Erməni lobbisi erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində törətdiyi qanlı cinayətlərin ört-basdır edilməsi və bu haqda məlumatların beynəlxalq aləmdə yayılmasının qarşısının alınması, habelə erməni terrorçularının qəddar əməlləri barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışan şəxslərin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının susdurulması məqsədilə məkrli fəaliyyətini davam etdirir. Bu fəaliyyətin daha bir təzahürü özünü Rusiya Federasiyasının Krasnoyarsk şəhərində göstərmişdir.
Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsindən AzərTAc-a daxil olmuş bildirişdə qeyd edilir ki, 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda rus dilində nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcəkdir.
Krasnoyarsk Diyar Prokurorluğunun prokuroru M.M.Savçinin bildirişə əlavə olunmuş iddia ərizəsinə əsasən, 2013-cü il oktyabrın 3-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krasnoyarsk Diyarı üzrə İdarəsindən prokurorluğa diyarın ərazisində “Erməni terrorizmi” adlı nəşrin yayıldığı barədə məlumat daxil olmuşdur. Məlumatda qeyd edilmişdir ki, həmin nəşr Krasnoyarsk diyarında yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır.
V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində verilmiş “rəyə” əsasən, “nəşrdəki ayrı-ayrı mətnlər, onun giriş hissəsi, fotomateriallar və onlara şərhlər oxucuda (tamaşaçıda) ”erməni terrorizmi"nin mövcud olduğu və erməni millətindən olan qrup halında şəxslərin bütün dünyada milli mənsubiyyətə görə şəxslərə fiziki xəsarət yetirilməsi və ya onların məhv edilməsi, milli və dini zəmində düşmənçilik yaradılması və dəstəklənməsi üçün məqsədyönlü fəaliyyət göstərməsi haqqında qənaət formalaşdırılmasına istiqamətlənmiş qərəzli material seçimidir”.
Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşrin “ekstremist material” kimi tanınmasına dair məhkəmə qarşısında iddia qaldırmışdır. Prokurorluq məhkəmədən “Erməni terrorizmi” nəşrinin “ekstremist material” kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə Azərbaycan Respublikasının ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanmışdır. Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq mühafizə orqanları tərəfindən araşdırılmış, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilmişdir.
Məlum terror aktları barədə məlumat və fotoların toplandığı nəşrin Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən “ekstremist material” kimi qələmə verilməsi, həmçinin bu iddianın qanuniləşdirilməsi üçün həyata keçirilən əməli fəaliyyət Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olmuşdur. Çünki, Azərbaycan həmin kitab-albomda əksini tapmış bir sıra terror hadisələrinə özünün müasir tarixində bilavasitə məruz qalmış, digər terror faktlarına dair məlumatlar isə dünyanın müxtəlif ölkələrinin mətbuatında və başqa nəşrlərində işıq üzü görmüşdür. Bütün bunları təkzib etmək qeyri-mümkündür.
Bir müddət əvvəl Fransada “erməni soyqırımı”nı tanımamağın cinayət məsuliyyəti doğuran hal olması ilə bağlı müvafiq qanunun qəbul edilməsinə cəhd göstərilmişdi. Həmin qanunun qəbulu həm Fransa, həm də Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanmışdı. Əksər insan haqları təşkilatları hesab etmişlər ki, bu qanunun qəbulu insanların ifadə azadlığını və fikir plüralizmini kobud şəkildə poza bilər.
Buna görə də Rusiya hüquq-mühafizə orqanlarının tarixi faktları inkar etmək, obyektiv reallığı erməni lobbisinin maraqlarına uyğun dəyişdirmək, insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanlarını məhdudlaşdırmaq cəhdləri ictimai qınağa layiqdir. Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər.
Göstərilənləri nəzərə alaraq Rusiyanın aidiyyəti dövlət orqanlarının bu məsələyə müdaxilə edərək lazımi tədbirlər görəcəyinə ümid edirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.