Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Manara” jurnalında Azərbaycanın son on ildə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs olunur

 

 

 

Birləşmiş Ərəb Əmirliklərində geniş oxucu kütləsinə malik, Fransa, Böyük Britaniya, Almaniya, Küveyt, Suriya, Misir, Livan və Tunisdə yayımlanan “Əl-Manara” jurnalının 128-ci sayında respublikamızın son on ildə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlar barədə məqalələr dərc olunmuşdur.

Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, “Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 33,6 milyard dollardır” və “Azərbaycan regional səviyyədə investisiya üçün cəlbedici bir iqtisadi istiqamətə çevrilir” sərlövhəli məqalələrdə ölkəmizin dinamik inkişafından söhbət açılmışdır. Qeyd edilmişdir ki, Prezident İlham Əliyev ötən 10 ildə Azərbaycanı regionun iqtisadi baxımdan ən qüdrətli dövlətinə, eyni zamanda, xarici investisiyalardan asılı ölkədən sərmayə qoyan ölkəyə çevirmişdir. Azərbaycanın maliyyə potensialı 2004-cü ildən etibarən ildən-ilə güclənmiş, iqtisadiyyatın sürətli inkişafı ölkənin maliyyə imkanlarının genişləndirilməsinə və xarici ölkələrə investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasını təmin etmişdir.

Ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən və sürətlə inkişaf edən özəl şirkətlər yaranmışdır. Bu holdinqlər yalnız Azərbaycan iqtisadiyyatı ilə kifayətlənməyib xarici ölkələrdə də yatırımlar qoymağa başlamışdır. Həmçinin, dövlət şirkətləri imkanlarını genişləndirərək xarici bazarlara çıxmışdır. Nəticədə Azərbaycan Avropa ölkələri, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə iri kapital qoyuluşları həyata keçirən investor ölkəyə çevrilmişdir.

Bildirilmişdir ki, son illər ərzində Azərbaycan xaricə 10 milyard dollardan çox investisiya qoymuşdur. Bu investisiyalardan 5 milyard dollardan çoxu Türkiyəyə, bir milyard dollara yaxını isə Gürcüstana yatırılmışdır. Dünyanın nüfuzlu maliyyə institutları qarşıdakı dövr ərzində Azərbaycanın investisiya potensialının daha da güclənəcəyini qeyd edirlər. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan sırf xarici sərmayə qoyan ölkəyə çevriləcəkdir.

Vurğulanmışdır ki, Prezident İlham Əliyev Azərbaycanı sərmayə qoyan ölkəyə çevirmək yönündə ardıcıl addımlar ataraq Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) cəmlənən vəsaitlərin bir hissəsini dünyanın iri şəhərlərində kommersiya əhəmiyyətli daşınmaz əmlaka yatırmaq qərarı vermişdir. Dövlət başçısının bu qərarına uyğun olaraq ARDNF Avropa və Asiyanın mərkəzi şəhərlərində ofis tipli daşınmaz əmlaka investisiya qoymaq üçün işlərə başlamışdır. 2012-ci ilin dekabrında ARDNF daşınmaz əmlaka ilk investisiyasını həyata keçirmişdir. Fond Londonun West End səmtində yerləşən və dəyəri 217 milyon avro olan ofis kompleksini almışdır. ARDNF 2012-ci ilin dekabrında Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksini də satın almışdır. Fond həmçinin Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16" ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzini də satın almışdır.

2003-cü ilə qədər ancaq Azərbaycan daxilində neft-qaz hasilatı ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu siyasətin nəticəsi olaraq dünyanın onlarla ölkəsində işgüzar əlaqələr yaradan qlobal əhəmiyyətli enerji şirkətinə çevrilmişdir. Şirkət Azərbaycanda neft-qaz hasilatından əldə etdiyi gəlirlərin bir hissəsini xarici ölkələrdə ölkəmizin strateji maraqlarına xidmət edən layihələrə investisiya kimi yatırmağa başlamışdır.

Yazılarda qeyd olunur ki, İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin inkişafıdır. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılmış və elə həmin il dövlət başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalamışdır. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq cari il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1" uğurla orbitə buraxılmışdır.

Prezident İlham Əliyevin Azərbaycanın uzunmüddətli inkişafına yönəlmiş siyasətinin nəticəsi olaraq turizm sahəsinin canlanması beşulduzlu otellərin sayının dəfələrlə artması ilə yanaşı, dünyanın ən məşhur hotel brendlərinin də ölkəyə gəlməsinə imkan yaratmışdır. Ötən 10 il ərzində hotellərin və hotel tipli müəssisələrin sayı dəfələrlə artmışdır. Həmin artım həm də “Hilton”, “JV Mariott”, “Kempinski” , “Fairmont”, “Excelsior”, “Four Seasons”, “Sheraton” , “Jumeirah”, “Fairmont” kimi dünyada məşhur hotel brendləri altında istifadəyə verilən beşulduzlu hotellərin sayı hesabına olmuşdur.

Azərbaycan həm məşhur brendlərdən olan hotellərin sayına, həm də ümumiyyətlə beş ulduzlu hotellərin sayına görə regionda lider ölkəyə çevrilmişdir.

Məqalələrdə oxucuların diqqətinə çatdırılır ki, 2003-2013-cü illəri əhatə edən dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində ümumi artım dinamikası müsbət olmuşdur. 2005-ci ildə xarici ticarət dövriyyəsi artıq 8.55 milyard ABŞ dollarına yaxın olmuşdur. Həmin il ölkədən 4.35 milyard dollarlıq mal ixrac edilmiş, idxal isə 4.2 milyard ABŞ dolları təşkil etmişdir. Beləliklə, xarici ticarətdə müsbət saldo yaranmış və 146 milyon dolları keçmişdir. Həmin il Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələrin sayı 137-yə çatmışdı. 2004-cü ilə nisbətən 2005-ci ildə ixrac əməliyyatlarının həcmi 20 faizdən çox, idxal əməliyyatlarının həcmi isə 19,4 faiz artmışdı.

2012-ci ilin rəqəmlərinə əsasən, xarici ticarət dövriyyəsi 33.6 milyard ABŞ dollarına yaxın olmuş, bunun 23.9 milyard dolları ixracın, 9.6 milyard dolları idxalın payına düşmüşdür. İxrac-idxal əməliyyatlarında müsbət saldo davam etmişdir. Ticarət əməliyyatlarının aparıldığı ölkələrin sayı 155-ə çatmışdır. Beləliklə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 ildə xarici ticarət dövriyyəsinin həcmi 6.6 dəfə artmışdır.

Ötən 10 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənmişdir. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı qəbul edilmişdir. Bu plan Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır.

Qeyd olunur ki, hasilatın artımı ilə paralel olaraq Azərbaycanın neftdən əldə etdiyi gəlirlər də sürətlə artmış, Azərbaycanın neftdən il ərzində əldə etdiyi gəlir ilk dəfə 2006-cı ildə 1 milyard ABŞ dollarını ötmüşdür. 2008-ci ildə isə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı üçün investisiya borcları bütünlüklə ödənilmişdir. Nəticədə Azərbaycanın neftdən əldə etdiyi gəlirlər də kəskin artaraq həmin ilin sonunda 11 milyard manat (təqribən 14 milyard ABŞ dolları) təşkil etmişdir. 2012-ci ilin birinci yarısında isə Azərbaycan artıq 61 milyard manata yaxın (78 milyard ABŞ dolları) neft gəliri əldə etmişdir.

Proqnozlara əsasən, neftin qiyməti 80 ABŞ dolları səviyyəsində qalacağı təqdirdə 2024-cü ilin sonlarınadək neftdən gələn gəlirlərin həcmi 145 milyard 300 milyon ABŞ dollarına çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında