Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım mərasimi

 

 

 

Azərbaycan Mətbuat Şurasında Həsən bəy Zərdabinin xatirə günü münasibətilə anım mərasimi keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, xalqımızın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür.

Mətbuat Şurası bir neçə il öncə Zərdabinin anım gününün keçirilməsi təşəbbüsünü qaldırdı və hər il 22 İyun Milli Mətbuat Günü ilə yanaşı, Həsən bəyin  dünyadan köçdüyü noyabrın 28-də də biz onun milləti qarşısındakı xidmətlərini yada salırıq. Kütləvi informasiya vasitələrimizin Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını misilsiz vətənpərvərlik nümunəsi kimi təqdim etməsi cəmiyyət üçün son dərəcə zəruridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb. Bu günlərdə fondun maliyyə dəstəyi ilə “Ziya” qəzetinin toplusu latın qrafikalı Azərbaycan əlifbası ilə kitab şəklində nəşr edilib. Fond “Azərbaycan mətbuat tarixi antalogiyası”nın da nəşrini reallaşdırıb. Ümumən, qurum bu  sayaq layihələrə hər zaman dəstək verir. Həsən bəy Zərdabi irsinin daha geniş miqyaslı tədqiqinə şərait yaratmaq qarşıda duran mühüm vəzifələrdəndir.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əkinçi” qəzetinin o dövrdə fəaliyyətə başlamasını, eləcə də iki il müddətində ömür sürməsini Həsən bəy Zərdabinin böyük hünəri adlandırıb: “Onun həyat yoluna nəzər salarkən aydın görünür ki, bu adam xalqı maarifləndirməyin ən müxtəlif yollarını nəzərdən keçirib və nəhayət, qəzet çapı üzərində dayanıb. Dahi mütəfəkkirin vaxtilə qaldırdığı məsələlər bu günümüz üçün də aktualdır. Zərdabi irsinin geniş xalq kütlələrinə çatdırılmasına hər zaman böyük ehtiyac duyulmaqdadır”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli çıxışında Həsən bəy Zərdabi irsinin araşdırıliması sahəsində görülən işlərdən söz açıb. Görkəmli alimin “heç olmaz ki, doğru söz yerdə qalsın” fikrinə müraciət edən N.Əhmədli bildirib ki, Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün məktəb rolunu oynamaqdadır.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə “Əkinçi” qəzeti ilə məhdudlaşmır. Bu mənada dahi mütəfəkkirin “Kaspi” qəzetindəki fəaliyyətindən də söz açan baş redaktor sonra diqqəti 1907-ci ilin 28 noyabr tarixinə yönəldib:  “Həsən bəyin dəfni böyük izdihamla yadda qalmışdı. Bu, xalqın öz ziyalısına, fikir adamına dəyəri baxımından fəxarət duyulası hadisə idi. 28 noyabr  tariximizə milli qədirbilənlik günü kimi də daxil olmuşdur”.

 

Tahir AYDINOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında