Azərbaycan Mətbuat Şurasında medianın problemləri ilə bağlı təkliflər müzakirə olunmuşdur

 

 

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı təqdim olunması mərasimi kütləvi informasiya vasitələri rəhbərlərinin dövlət başçısı ilə görüşü kimi də yadda qaldı. Görüşdə Azərbaycan mediası ilə bağlı bir sıra önəmli təkliflər səsləndi və bunlar Prezident tərəfindən müsbət qiymətləndirildi. Mətbuat Şurası toplantıda səslənən, eləcə də media mühitində nəzərə çarpan məsələlərə dair təkliflərini qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim etməlidir.

MŞ İdarə Heyətinin üzvləri öncə qəzet yayımı ilə bağlı məsələyə münasibət bildiriblər. Bununla əlaqədar MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılığı ilə ayrıca komissiyanın yaradılması qərara alınıb. Komissiyanın tərkibinə MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, İdarə Heyətinin üzvləri — “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev daxil edilib. Qrup yayım firmaları ilə müzakirələr təşkil edəcək, mövcud istiqamətdəki vəziyyətin monitorinqini aparacaq. Araşdırmaların yekunu Mətbuat Şurasında bir daha müzakirəyə çıxarılacaq. Qəzet köşklərinin sayı və dislokasiyası ilə bağlı məsələlər də diqqətdə saxlanılacaq.

İclasda bildirilib ki, yayım işini həyata keçirən “Qasid” firmasının qəzetlərə borcu var və vəsaitin ödənməmiş qalması çap mediasının işinə mənfi təsir göstərən amillərdəndir. “Qasid” dövlət müəssisəsi olduğundan onun üzləşdiyi durumun aradan qaldırılması dövlət orqanlarının üzərinə düşür. Metro stansiyalarında qəzet satışı ilə əlaqədar vəziyyətə gəldikdə isə bildirilib ki, stansiyalarda digər mallar kimi, qəzet də alıcılara təqdim edilməlidir. Bu iş bir müddət öncəyədək tənzimlənirdi və eyni qayda ilə davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, metrodakı satış çap mediasının maddi vəziyyətinə əhəmiyyətli təsir göstərir.

İclasda narahatlıqla vurğulanan daha bir məqam Bakı şəhərindəki yeni köşklərdə qəzet satışı ilə əlaqədar vəziyyət olub. Bildirilib ki, ölkə başçısının müvafiq mesajlarından sonra mövcud istiqamətdə irəliləyişlər əldə olunub. Yəni köşklərdə qəzet satışının həcmi artırılıb. Amma qəzet satışından gələn gəlirin 40 faizinin tutulması KİV-ləri qane etmir. Bu rəqəmin 25-30 faizə endirilməsi daha məqbul sayılıb.

İclasda jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanın tətbiq olunması mexanizmi, KİV-lərə reklam və elanların verilməsinin beynəlxalq miqyasdakı təcrübəsinin tətbiqi ilə bağlı da müzakirələr gedib. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərinin maliyyələşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin beş cildliyinin buraxılması ətrafında da fikir mübadiləsi aparılıb. Təkliflərin qruplaşdırılaraq yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunması qərara alınıb.

Toplantıda Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında