Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

 

Noyabrın 29-da Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti”nə və “Daxili işlər orqanlarında xidmətə namizədlərin seçilməsi, yerləşdirilməsi, gənc əməkdaşların irəli çəkilməsi və peşə hazırlığının təşkili”nə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq gündəlikdəki məsələlər barədə məlumat vermiş, insan hüquq və azadlıqlarının qorunmasının, vətəndaşların müraciətlərinə baxılmasının və qəbulunun xidməti fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlardan biri olduğunu bildirmişdir. Vurğulanmışdır ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, müraciət və şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələlərinin də diqqət mərkəzində saxlanıldığı, dəfələrlə kollegiya iclaslarının müzakirəsinə çıxarıldığı, bu işin səmərəsinin artırılması üçün yerlərə lazımi göstərişlər verildiyi, əməli köməkliklər göstərildiyi nəzərə çatdırılmışdır.

DİN katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış etmişdir. O demişdir ki, nazirliyin rəhbərliyi tərəfindən Azərbaycan Prezidentinin tələb və tövsiyələrinə uyğun olaraq, müvafiq fəaliyyət sahəsinə göstərilən xüsusi diqqət və tələbkarlıq artmış, mövcud nöqsan və çatışmazlıqlara görə qəbul edilən prinsipial qərarlar vətəndaşların müraciətlərinə baxılması və qəbulu sahəsində müsbət nəticələri şərtləndirmişdir. Belə ki, 2012-ci ildə nazirliyə daxil olmuş şikayətlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26 faiz, habelə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına edilən bənzər şikayətlər 19 faiz, insan hüquqları üzrə müvəkkilə ünvanlanmış müraciətlər iki dəfə azalmışdır.

Bildirilmişdir ki, işin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə təhqiqat qurumları üzrə şikayətlərin sayında iki dəfəyə yaxın azalma qeydə alınmışdır. Son iki il yarım ərzində daxili işlər orqanlarına 880 minə yaxın müraciət daxil olmuşdur ki, onların da 69,5 faizi ərizələr, 30,3 faizini şikayətlər təşkil etmişdir.

Qeyd edilmişdir ki, insan hüquqlarının qorunmasında mühüm vasitələrdən olan vətəndaşların qəbulu işi də diqqət mərkəzində saxlanılmışdır. Son 2 il 9 ayda təkcə daxili işlər naziri nazirlikdə və respublikanın bütün rayonları əhatə olunmaqla 820 vətəndaş qəbul etmişdir. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, şikayətlərə səbəb olan amillərin aradan qaldırılması üçün operativ tədbirlər görülmüş, aidiyyəti struktur qurumlara müvafiq tapşırıqlar verilmişdir. İcraya yönəldilən bütün müraciətlər nəzarətə götürülmüş, nəticələri məruzə olunmuşdur. Bütövlükdə qeyd olunan müddətdə daxili işlər orqanları üzrə 121 min 765, o cümlədən nazirliyin aparatında 10 min 304, ərazi polis orqanlarında 111 min 461 vətəndaş qəbul edilmişdir.

Nazirliyin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə bağlı məruzə ilə çıxış etmişdir. İ.Əliyev bildirmişdir ki, hər bir əməkdaşın cəmiyyətdə nümunəvi davranışı ilə fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsini durmadan artırması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması barədə Azərbaycan Prezidentinin tələb və tövsiyələri qarşıda duran başlıca vəzifələrdən olaraq diqqət mərkəzində saxlanılmışdır.

Diqqətə çatdırılmışdır ki, 2011-ci ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının, DİN-in müsabiqə komissiyasının müsahibələrinin nəticələri üzrə ali hüquq və pedaqoji təhsilli 213 şəxs, həmçinin 75 vətəndaş mütəxəssis qismində tam aşkarlıq və şəffaflıq şəraitində xidmətə qəbul olunaraq orta rəis heyəti vəzifələrinə təyin edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən 16 əməkdaş test imtahanları verməklə, 66 əməkdaş mütəxəssis kimi orta rəis heyəti vəzifələrinə irəli çəkilmişdir. DİN-in Polis Akademiyasının məzunları, eləcə də sonuncu kurslarda təhsil alan sıravi və kiçik rəis heyətindən olan əməkdaşların sırasından 487 nəfər orta rəis heyəti vəzifələrinə təyin edilmişdir.

Qeyd olunmuşdur ki, 2011-2013-cü illərdə DİN-in Polis Akademiyasına 3472 namizəddən qabiliyyət imtahanlarını müvəffəqiyyətlə vermiş və nazirliyin seçim komissiyasının müsbət rəyini almış 1544 (44,5 faiz) orta məktəb məzunu qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmişdir. Test imtahanlarında daha yüksək bal toplamış 385 gənc Polis Akademiyasına qəbul olmuşdur. 

Görülən bu və digər tədbirlər nəticəsində şəxsi heyətin sıralarında gənc kadrların xüsusi çəkisi artaraq 58 faiz, o cümlədən zabitlər içində 35,4 faiz, sıravi və kiçik rəis heyəti üzrə 68 faiz təşkil etmişdir. Sıravi və kiçik rəis heyətinin 18,4, orta və böyük rəis heyətinin isə 92 faizi ali təhsillilər olmuşlar. Son üç ildə 1907 əməkdaş xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak etmişdir.

Bildirilmişdir ki, təlimlərin təşkili zamanı xidməti fəaliyyətdən ayrılmanı istisna edən virtual tədrisə xüsusi diqqət yetirilmiş, bu məqsədlə nazirlikdə, Polis Akademiyasında və respublikanın 28 şəhər, rayon polis orqanında videokonfrans texnologiyasına əsaslanan interaktiv tədris sinifləri yaradılmaqla 10 mindən çox əməkdaş virtual təlimlərə cəlb olunmuşdur. 2012-ci ilin noyabrından etibarən ayrı-ayrı xidmətlərin təxminən 700 əməkdaşı “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunmuş kurslarda ixtisaslarını artırmışlar.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışmış, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildirmişlər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da bildirərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir.

Nazir xüsusilə vurğulamışdır ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə nəzarəti həyata keçirən komissiyaların fəaliyyəti canlandırılmalı, görülən işlər mütəmadi öyrənilməli, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan, habelə təkrar müraciətlərin səbəbləri diqqətlə araşdırılmalı, əməliyyat müşavirələrində müzakirə edilməklə prinsipial qiymət verilməlidir.

Gündəlikdəki ikinci məsələyə toxunan nazir Ramil Usubov bəzi ərazi qurumlarında xidmətə namizədlərin fərdi xüsusiyyətlərinin ətraflı öyrənilmədiyini, namizədlərin intellektual səviyyəsinin və fiziki hazırlığının yoxlanılmasına formal münasibət bəsləndiyini diqqətə çatdıraraq gənc əməkdaşlarla aparılan işin səmərəsinin yüksəldilməsini, bu sahəyə xüsusi diqqət yetirilməsini, onların hazırlıq səviyyəsinin artırılması üçün real iş aparılmasını, orqan və hissələrdə sağlam mənəvi-psixoloji mühitin, işgüzar əhval-ruhiyyənin qorunub saxlanılmasının vacib şərtlərindən olan ədalət prinsipinin tam təmin edilməsinin vacibliyini vurğulamışdır.

Nazir qeyd etmişdir ki, xalqımızın rifah halının daha da yaxşılaşmasını, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin durmadan yüksəlişini təmin edən vacib amillərdən biri Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, daxili sabitliyin dönməzliyinin, əmin-amanlığın etibarlı təmini olmuşdur. Daxili işlər orqanlarının şəxsi heyəti, Daxili Qoşunlar qanunvericiliklə üzərlərinə düşən bütün məsul vəzifələrin öhdəsindən ümumən layiqincə gəlmiş, vətəndaşların qanunla qorunan hüquqlarının təmin olunması, onların mülkiyyətini, təhlükəsizliklərini hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmiş, dövlətin konstitusion quruluşunun keşiyində ayıq-sayıq dayanmışlar. Cari ilin ötən dövründə əldə olunmuş müsbət nəticələr onu deməyə əsas verir ki, respublikamızda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması uğurla davam etdirilmiş, əməkdaşların və hərbi qulluqçuların peşəkarlıq, intellektual səviyyəsi daha da yüksəlmiş, vətəndaşların polisə inamı və dəstəyi artmışdır.

O, bir daha qeyd etmişdir ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir.

Daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət ölkənin qanunlarından, dövlətimizin başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında