Qədim İpək Yolu: əfsanədən reallığa çevrilən tarixi layihə

 

 

 

 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün qiymətləndirən ulu öndər xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının birgə  mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına vacib məsələ kimi baxırdı. Ona görə də ölkədə iqtisadi inkişafın sürətləndirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı və 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirildi.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ümumilikdə neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında  lokomotiv rolunu oynamağa başladı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Keçid mərhələsində reallaşdırılan  iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Azərbaycan Respublikası beynəlxalq bazarlara çıxmaq məqsədilə təhlükəsiz və səmərəli nəqliyyat birləşmələrinin inkişafına çox böyük üstünlük verirdi. Tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.

1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlandı. Məhz həmin proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans 1998-ci ilin sentyabrında Bakıda keçirildi.

Ötən müddətdə bu beynəlxalq tədbirdə irəli sürülmüş vəzifələrin icrası istiqamətində çox mühüm addımlar atılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin avqust ayında Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirmişdir ki, nəqliyyat və energetika sektorundakı işləri bir-birindən ayırmaq mümkün deyil. Qədim İpək Yolunun bərpası artıq reallıqdır. Dövlət başçısının sözlərinə görə, bu layihələr bizim xalqlarımızı, iqtisadiyyatımızı birləşdirir və neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır: “Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və bizim ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda mütləq gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, bizim ölkələrimiz tranzit ölkələrinə çevriləcəklər. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində bizim xalqlarımıza xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. 

Azərbaycanın sürətli inkişaf dinamikası yeni-yeni qlobal layihələrin həyata keçirilməsinə imkan verir. Bu, ölkəmizin iqtisadi qüdrətini artırmaqla bərabər, onun dünyada baş verən hadisələrə təsir imkanlarını da artırır. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi, çoxşaxəli regional infrastruktur sisteminin yaradılması buna misal ola bilər.

Ümumiyyətlə, enerji təchizatının şaxələndirilməsi prioritet kimi həmişə Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Dövlətimizin enerji siyasətinin əsas məqsədi qaz ixrac boru kəmərləri şəbəkəsini genişləndirməklə yaxın-uzaq ölkələrə etibarlı çıxış əldə etməkdir. Azərbaycan ilə Türkiyə arasında TANAP - Trans-Anadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması bu baxımdan mühüm addımdır. “Cənub enerji dəhlizi” layihəsinin əsasını təşkil edən TANAP Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daşıyır. Qısa bir zamanda beynəlxalq birliyin enerji gündəmində qərar tutmuş TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırdı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsinin praktik həllinə mühüm təkan oldu. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr həcmində planlaşdırılır. Gələcəkdə “Şahdəniz-2" layihəsi və Xəzərin Azərbaycan sektorundakı digər yataqlarından hasil olunacaq qaz artdıqca bu göstərici də dəyişə  bilər.

Azərbaycan dövləti təkcə karbohidrogen ehtiyatı ixracının  şaxələndirilməsi ilə vəzifəsini bitmiş hesab etmir. Digər mühüm vəzifə ölkə sahibkarlarının ixrac potensialının daha da  artırılmasıdır. Bu vacib vəzifəni yerinə yetirmək üçün isə yeni nəqliyyat-kommunikasiya layihələri  ləngimədən reallaşdırılmalıdır. Heç şübhəsiz, qədim İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, 2014-cü ildə istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə Ələt qəsəbəsində tikilməkdə olan Beynəlxalq Dəniz Ticarət Limanı ixracın genişləndirilməsinə mühüm töhfə olacaqdır.

Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin yenidən  qurulması və  nəqliyyat sektorunun səmərəli idarə olunması ölkədə uğurla həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Məlum olduğu kimi, bu siyasətin əsas mahiyyəti yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına artmaqda olan tələbatı təmin etməkdən, ölkəmizin əlverişli coğrafi mövqeyi və geniş tranzit imkanlarını tam istifadəyə verməkdən ibarətdir.

Hazırda Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Bu ilin birinci yarısında ölkədə Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.

Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilmişdir.

Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil. Bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar sahələr üzrə infrastruktur layihələri barədə bir neçə əsas məqamları və görülmüş işləri diqqətə çatdırmaq istərdik. Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması üzrə xeyli iş görülmüşdür. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulmuşdur. Layihə başa çatdıqdan sonra dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin isə  saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.

Hazırda Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilmiş və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq  2014-cü ildə başa çatdırılacaqdır.

Burada diqqətçəkən bir məqama da toxunmaq yerinə düşər. Bu il oktyabr ayının 29-da İstanbuldakı Üsküdar meydanında Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Yaponiyanın Baş naziri Şinzo Abe, Somali Prezidenti Həsən Şeyx Mahmud və dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə Mərmərə dənizinin 1400 metr dərinliyindən 13,6 kilometr uzunluğunda çəkilmiş “Marmaray” dəmir yolu layihəsinin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının nümayəndə heyətinin də iştirak etdiyi mərasimdə bildirilmişdir ki, dənizaltı bu xətt tunel vasitəsilə Avropa və Asiya qitələrini bir-birinə bağlayaraq, saatda 75 min, gündəlik isə 1 milyona yaxın sərnişin daşınmasına imkan verir. Sözügedən mərasimdə vurğulanmışdır ki, müasir İpək Yolu kimi qiymətləndirilən və Londonla Pekini birləşdirəcək nəhəng kommunikasiya xəttinin iki mühüm vəsiləsi var: bunlardan biri “Marmaray”, digəri isə tikintisi uğurla davam edən Bakı-Tbilisi-Qars layihələridir.

Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi də uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılmışdır və quruda tikinti işləri davam etdirilir. 2014-cü ildə birinci kompleks - Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaqdır.

Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli yollar tikilmiş və təmir olunmuş, avtomobil yollarında 158 körpü inşa edilmişdir. Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. 2014-cü ildə Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.

Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır.

Su nəqliyyatı sahəsində dövlət büdcəsi hesabına son 5 il ərzində 4 tanker və 5 bərə alınaraq istismara verilmişdir.Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2008-2012-ci illər ərzində “Azərbaycan Hava Yolları” QSC tərəfindən “Boeing”, “Airbus” və “Embraer” tipli 16 sərnişin təyyarəsi və 3 helikopter alınmış və yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır. Azərbaycanın əsas regional mərkəzlərində (Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) beynəlxalq hava limanları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.

2013-cü ilin yanvar- sentyabr aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 161,6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox yük, 1,3 milyard nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 6 faiz, dəmir yolu ilə 0,1 faiz, hava nəqliyyatı ilə 87,2 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8,1 faiz artmışdır.

Son 5 il ərzində bütün nəqliyyat növləri ilə 688 milyon ton yük, 7,1 milyard nəfər sərnişin daşınmışdır. Yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 faiz və 7,1 faiz təşkil etmişdir. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi 7,3 milyard manat təşkil etmiş və əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2013-cü ilin yanvar-avqust aylarında dünyanın 144 ölkəsi ilə 23,1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmış, onun 88,8 faizi və ya 20,5 milyard dolları uzaq xarici ölkələrlə, 2,6 milyard dolları MDB dövlətləri ilə həyata keçirilmişdir. İlin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 16 milyard dollarlıq mal ixrac olunmuş, onun 94,5 faizi və ya 15,1 milyard dollarlığı uzaq xarici dövlətlərə, 0,9 milyard dollarlığı və ya 5,5 faizi MDB üzvü ölkələrinə göndərilmişdir.

Ölkəyə idxal olunmuş məhsulların dəyəri 7,1 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5,4 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1,7 milyard dollar olmuşdur. Səkkiz ay ərzində 8,8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9,7 milyard dollarlıq müsbət, MDB dövlətləri ilə 852,4 milyon dollarlıq mənfi saldo yaranmışdır.

Beynəlxalq maliyyə qurumlarının və iqtisadçı ekspertlərin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatında dinamik inkişaf qarşıdakı illərdə də davam edəcəkdir. 2015-ci ildə ölkədə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə 7,8 faiz səviyyəsində proqnozlaşdırılır. Heç şübhəsiz, bu inkişafın təmin olunmasına əfsanədən reallığa çevrilən qədim İpək Yolu da öz layiqli töhfələrini verəcəkdir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında