxan  vilayətinin  böyük xidməti vardır.

Həştərxanın qubernatoru Aleksandr Jilkin başda olmaqla regionun nümayəndə heyətinin  Azərbaycanın paytaxtına dünən başa çatan səfəri  bunu təsdiq edir. Artıq ənənəyə çevrilən əvvəlki səfərlər kimi bu səfər də  həştərxanlıları nəinki  humanitar missiyanı yerinə yetirməyə - Bakı-Həştərxan dostluq abidəsini və parkını açmağa, həm də Azərbaycan Prezidenti  İlham Əliyevlə görüşdə hər iki tərəf üçün əhəmiyyətli olan iqtisadi məsələləri müzakirə etməyə müvəffəq olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev  Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşündə  demişdir: “İndiki halda  ikitərəfli əlaqələrin inkişaf dinamikasını  dövlətlərarası münasibətlər  müəyyən edir. Lakin buna baxmayaraq, regionlar arasında münasibətlər də az rol oynamır. Nəzərdən keçirdiyimiz halda da biz həm iqtisadi, həm siyasi, həm də humanitar sahələrdə əlaqələrin bütün istiqamətlər üzrə  ən müsbət dinamikasını görürük. Bu, irimiqyaslı Rusiya-Azərbaycan münasibətlərinin Həştərxan vilayətinin timsalında bir parçasıdır”. 

Sonra süjetdə deyilir ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Rusiya regionlarının  ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əldə olunmasına görə Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilmiş ilk rəhbərlərindən biridir. Rusiya televiziyasının müxbiri qeyd edir ki, səfər zamanı tərəflər Həştərxan ilə Bakı arasında müntəzəm aviasiya əlaqəsinin bərpa edilməsi barədə razılığa gəlmişlər. Azərbaycanın Həştərxanda konsulluğunun açılmasının zəruri olması məsələsi də müzakirə edilmişdir. A.Jilkin jurnalistlərə demişdir: “Azərbaycan tarixən yod istehsalı ilə məşğul olur. Biz hazırda yod layihəsi üzərində işləyirik. Yaxşı münasibətlər qurulur, Prezident bunu dəstəkləyir. Əlbəttə, Xəzərdəki yataqların işlənilməsi gəmi tərsanələrinin ciddi kooperasiyasını nəzərdə tutur. Biz yaxşı bilirik ki, bu il Bakı tərsanəsi modernləşdirilmişdir və biz bir-birimiz üçün maraq kəsb edirik, çünki bizim 6 gəmiqayırma zavodumuz var”.

A.Şutov vurğulayır ki, Azərbaycan ilə Həştərxan vilayətinin əməkdaşlığı müxtəlif sahələri əhatə edir. Yaxın vaxtlarda Həştərxanın mərkəzi rayonunda uşaq bağçası inşa ediləcək, gələn ilin yazında isə burada  SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsinin açılışı olacaqdır.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin fikrincə, iki ölkə arasında münasibətlərdə başlıca məsələ budur ki, onlar konkret fayda gətirir. O demişdir: “İndi yeni zamandır. Biz işləyirik və bir çox həştərxanlılar nəticələr barədə özləri mühakimə apara bilərlər. İqtisadi sahədə müasir layihələr iş yerlərinin yaradılmasına kömək edir, büdcəyə gəlir gətirir. Zənnimcə, bu istiqamət inkişaf edəcəkdir. Həştərxanda sosial infrastrukturun qaydaya salınması sahəsində əməkdaşlıq, mədəni mübadilələr həştərxanlıları zənginləşdirir”.

“Vesti” proqramının süjetində o da bildirilir ki, Azərbaycan paytaxtının mərkəzi rayonlarından birində – Nərimanov rayonunda yerləşən parkda  Bakı-Həştərxan abidəsi açılmışdır. Xəzərin sahilində yerləşən iki paytaxtın əsas görməli yerləri – Həştərxan Kremlinin və Bakıdakı Qız Qalasının miniatür surətləri həmin parkda yerləşdirilmişdir. Dekabr ayında isə Həştərxanda Knyaz Vladimirin bakılılar tərəfindən hazırlanmış abidəsinin və eyniadlı parkın açılışı olacaqdır.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında