İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İT sənayesinin inkişafına xidmət edir

 

 

 

Danılmaz faktdır ki, sürətlə inkişaf edən Azərbaycan artıq tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Təbiidir ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları var. Hal-hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir.

Gələcək inkişafımız innovasiya, yeni texnologiyalar, keyfiyyətli təhsil və innovativ sahibkarlığa əsaslanan bizneslə birbaşa bağlıdır. Qeyd edilən amillər “Azərbaycan 2020: Gələcəyə Baxış - İnkişaf Konsepsiyası”nda da öz əksini tapmışdır. Konsepsiyanın əsas hədəfləri ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, innovasiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer tutması və bu məqsədlərə çatmaq üçün insan resurslarının inkişafıdır.

Ümumiyyətlə, nəzər salsaq, informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir.

Azərbaycanda da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Ölkədə İKT sahəsinin inkişafı birbaşa ölkə rəhbərliyinin diqqətindədir. Ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində İKT sahəsi iqtisadiyyatın və bütövlükdə cəmiyyətin prioritet fəaliyyət sahəsinə çevrilmişdir. Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30 faiz təşkil edir. Sektorun həcmi təqribən 1,9 milyard dolları ötmüşdür. İKT sektorunun ölkə üzrə ÜDM-də payı 3,5 faizə, qeyri-neft ÜDM-də isə 7,2  faizə yüksəldilmişdir. 10 il ərzində sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları  təşkil etmişdir, bunun 28  faizi dövlət, 72 faiz isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılmışdır. Özəl sektorun payı 2003-cü illə müqayisədə 67,4  faizdən 80  faizə yüksəlmişdir. Gəlirlərin 80  faizi özəl sektorun payına düşür və bu, ölkədə biznes mühitin yaxşılaşdırılması və özəl sektorun fəaliyyətinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü işlərin nəticəsidir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən açıqlanan nüfuzlu “Doing Business-2013" hesabatında Azərbaycanın 185 ölkə arasında 67-ci yerdə qərarlaşması ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyini bir daha əyani şəkildə göstərir.

İKT-nin inkişafı sahəsində aparılan fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.  Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013" hesabatında ”İKT-yə dəstəkdə hökumətin uğurları" və “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksləri üzrə Azərbaycan dünya üzrə ilk 10-luqda yer tutmuşdur. Ümumilikdə isə bu hesabatda ölkəmizin şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yeri tutmuş və MDB ölkələri arasında liderlər qrupunda olmuşdur. Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013" hesabatında ”Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Measuring the Information Society - 2012” adlı hesabatında “İKT inkişaf indeksi" üzrə Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və 2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə möhkəmləndirmişdir. Hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yer almışdır. “İKT qiymət səbəti” göstəricisi üzrə Azərbaycan 52-ci yerlə qiymətləndirilmiş və 2008-ci illə müqayisədə öz mövqeyini 47 pillə möhkəmləndirmişdir.

Ölkənin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın modernləşdirilməsi, neft-qaz amilindən asılılığının minimuma endirilməsi, rəqabət qabiliyyətinin və ixracın artırılması mühüm əhəmiyyət kəsb edir. Məhz informasiya-kommunikasiya texnologiyaları təhsil və elmin inkişafı ilə bərabər bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.Bu baxımdan hazırda rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsi  qarşımızda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması  İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond) uzunmüddətli perspektivə hesablanmış siyasətin tərkib hissəsidir. Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək,  kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Fond mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması, həmçinin innovativ infrastrukturun inkişafı, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələrinin inkişaf etdirilməsi və onların kommersiyalaşdırılmasına maliyyə dəstəyi göstərəcəkdir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan “start-up” şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcəkdir. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcəkdir.

Həmçinin, fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ      fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək və bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi, bundan səmərəli istifadə olunmasını həyata keçirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli  fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının rezidentləri və biznes-inkubator layihələri üçün maliyyə-donor rolunun bir hissəsinin Fond tərəfindən yerinə yetirilməsi gözlənilir.

Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir. Fondun keditlərindən istifadə etməklə sahibkarlar daha iri həcmli İKT layihələrini həyata keçirməyə nail olacaqlar. Kreditlərin qaytarılmasında güzəşt müddətinin olması, həmçinin faiz dərəcəsinin 5 faizə qədər müəyyənləşdirilməsi bu maliyyə alətini sahibkarlar üçün əlçatan edir.

Bundan əlavə, Fond İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak edərək, investisiya maliyyələşdirilməsini həyata keçirir. İnvestisiya maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir. Fond, Əsasnaməsinə uyğun olaraq, özü investisiya subyekti kimi çıxış etməkdən əlavə, birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat verərək ölkənin İKT sektoruna xarici investisiyaları cəlb etməyə şərait yaradır.

Fondun maliyyə dəstəyi ilə ölkədə müasir İKT sənayesinin təşəkkül tapacağı, innovativ startapların, həmçinin sahə üzrə iri layihələr həyata keçirəcək sahibkarlıq subyektlərinin ölkədə “bilik iqtisadiyyatı”nın qurulmasına böyük töhvə verəcəyi şübhəsizdir. Görülən işlər sayəsində İKT sahəsinin inkişaf tempinin daha da artacağı, sahənin ÜDM-dəki payının 2020-ci ilədək hədəflənən 10 faizi ötəcəyi  də çətin görünmür

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında