Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” mükafatı ilə təltif olundu. Mükafatın təqdim edilmə tədbirindən – cənab Prezidentlə media nümayəndələrinin görüşündən bir neçə gün keçsə də, bu görüşün əks-sədası, istər ölkə daxilində, istərsə də xaricdə hələ də davam edir. Cəmiyyətin ən həssas, ictimai-siyasi proseslərin önündə gedən, dünyada, regionda və ölkəmizdə baş verənləri diqqətlə izləyə, analiz edə bilən media mənsublarının Prezident İlham Əliyevi ikinci dəfə bu ada layiq görməsi çox ciddi bir məsələdir. Mərasimdə cənab Prezidentin jurnalistləri dinləməsi, mətbuatımızın dünəni, bu günü barədə ətraflı və məzmunlu təhlili çıxışı da məhz məsələnin ciddiliyindən və özəl mahiyyətindən xəbər verir.
Fenomenal hadisəyə çevrilən bu görüş ölkədə rəhbərlik və mətbuat arasındakı əlaqənin genişlənməsinin təzahürü, müstəqil Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, demokratiyanın inkişafında və vətəndaş cəmiyyəti quruculuğunda KİV-in roluna verilən önəm idi.
Prezident öz çıxışında həmçinin mətbuatın mövcud durumu haqqında da danışdı. Xüsusilə, jurnalistikanın partiyalara bağlılığı haqqında öz narahatlığını ifadə edən ölkə başçısı bunun heç də müsbət və qəbul olunan fakt olmadığını dilə gətirdi və bu cür halların tamamilə aradan qaldırılması yolunda ciddi addımların atılacağına əminlik yaratdı.
Dövlət başçısı öz çıxışında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu, ölkə daxilində baş verən neqativ hallara da öz çıxışında yer ayırdı. Bu cür məsələlərin işıqlandırılmasında və ictimaiyyətin geniş məlumatlandırılmasında mətbuatın əhəmiyyətini önə çəkən cənab Prezident bununla da ölkə mətbuatı üzərinə yeni missiya qoymuş oldu.
Müstəqil Azərbaycan Respublikasının mətbuat tarixində mühüm hadisə olan bu tədbirdə cənab Prezidentin çıxışı həm də Qərb mediasına ünvanlanmış bir mesaj idi. Son zamanlar Qərbin Azərbaycan mətbuatının vəziyyəti haqqında dilə gətirdiyi narahatlıqların həqiqətə uyğun olmadığı bu görüşdən sonra bir daha təsdiqini tapdı.
Tədbirdə cənab Prezidentimiz çox səmimi və bir çox məsələlərə dair proqram xarakterli çıxış etdi. O, bu çıxışı ilə son ana qədər düşüncələrində müəyyən nigarançılığı olan bir çoxlarının tərəddüdlərinin üzərindən xətt çəkdi. Bununla hər bir azərbaycanlının yanında olduğunu və hər bir vətəndaşın Prezidenti olduğunu bir daha da təsdiqləyən dövlət başçısı ölkə mətbuatına yeni bir status vermiş oldu. Cəmiyyətdə kifayət qədər nüfuza malik tədbir iştirakçılarının bir çoxu bu tarixi görüşdən sonra özü üçün müstəqil Azərbaycan naminə fəaliyyətlərinin yeni prioritetini müəyyənləşdirdi.
Ölkənin inkişaf mərhələsində mətbuatı ən yaxın tərəfdaş kimi qəbul edən və onun müstəqil fəaliyyətində maraqlı olan ölkə rəhbəri bu yolda daim öz dəstəyini istənilən müstəvidə göstərmişdir.
Elə son illərdə cənab Prezidentin birbaşa sərəncamı və dəstəyi ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, bunun ardınca Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi hallar onun bu sahəyə verdiyi qiymətin daha bir bariz nümunəsidir.
Sevindirici haldır ki, cənab Prezidentimiz ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirərkən media institutu ilə yanaşı, digər strukturları da kompleks halında yaratmaqla nəzərə almışdır. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Gənclər və Elm fondlarının da yaradılması dövlət səviyyəsində vətəndaş cəmiyyətinin formalaşmasına verilən dəyərin təzahürüdür.
Dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş Azərbaycan mediası artıq yeni bir mərhələyə qədəm qoymaqdadır. Bu, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha operativ, dövlət siyasətimizə uyğun şəkildə, daha inamla çatdırılması mərhələsidir. Doğrudur, neçə illərdir ki, bu sahədə müəyyən addımlar atılıb, amma bundan sonra həmin işlərin daha ardıcıl və məqsədyönlü şəkilədə aparılmasına ehtiyac duyulur, çox ciddi uğurlara imza atmamız üçün bütün imkanlarımız var. Biz bu imkanlardan yararlanmalyıq!
Bu şəraiti, imkanı bizə Azərbaycan dövləti, onun şəriksiz lideri cənab İlham Əliyev yaradıb.
Umud RƏHİMOĞLU,
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.