Yerli özünüidarəetmədə demokratik ənənələr tətbiq olunur

 

 

 

Milli dövlətçiliyimizin son on illik təkamül tarixi bir daha sübut etdi ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ölkə başçısı, Prezident  İlham Əliyev tərəfindən böyük əzmkarlıqla həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı,  yerli özünüidarəetmə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olmuşdur.

Ölkəmizdə  dövlət quruculuğu siyasətinin sistemli şəkildə tənzimlənməsi, insan hüquq və azadlıqlarının konstitusion şəkildə qorunması vətəndaşların yerli özünüidarəetmə orqanlarının işində daha fəal qoşulmasına şərait yaratmış, yerli demokratiya quruculuğunda onların rolunu artırmışdır.       

Bu il noyabr ayının 25-dən start verilmiş “Azərbaycanda yerli demokratiya həftəsi”  də bələdiyyələrdə yerli demokratiyanın daha da möhkəmlənməsinə, yerli idarəçilik ənənələrinin təkmilləşməsinə yönəlmiş  belə tədbirlərdəndir. Ölkə bələdiyyələrində keçirilən “Azərbaycanda yerli demokratiya həftəsi”  tədbirlərinin ictimailəşməsini nəzərə alaraq məsələyə bir qədər də aydınlıq gətirmək yerinə düşər.

Qeyd edək ki,  “Azərbaycanda yerli demokratiya həftəsi”  2007-ci ildən başlayaraq Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin  tövsiyələrinə və Milli Assosiasiyaların 2008-ci ildə keçirdiyi Bələdiyyə Sədrlərinin II Ümumrespublika Toplantısının qərarına uyğun olaraq ölkədə hər il keçirilən bələdiyyə aksiyasıdır. Həftə çərçivəsində müxtəlif formatlarda reallaşdırılan tədbirlərdə əsas məqsəd bələdiyyələrdə demokratiyanın daha da möhkəmləndirilməsindən, vətəndaşların yerli demokratiya institutları barədə biliklərinin genişləndirilməsindən,  yerli səviyyədə qərarların qəbulu prosesində vətəndaş iştirakçılığının və fəallığının artırılmasından, son nəticə olaraq bələdiyyəçilik ənənələrinin təkmilləşdirilməsindən ibarətdir.

Bununla bağlı  təcrübə göstərir ki, bələdiyyələrin işinin səmərəliliyi ərazidə yaşayanlarla gündəlik təmasların qurulmasından, onların bələdiyyələrin işinə daha yaxından qoşulmasından, bələdiyyə həyatının bütün sahələrində  rəy və təkliflərinin öyrənilməsindən, eləcə də prioritet istiqamətlər seçilərkən onların nəzərə alınmasından, habelə   şəffaflığın təmin olunmasından çox asılıdır. Bələdiyyələrin vəzifəli şəxsləri və üzvlər də ictimai maraq doğuran yerli əhəmiyyətli məsələləri daim diqqət mərkəzində saxlamalı, görülmüş işlər barədə əhalinin mütəmadi olaraq  məlumatlandırılmasını da nəzərdən qaçırmamalıdırlar. Bu mənada həftə çərçivəsində vətəndaşlarla sosial məsələlərə dair hesabat xarakterli görüşlərin  davamlılığını təmin etmək  müsbət nəticə verə bilər.

Bu sahədə ölkəmizin yerli idarəetmə orqanlarında  artıq xeyli müsbət təcrübə toplanmış və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan bələdiyyələrində görülmüş işlər müsbət qiymətləndirilmişdir. Keçən il  vətəndaşlarla keçirilmiş 6700 görüşdə 500 mindən artıq vətəndaş iştirak etmiş, 45 minə yaxın fərdi qəbullar aparılaraq, bir sıra yerli əhəmiyyətli sosial sifarişlər öz həllini tapmışdır.

Digər bir məsələ isə  gənclər və yeniyetmələr arasında bələdiyyə biliklərinin artırılmasını, onların demokratiya sahəsində fikir və təfəkkürünün formalaşmasını diqqət mərkəzində saxlanılmasından ibarətdir.  2012-ci il yanvar ayına olan rəsmi statistika onu göstərir ki, Azərbaycan əhalisinin 9.235.000  nəfərinin 29 faizi 18-34 yaşda olan gənclərdir. Bütün bunları nəzərə alaraq biz bələdiyyə siyasətinin formalaşmasında ərazidə yaşayan gənclərin fəallığından, onların potensialından səmərəli istifadə etməliyik. Gənclər yaradılmış demokratik şəraitdən  faydalanmalı, bələdiyyə seçkiləri də daxil olmaqla  bütün seçki proseslərində fəallıq nümayiş etdirməli və təbiidir ki, gənc nəslin fəal vətəndaşlıq mövqeyi özünü yerli bələdiyyənin idarə olunmasında da göstərməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilən hesabat yığıncaqlarında  gənclərin təmsil olunması, yerli əhəmiyyətli məsələlərin müzakirəsinə onların fəal qoşulması, bunun  üçün hər cür şəraitin yaradılması bələdiyyənin vacib saydığı məsələlərdən olmalıdır.

Belə hesab edirik ki, paralel olaraq  təhsil alan gənclər arasında  bu işin təşkili prioritet seçilməlidir. Yaxşı olardı ki, bu sahədə bələdiyyələr il ərzində  orta məktəblərin pedaqoji kollektivi ilə sistemli iş qursunlar.  Gələcək fəaliyyətimizdə təhsil müəssisələrilə birgə gənclər və yeniyetmələr arasında  yerli hakimiyyətin formalaşması, onun  idarəçilik ənənələri haqqında vaxtaşırı müxtəlif xarakterli tədbirlərin keçirilməsi nəzərə alınmalıdır. Həmin tədbirlər sırasında bələdiyyə həyatına dair mühazirələr və müzakirələr, inşa yazı müsabiqəsi, seçki və seçici mədəniyyətinin formalaşmasına dair dəyirmi masalar, formal seçki keçirilməsi və sair bu kimi tədbirləri reallaşdırmaq olar. Milli Assosiasiyalar bu sahədə ölkə bələdiyyələrində mövcud olan təcrübədən yararlanmaq üçün bələdiyyələrimizə istənilən metodiki və əməli köməkliklər göstərməyə hazırdır.

İşə kompleks yanaşmaq baxımından bələdiyyələrdə gənclərlə bağlı fəaliyyət göstərən daimi komissiyanın imkanlarından səmərəli istifadə olunmalıdır. Komissiya öz işində fəal fəaliyyət yolu seçməli, təşəbbüslər irəli sürüb, onların reallaşmasına nail olmalıdır. Bütün bu işlər yerinə yetirilərkən rayon gənclər və idman idarələrinin  və dairə seçki komissiyalarının imkanlarından faydalanaraq gənclər üçün hakimiyyət və seçki məsələlərinə dair təlimlər keçirilə bilər. İcra strukturlarının, ədliyyə orqanlarının nümayəndələrinin, ərazidən olan Milli Məclis üzvlərinin iştirakı ilə nəzərdə tutulan tədbirlərdə hakimiyyət, seçki və vətəndaş fəallığı barədə  biliklərə yiyələnmək olar.

Düşünmək olar ki, bələdiyyələr belə tədbirləri həyata keçirərək vətəndaşlar arasında seçmək və seçilmək marağının artırılmasına, yerli idarəçilikdə vətəndaş fəallığının  artırılmasına nail ola bilərlər.

Sonda bir məqama da toxunmaq istərdim. Son illər Azərbaycanın rayonlarının, eləcə də  paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi siması xeyli dəyişib. Əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili yolların yenidən qurulması, sosial təyinatlı obyektlərin yaradılması və bərpası ilə yanaşı, qəsəbələrin inkişafını sürətləndirən sənaye istehsalı yönümlü  zavod və fabriklərin tikintisi və onların müasir avadanlıqla təchiz edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib.

Hazırda Bakı şəhərində avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri  üzrə layihələr reallaşdırılır.

Respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən bu abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin  imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun son dövrdəki uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədiyə rəhbərliyə gəlişindən sonra rayonda bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.

Xatırladım ki, rəhbərlik etdiyim Rəsulzadə bələdiyyəsi də bu tikinti-quruculuq, abadlıq işlərində yaxından iştirak etməklə  Binəqədi rayonunun simasının dəyişməsinə, gözəlləşməsinə, insanların güzəranının yaxşılaşmasına öz töhfəsini verməyə çalışır.

Hümbət HÜSEYNOV, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, texnika elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında