25 noyabr -1 dekabrda keçirilməsinə start verilən “Yerli demokratiya həftəsində fəal iştirak edək” adlı silsilə tədbirlərdən biri Sumqayıt Dövlət Universitetində keçirildi.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanov qonaqları, müəllim-tələbə heyətini salamlayaraq, tədbirin sözügedən təhsil ocağında keçirilməyinin təsadüfi olmadığını bildirdi: “Sumqayıt gənclərinin əsasını universitetin tələbələri təşkil edir. Və bu gün respublikamızda demokratiyanın inkişafı, demokratik prinsiplərin öyrənilməsi mexanizimi, vətəndaşların bu prinsiplərdən yararlanması daha çox gənclərin öhdəsinə düşür. Çünki sağlam və demokratik dövlət quruculuğunda gənclərin birgə gücü böyük rol oynayır. Bu gün gənclər yerli özünüidarə hüquqlarından səmərəli istifadə edərək bu yolda cəsarətlə addımlamalıdırlar”.
Çıxış üçün söz Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayevə verildi. Əbülfəz müəllim Azərbaycanda yerli demokratiya həftəsini təmsil edən bu tədbirin SDU-da keçirməsinə görə rəhbərliyə minnətdarlığını bildirərək qeyd etdi ki, müasir gənclərimizin beynəlxalq təşkilatın tələblərinə uyğun olaraq idarəçilik sistemində iştirak etmələri təqdirəlayiqdir.
2007-ci ildən Azərbaycanda Milli Assosiasiyaların yarandığı vaxtdan demokratiya həftəsi mütəmadi olaraq keçirilir. Vətəndaşlarla yerli özünüidarə orqanları arasında işbirliyi əhmiyyətli məsələlərin həlli istiqamətində böyük rol oynayır. Bu nöqteyi-nəzərdən vətəndaşların fikir və təkliflərinin həyata keçirilməsində demokratiya həftəsi çox önəmlidir. Bu tədbirin əsas məqsədi gənclərimizin yerli özünüidarə orqanlarında fəallığının artırılmasına nail olmaqdır. Hər bir gənc bələdiyyə məhəllə komitəsində fəal iştirak edə bilər, bu, onların gələcək inkişafında çox vacibdir.
Sonra natiq Sumqayıt, Corat, Hacı Zeynalabdin Tağıyev bələdiyyələrinin işlərindəki uğurlardan, qarşıda duran məsələlərdən söz açdı. Bu işlərdə də gənclərin iştirakının önəmli olduğunu qeyd edərək vurğuladı ki, gənclər inkişaf etdirən, qoruyan və gənc nəslə ötürən qüvvədir. Gənclər-bələdiyyə əməkdaşlığı bu gün çox vacibdir.
Daha sonra çıxış edən Kənd Bələdiyyələri Assosiasiyasının sədri Əli Əhmədov bildirdi ki, respublikada 1324 kənd bələdiyyəsi var və sevindirici haldır ki, bizdə bələdiyyə sədrini xalq seçir. Bu nöqteyi-nəzərdən xalqın aparıcı qüvvəsi olan gənclər hər yerdə öz sözünü müstəqil şəkildə deməyi bacarır. Demokratiya həftəsinin keçirilməsində məqsəd gənclərin fəallığının daha da artırılması, onlarda demokratik fikirlərin inkişaf etdirilməsidir.
Rektor N.Qəhrəmanov fikir və təkliflərini bildirmək üçün sözü universitetin tələbələrinə verdi.
Riyaziyyat fakültəsinin tələbəsi İranə Abdullayeva “Bələdiyyə strukturlarında gənclərin fəaliyyətini artırmaq üçün nə etmək gərəkdir” sualı, filologiya fakültəsinin tələbəsi Saməddin Qənbərov “Bələdiyyə seçkilərində layihələrlə bağlı gənclər forumunun keçirilməsi”, iqtisadiyyat fakültəsinin tələbəsi Taleh Mürsüdzadə “Gənclərin bələdiyyərlə sıx əməkdaşlıq etməsinin onların inkişafında rolu” təklifi ilə müzakirəyə qoşuldular. Bundan başqa, 1-ci kurs tələbələrindən birinin universitetin ictimai-siyasi həyatında fəal iştirak etmək arzusuyla rəhbərliyə müraciəti də müsbət qarşılandı və belə tələbələrin sayının artdığı bildirildi.
Demokratiya həftəsinə həsr olunmuş tədbirin sonunda universitetin rektoru N.Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğısından danışdı. O bildirdi ki, hazırda SDU-da 4700 tələbə təhsil alır. Ümumilikdə isə burada 6000-ə yaxın müəllim-tələbə heyəti var. Sözügedən təhsil ocağı universitet statusu aldığı son 13 illik fəaliyyəti dövründə dövlətin daxili və xarici siyasətini dəstəkləmiş, hər zaman dövləti və dövlətçiliyi qorumaq prinsipini əsas götürmüşdür.
Aida ŞÜKÜRLÜ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.