Paytaxt Bakı və ətraf qəsəbələri gündən-günə dəyişir, yeniləşir, gözəlləşir. Yaşayış binalarından tutmuş uşaq bağçalarına, tələbə yataqxanalarınadək bütün obyektlər təzədən qurulur, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyəti yüksəlir, şəhərin müasir kommunikasiya texnologiyaları ilə tam təmin olunması reallaşdırılır. Şübhəsiz, Bakı Metropoliteni də bu dəyişikliklərdən kənarda deyil.
Xatırladım ki, bu gün ictimai nəqliyyatın ən rahat və əlverişli növü sayılan metro 1967-ci il noyabrın 6-dan istismardadır. Ötən müddətdə Bakı metrosu xeyli böyümüş, inkişaf etmişdir.
Hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34,56 kilometr olan 2 xəttdən, 23 stansiyadan ibarətdir. Stansiyaların 7-si böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4500 metrdən artıq olan beş tipli 54 eskalator işləyir. Tunel tikililərinin ümumi uzunluğu 92 kilometrə yaxındır. Bakı Metropoliteninin nadirliyi odur ki, xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır.
Metropolitendə istehsalat proseslərinin kompyuterləşdirilməsi işin operativliyini xeyli artırmışdır. Daim gəncləşən, müasirləşən Bakı Metropoliteninin uğurlu inkişafı ümummilli lider Heydər Əliyevin, son 10 ildəki inkişafı isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Bakı Metropoliteninin inkişafına və təchizat məsələlərinə xüsusi qayğı göstərmişdir. Bununla belə, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə metropolitenin maddi-texniki bazası xeyli zəifləmiş, böyük çətinliklər yaranmışdı. Bütün problemlər ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra tədricən yoluna düşmüş, iflic vəziyyətində olan Bakı metrosunun fəaliyyətində qısa müddətdə böyük dönüş yaranmışdır. 1998-ci ildən isə Bakı Metropoliteninin dünya standartlarına uyğunlaşdırılması prosesinə də başlanılmışdır.
Əsaslı vəsait qoyuluşu hesabına metropolitenin vaqon parkı tamamilə yenilənmişdir. Mıtişşinin “Metrovaqonmaş” Səhmdar Cəmiyyətindən münasib şərtlərlə 2002-2003-cü illərdə 50, 2004-2013-cü illərdə 116 yeni vaqon alınmışdır. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 2 dəqiqəyədək azaltmağa imkan vermişdir. Metropoliten üçün istənilən mürəkkəb geoloji-hidrogeoloji şəraitdə müvəffəqiyyətlə işləyən “Robbinus” qazma qurğusu, yolun təhlükəsizliyini artıran “K-900A” markalı rels qaynaqedən aqreqat, eləcə də digər müasir texniki avadanlıqlar və cihazlar alınmışdır. Təmir-bərpa işlərində də müasir texnologiyalar tətbiq olunur.
Metro tikintisi və mövcud stansiyaların müasirləşdirilməsi bu gün də davam etdirilir. Fransanın zəngin təcrübəyə malik “SYSTRA”, İngiltərənin dünyada tanınan “Mott McDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə Bakının yeraltı dəmir yolları şəbəkəsinin beynəlxalq standartlara uyğun səviyyədə inkişaf etdirilməsi üçün birgə iş görülür. Metropolitenin 20 illik inkişaf planına əsasən, yeraltı dəmir yolu xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xəttdən ibarət olacaq. Stansiyaların ümumi sayı 73-ə çatdırılmaqla, xətlərin ümumi uzunluğu 119 kilometr təşkil edəcək. Başqa sözlə, 50 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulub.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun bildirdiyinə görə, gələn il isə metronun “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyaları sərnişinlərin istifadəsində olacaq. Ümumiyyətlə, “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıdakı 3 il ərzində iki xətt üzrə ən azı 8 stansiya istismara veriləcək.
Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının əlavə çıxışlarını da 2014-cü ildə istifadəyə vermək nəzərdə tutulur. Məlumdur ki, bu stansiyaya yaxın ərazilərdə bir sıra ali məktəblər, Azərbaycan Milli Elmlər Akademiyası, çoxsaylı dövlət müəssisə və idarələri yerləşir. Stansiyanın əlavə çıxışlarının inşası bəzi çətinliklərlə bağlı olsa da, müasir texnologiyalardan istifadə edilməsi sayəsində həmin problemlər həll edilir.
Məlumat üçün bildirək ki, layihəyə əsasən, əlavə 4 çıxış tikilir. Onlardan ikisi Bakı Dövlət Universitetinin qarşısında, digər ikisi avtomobil yollarının kənarında yerləşəcək.
Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Bu da metroda gediş haqqı ilə bağlıdır. Son illər metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması, metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınmışdır. Halbuki yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik təşkil edir.
Bakı Metropoliteninin fəaliyyəti ölkə rəhbərliyi ilə yanaşı, beynəlxalq qurumlar tərəfindən də daim yüksək qiymətləndirilir. İsrailin paytaxtı Təl-Əvivdə “Qızıl arabacıq” (“Golden Chariot”) beynəlxalq nəqliyyat mükafatına layiq görülənlər arasında Bakı Metropoliteni də var. Bu mükafata Bakı Metropoliteni sərnişinlərə göstərdiyi nümunəvi xidmətə, həmçinin son illərdə təhlükəsizlik və xidmətin səviyyəsinin artırılması ilə bağlı səmərəli layihələr həyata keçirdiyinə görə layiq görülmüşdür.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.