Azərbaycan telekanallarında yenilik: istənilən verilişi istənilən vaxt izləmək mümkün olacaq

 

Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açıqlama vermişdir.

N.Məhərrəmli qeyd etmişdir ki, bu xidmət “on demand” (tələbə görə) adlanır: “İnsanlar tutaq ki, hər hansı bir verilişi və ya futbol oyununu izləmək istəyir, amma həmin vaxt işdə olur və yaxud baxmağa vaxtı olmur. Belə olduğu halda həmin verilişi və ya oyunu əvvəlcədən sifariş edir və sonra vaxtı olanda baxır. Rəqəmsal yayıma keçiddən sonra bunlar tədricən Azərbaycanda da baş verəcək, yəni həmin xidmətlərdən istifadə etmək imkanları yaranacaq”.

MTRŞ sədrinin sözlərinə görə, bu xidmətlər ödənişli əsaslarla müəyyən qurumlar tərəfindən göstərilə bilər: “O xidməti təşkil edən qurumlar da olmalıdır, çünki bu, artıq biznes fəaliyyətidir. Yəni müəyyən qurumlar görəcəklər ki, bu, gəlirli biznes sahəsidir, onunla məşğul olacaqlar. MTRŞ bu işlə məşğul olmayacaq”.

N.Məhərrəmli əlavə etmişdir ki, hazırda rəqəmsal yayıma keçid prosesi davam edir: “Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xeyli işlər görmüşdür. Artıq Azərbaycan ərazisinin böyük hissəsi rəqəmsal yayımla əhatə olunmuşdur. Amma paralel şəkildə analoq yayım da davam edir. Təbii ki, həm rəqəmsal, həm də analoq yayımın paralel şəkildə davam etməsi uzun müddət davam edə bilməz. Çünki bu, maliyyə baxımından da ziyanlıdır. Burada əhalinin aztəminatlı hissəsi də nəzərə alınır. Biz bununla bağlı Azərbaycan hökumətinə müraciət etmişik. O müraciət gündəmdədir və bildiyimə görə, müsbət həll olunacaq. Yəni, əhalinin həmin aztəminatlı hissəsi üçün dekoderlərin alınması məqsədilə maliyyə vəsaiti ayrılarsa, biz rəqəmsal yayıma keçid prosesini istənilən an başa çatdırmağa hazırıq. Ola bilsin ki, 2013-cü ildən sonra müəyyən qədər analoq yayım da rəqəmsal yayımla paralel şəkildə davam etsin”.

Qeyd edək ki, əvvəllər 2013-cü ilin sonuna qədər rəqəmsal yayıma keçidin tam başa çatdırılması planlaşdırılırdı.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında