Möhtərəm Prezidentimiz İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində dövlət başçısı bildirdi: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini ”Jurnalistlərin dostu" adına sizin layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur." Demokratik dövlət quruculuğu yolunda Azərbaycanın atdığı addımların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi ötən illərdə söz, mətbuat azadlığının təmin olunması, azad KİV-in inkişafı prioritet istiqamətlərdən biri olub. Günün reallıqlarına düzgün dəyər vermək üçün ötən illərə diqqət yetirməyə, obyektiv təhlil aparmağa zərurət duyulur. 22 illik müstəqillik tarixi olan ölkəmizin ilk illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı bu illərdə demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-in inkişafı üçün geniş imkanlar açan ulu öndər imzaladığı sərəncamlarla cəmiyyətdə sərbəst informasiya bolluğu yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” söyləyən Prezident Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrin təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2001-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
“Mətbuat cəmiyyətin güzgüsüdür” deyimi ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Onun peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına xələl gətirməsin. Bu insan humanist olduğu qədər də ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə o, açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə onların xidmətlərinin xalq, dövlət üçün önəmini cəmiyyətə göstərirdi.
Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur. Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların fəxri adlarla təltif olunmaları və bu kimi bir-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Cari ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.
Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
Dövlət başçısı İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində bildirdi ki, XXI əsr informasiya mübarizəsi əsridir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, internetin mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir. İstər ölkə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları ilə dolğun məlumatlandırılmasında, təbii ki, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha dərindən başa düşülər.
Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın bəzi dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün ölkə KİV-i belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.
Mərasimdə mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərək Prezident İlham Əliyev bildirdi ki, “Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır”. Prezidentimiz onu da bildirdi ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq.
Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdiyi ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdəti nəzərə alınmaqla ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində, təbii ki, müxtəlif baxışlar, siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.
Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətimizin siyasətinin əsasını təşkil edir. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.
Hər bir demokratik cəmiyyətdə müxalifətin olması mütləqdir. Amma söhbət sağlam müxalifətdən gedir. Müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti bu məsələyə yönəltdi: “Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir.“Təbii ki, daxili məsələlər ölkə xaricində müzakirə olunanda fərqli yanaşmaların, rəylərin yaranmasına səbəb olur. Əfsuslar olsun ki, daxildə belə qüvvələr mövcuddur və Azərbaycan haqqında əks təbliğat kampaniyası aparmağı bir növ özləri üçün fəaliyyət istiqaməti seçiblər. Azərbaycanın hər bir uğuruna qara eynəkdən baxmaq, atılan addımların mahiyyətini azaltmaq üçün müxtəlif yollara əl atmaq həmin ünsürlər üçün vərdişə çevrilib. Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Dövlət başçısı İlham Əliyev bu tövsiyəsini bildirdi ki, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, bu, cəmiyyətimiz üçün də faydalı olar.
Demokratik cəmiyyətdə hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir. Aparılan siyasətlə, ölkənin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlərin olmasını normal qəbul edən dövlət başçısı İlham Əliyev bir əsas məqamı unutmamağı da tövsiyə edir: “Ancaq bu məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.”
Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi ki, media nümayəndələri, iqtidar-müxalifət məsələləri öz aralarında həll etməlidirlər. Dövlətin mətbuata diqqət və qayğısında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Jurnalistlər üçün mənzillərin bölünməsi bunun bir daha təsdiqi oldu.
Mətbuat cəmiyyətin güzgüsü kimi problemlərlə bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə etdi ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaq: “Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.”
Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz, təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlara əsaslanır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, şəffaflıq hər bir sahədə yüksək səviyyədə təmin olunmalıdır. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, həllini gözləyən məsələləri qabartmaqla onların çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır.
“Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində çıxışlarda jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli kanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını qeyd edən möhtərəm Prezidentimiz onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirdi.
Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev yekun nitqində bu məsələyə münasibətini xüsusi qeyd etdi: “Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz”.
Vüqar RƏHİMZADƏ,
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru, əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.