Bölgələr yeni görkəm alır Goranboy rayonunda qışa hazırlıq diqqət mərkəzindədir

 

 

 

Səfikürd Goranboy rayonun ən böyük yaşayış məntəqələrindən biridir. Son illər bu kəndin sosial-iqtisadi və mədəni inkişafı, meydana çıxan çətinlik və problemlərin aradan qaldırılması və s. istiqamətində bir sıra əsaslı tədbirlər işlənib həyata keçirilmiş, konkret addımlar atılmışdır. Nəticədə abadlıq-quruluculuq işləri xeyli genişləndirilmiş, Səfikürd daha abad və yaraşıqlı olmuşdur. Onu da əlavə edək ki, istər Səfikürd, istərsə də  başqa yaşayış məntəqələrində həyata keçirilən abadlıq işlərinin böyük bir qismi məhz yerlərdə əhali ilə keçirilən görüşlərdə səslənən təklif və müraciətlərin nəticəsi sayıla bilər. 

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin növbəti səyyar-qəbulu da Səfikürd kəndində idi. Həmişə olduğu kimi, səyyar qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdi. İstər-istəməz, hamını bir sual düşündürürdü: Səfikürd kəndində ötən qəbulda irəli sürülən təklif və mülahizələr, qeyd edilən çətinlik və problemlər öz həllini necə tapmışdır?

Başqa sözlə desək, belə səyyar qəbullar icra başçısı üçün bir növ hesabat xarakteri daşıyır. Bu mənada Səfikürd kəndində ötən səyyar qəbuldan sonra həyata keçirilən tədbirlər, görülən işlər belə deməyə tam əsas var ki, icra başçısı budəfəki görüşə də, necə deyərlər, əliboş gəlməyib. Bunu kənd sakinlərinin çıxışlarından da aydın şəkildə görmək olardı.          İbrahim Həsənov:

 – Yaxşı yadımdadır, ötən səyyar qəbul da bax bu zalda keçirildi. O zaman da birinci mən çıxış etmişdim. Təkliflər də bu olmuşdu ki, Səfikürd–Naftalan avtomobil yolunun təmirinə ciddi ehtiyac var. Kənd  sakinləri də,  qonaqlar da çox əziyyət çəkir.

Səfikürd–Naftalan avtomobil yolunun təmirini çox gözləməli olmadıq. Rayon icra hakimiyyətinin ciddi müdaxiləsindən sonra müvafiq tədbirlər görüldü, konkret addımlar atıldı. İndi həmin yol gediş-gəliş üçün rahatdır, bu barədə heç bir narazılığımız yoxdur.             Zöhrə Qurbanova:       – Mən yeni salınmış məhəllələrə təbii qaz xəttinin çəkilməsi barədə danışmışdım. Məsələ burasındadır ki, kəndimiz böyüyür, yeni evlər tikilir, küçələr salınır. Qaz xətləri isə əvvəllər olduğu kimi qalmışdır. Bu isə təbiidir ki, həmin ərazidə yaşayan kənd sakinləri arasında haqlı narazılığa səbəb olurdu. Dərhal səsimizə səs verdilər. Qısa müddət ərzində yeni məhəllələrə qaz xətləri çəkildi. Demək istəyirəm ki, nə vaxt hansı məsələni qaldırmışıqsa imkan daxilində öz müsbət həllini tapıb. Biz onu da yaxşı başa düşürük ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin regionlara, o cümlədən biz goranboylulara göstərdiyi gündəlik diqqət və qayğının bilavasitə nəticəsidir.

Müsahiblərimizin dediklərinə əlavə olaraq bildirək ki, budəfəki səyyar qəbulda qaldırılan məsələlərin, demək olar ki, hamısı qışlama ilə bağlı idi. Bu heç də təsadüfü deyil. Havalar getdikcə soyuyur, Murovdan soyuq küləklər əsir. Səyyar qəbulda o da məlum oldu ki, qışlamaya hazırlıqla əlaqədar Səfikürd kəndində xeyli işlər görülmüşdür. Belə ki, elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı və başqa sosial məsələlər vaxtında həll olunmuş, təmir-bərpa işləri aparılmışdır. Ancaq səyyar qəbulda da qeyd edildiyi kimi, hələ görüləsi işlər də var.

 Bu cəhətdən Müşgünaz Məmmədovanın çıxışı hamı tərəfindən razılıqla qarşılandı: – Kəndimizdəki orta məktəb binası 1988-ci ildə tikilib istifadəyə verilmişdir. Ancaq təəssüf ki, o vaxtdan indiyə kimi bir dəfə də əsaslı şəkildə təmir olunmamışdı. Bu isə aydın məsələdir ki, bir sıra ciddi çətinliklər törədir. Digər tərəfdən, məktəbdə istilik sistemi də yoxdur. Yeni məktəb tikintisini demirəm, heç olmasa, hazırkı məktəb binasının əsaslı təmirinə və müasir istilik sistemləri yaradılmasına ciddi ehtiyac var. Yaxşı olar ki, bu barədə əlaqədar respublika təşkilatları qarşısında məsələ qaldırılsın.

Zöhrə Qurbanova: – Düzdür, yeni yaşayış məhəllələrindəki evlərin əksəriyyətinə təbii qaz xətti çəkilib. Ancaq qazdan istifadə edə bilməyən ailələr var. Soyuq qış günləri belə ailələr üçün çox çətin keçir. Bu istiqamətdə işi bir qədər də sürətləndirmək lazımdır. Toxunacağım digər məsələ kəndimizdə yeni baxça binasının tikintisi ilə bağlıdır. Düzdür, köhnə bina, necə deyərlər, öz fəaliyyətini bu gün də davam etdirir. Ancaq Səfikürd kimi böyük və müasir kəndə də müasir baxça binası yaraşır. Ümid edirik ki, bu təklifimiz diqqətdən kənarda qalmayacaq.

Arzu İsmayılova: – Düzdür, son illər kəndimizin ərazisində xeyli yeni artezian quyuları qazılıb istifadəyə verilmişdir. Bu barədə narazılıq etməyə haqqımız yoxdur. Ancaq orası da var ki,  mövcud quyular heç də bütün əkin sahələrini əhatə edə bilmir. Torpaqlarımız münbitdir. Kənd sakinləri burada əkinçiliklə, heyvandarlıqla məşğul olur, məhsuldarlığı ildən-ilə artırırlar. Suvarma suyu isə burada  həlledici əhəmiyyət dayışır. Ona görə də xahiş edirik ki, kəndimizin ərazisində yeni artezian quyularının qazılmasına başlansın.

Təkliflər, mülahizələr, arzu və qeydlər bir-birini əvəz edir. Əlbəttə, hər görüş tərəflər arasında ünsiyyət yaradır, bu və ya digər məsələnin həllini sürətləndirir, körpü yaradır, ən əsası isə qarşılıqlı inamı gücləndirir.

Yeri gəlmişkən, qeyd etməyə dəyər ki, son illər bu sahədə Goranboy Rayon İcra Hakimiyyətində sistemli və ardıcıl iş qurulmuşdur. Bizə verilən arayışda maraqlı məqamlar çoxdur. Daha dəqiq desək, cari ilin ötən ayları ərzində icra hakimiyyəti başçısının yerlərdə 43 səyyar qəbulu keçirilmişdir. Həmin qəbullarda 3400 nəfər iştirak etmişdir. Belə bir cəhət diqqəti cəlb edir ki, irəli sürülən təklif və müraciətlərin, demək olar ki, hamısı yerindəcə öz müsbət həllini tapmışdır.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu barədə danışarkən dedi:

– Ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin həyatımızın bütün sahələrində olduğu kimi, idarəetmə sahəsidəki zəngin təcrübəsi də bizim hər birimiz üçün ən gözəl örnək, canlı nümunə, əsl məktəbdir. Son illər ölkə Prezidenti dəfələrlə Goranboya tarixi səfər etmiş, təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, rayon ictimaiyyəti nümayəndələri ilə  unudulmaz görüşlər keçirmişdir. Həmin görüş və söhbətlər goranboyluların yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır.

Səfikürd kəndində keçirilən növbəti səyyar qəbuldan bax, belə yüksək əhval-ruhiyyə və dərin razılıq hissilə qayıtdıq. Rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılovun təklifi isə lap ürəyimizcə oldu:  – Günün ikinci yarısında şura iclasında qışlamaya hazırlıqla bağlı məsələ müzakirə olunacaq. Səyyar qəbulun davamı kimi iştirak etsəniz, məncə, maraqlı olar. Hər halda, mövzu eynidir: insan amili, onun vacib sosial ehtiyaclarının vaxtında ödənilməsi.

Razılaşdıq. Doğrudan da, şura iclasında ayrı-ayrı müvafiq idarə və müəssisə rəhbərlərinin qışlamaya hazırlıqla bağlı hesabatları xeyli maraq doğururdu.

Məsələn, rayonun ümumtəhsil məktəblərinin 2013-2014-cü tədris ilində payız-qış mövsümünə hazırlığı cari ilin sentyabr ayında təhsil müəssisələri rəhbərləri ilə keçirilən müşavirədə geniş təhlil olunaraq müzakirə edilmiş və görüləcək işlər müəyyənləşdirilmişdir. Bu sahədə qarşıda duran vəzifələr konkretləşdirilmiş, məktəb rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.

Payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təmin olunması elektrik enerjsi, qaz, maye və odun yanacağından istifadə olunmaqla həyata keçiriləcəkdir. Cari tədris ilində 26 ümumtəhsil məktəbində qaz və maye yanacağı ilə işləyən qazanxana sistemlərindən istifadə ediləcəkdir. Belə ki, Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 2 saylı, Nərimanlı, Fəxralı, Hazırəhmədli, Yeniyol, Qaraçinar, Rəhimli, Veyisli kənd tam orta, şəhər internat, Qurbanzadə, Bəşirli kənd ümumi orta məktəblərində qaz yanacağı, Tatarlı, Qarqucaq, Goranboy, Səmədabad, Dəyirmanlar, Məşədiqaralar, Əlirzalı, Yəhərçiqazaxlar, Şadıllı, Rus Borisi, Yolqullar, Alpoud, Quşçular kənd tam orta məktəblərində isə maye yanağacı ilə işləyən qazanxana sistemləri fəaliyyət göstərir. Xan Qərvənd, Səfikürd, Borsunlu kənd 1 saylı və Qaradağlı kənd tam orta məktəblərinin qızdırılması elektrik yağ radiatorları ilə həyata keçiriləcəkdir. Qalan 50 ümumtəhsil məktəbinin istilik təminatı odun yanacağı ilə həll olunacaqdır. 300 yerlik Goranboy Şəhər Mədəniyyət Evinin istilik avadanlığına texniki baxış keçirilmiş, zəruri ehtiyat hissələri, elektrik avtomatları yenisi ilə əvəzlənmişdir. Mərkəzi kitabxana sisteminə 3 ədəd əlavə qızdırıcı elektrik sobası verilmiş, 60 metr məsafədə elektrik xətləri xüsusi gücləndirici kabellə əvəzlənmişdir.

Heydər Əliyev Mərkəzi 2 ədəd yeni istilik kondisionerləri ilə, Tarix-Diyarşunaslıq Muzeyi qızdırıcı ilə təchiz olunmuş, elektrik xətlərində qismən təmir işləri aparılmışdır. Musiqi və incəsənət məktəbində elektrik xətlərinə texniki baxış keçirilmiş, Qızılhacılı qəsəbə, Səfikürd və Xan Qərvənd kənd musiqi məktəbində istifadəyə yararsız elektrik xətlərində təmir işləri aparlımışdır.

Gürzallar, Qaradağlı, Səmədabad, Borsunlu, Yeniyol, Goranlı, Sarov kənd mədəniyyət evləri və klublarında, həmçinin Məşədiqaralar, Xan Qərvənd, Şəfəq, Qaraçinar, Səmədabad, Nərimanlı kənd və Qızılhacılı qəsəbə kitabxanalarında qışa hazırlıqla bağlı təmir işləri aparılmışdır.

Rayon Qaz İstismarı İdarəsində 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmış, təmir, bərpa və texniki xidmət işləri aparılmışdır.  İstismarda olan 840 kilometr daşıyıcı və paylayıcı qaz kəmərlərinə texniki baxış keçirilmiş, aşkar olunmuş nasazlıqlar bərpa olunmuşdur. 60 ədəd qaz tənzimləyici şkaflar təmir olunaraq tam işlək vəziyyətə gətirilmişdir və s.

Bundan başqa, abonentlərin təbii qaz təminatlarını yaxşılaşdırmaq üçün Qızılhacılı qəsəbəsində 180 metr yeni dairəvi qaz xətti çəkilmiş, 150 metr istismara yararsız qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Goranboy şəhərində Borsunlu, Muzdurlar, Nadirkənd kəndlərində qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Dəliməmmədli şəhərində Alpoud, Qaradağlı, Fəxralı, Ağamalıoğlu, Hazırəhmədli, Səfikürd kəndlərində qaz kəmərləri istismara yararlı vəziyyətə gətirilmişdir. Təbii qaz itkisinin və oğurluq hallarının qarşısını almaq üçün 265 ədəd  sayğac mənzil və həyat daxilindən küçəyə çıxılmış, 845 ədəd qaz  sayğacları yeniləri ilə əvəz olunmuşdur.

Payız-qış mövsümü elektrik təsərrüfatı üçün, sözün həqiqi mənasında, bir imtahandır. Bu imtahandan uğurla çıxmaq üçün əvvəlcədən müvafiq tədbirlər planı müəyyən edilmiş, bir sıra konkret işlər görülmüşdür. Məsələn, 17 transformator əsaslı təmir olunmuş, ehtiyac hiss olunan yerlərdə beton dayaqlar quraşdırılmış, naqillər dəyişdirilmişdir. Bir sözlə, rayon paylayıcı elektrik şəbəkəsi payız-qış mövsümünə tam hazırdır.

Goranboy rayonunun maraqlı coğrafi ərazisi var: bir tərəfi aran, o biri tərəfi dağlardır. Artıq dağlara qar yağıb. Murovdan soyuq küləklər əsir. Ancaq nə qar, nə boran goranboyluları qorxutmur. Ona görə ki, onlar payız-qış  mövsümünə vaxtında, özü də yaxşı hazırlaşmışlar.

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında